Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hərəkət iştirakçılarına Yol hərəkəti qaydalara ciddi əməl etmələri, yollarda təyin edilən sürət həddini aşmamaları, təhlükəli manevr hərəkətləri etməməyi və avtomobildə təhlükəsizlik kəmərindən istifadənin vacibliyi barədə dəfələrlə məlumatlar verilməsinə baxmayaraq bəzi sürücülər hələ də, kobud qayda pozuntuları törədərək ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurlar.
Bu barədə Teleqraf.com-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
“Bir daha bütün sürücüləri yollarda sürət həddinə riayət etməyə və təhlükəli manevrlər etməməyə çağırırıq. Unutmayaq ki, ağır yol nəqliyyat hadisələrinə səbəb olmağınız hüquqi məsuliyyətlə yanaşı bir ömür vicdan əzabı çəkməyinizə və peşmançılıq hissi yaşamağınıza səbəb olur. Belə peşmançılıqlar olmasın deyə vaxtında qaydalara əməl etmək vacibdir. Təəssüf ki, dünən Bakı Şəhəri Kənar Dairəvi yolda sürət həddini aşaraq manevretmə qaydasını kobud şəkildə pozan sürücünün törətdiyi qəzada bir nəfər həlak olub” – deyə məlumarda qeyd olunub.
Bildirilib ki, həmin qəzanı törədən "KİA"markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Seyidov Namiq Mirqasım oğlu DYP əməkdaşları ilə söhbət zamanı sükan arxasında məsuliyyətsizlik etdiyini, tələsdiyi üçün kobud şəkildə manevretmə qaydasını pozduğunu etiraf edib: “İşə çox vaxt həmin yolla gedirəm və həmin yolda radarların yerini bilirəm. Radara çatanda sürəti azaldıb sonra yenidən artırıram. Nə yalan deyim? O yolda avtomobili 120 km/saatdan aşağı sürətlə demək olar heç kim idarə etmir. Sadəcə mənim ağılsızlığım orda oldu ki, yük maşınını sağdan keçdim. Keçməsəm düz yol ilə gedirdim. Baş verən hadisədə təhlükəsizlik kəməri sayəsində sağ qaldığını vurğulayan sürücü sərnişin xanım da təhlükəsizlik kəmərini taxsaydı bəlkə heçnə olmazdı deyə vurğulayıb”.
Qeyd edək ki, ölən şəxsin iki azyaşlı övladı var.