Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin ölkə ərazisində topdan satışının qarşısının alınması istiqamətində əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, külli miqdarda pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə Gürcüstan Respublikasından ölkəyə gətirilərək Gəncə şəhərində yerləşən gizli anbarda topdansatışının təşkil olunduğu barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub.
Həmin ünvanda həyata keçirilən tədbir nəticəsində pirotexniki vasitələrin topdansatışını təşkil edən 1985-ci il təvəllüdlü İlham Zakiroğlu saxlanılıb.
Müəyyən olunub ki, adıçəkilən şəxs pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə hissə-hissə ölkəyə keçirəndən sonra Gəncə şəhərinə gətirərək respublikanın müxtəlif rayonlarına və “Sədərək” Ticarət Mərkəzində mağazalara topdansatışını təşkil edib.
İlham Zakiroğluna məxsus anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman külli miqdarda yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Əməliyyat zamanı aşkar olunan pirotexniki vasitələrin “qara bazar”da satış qiyməti 300 min manatdan artıqdır.
Xatırladaq ki, tezalışan maddələr və pirotexniki vasitələrdən insanların sağlamlığı ilə yanaşı ətraf mühitə qarşı da ciddi təhlükədir.
Bu vasitələr insanda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına və müxtəlif dərəcəli yanıqlara yol aça bilər.