19 Mart 09:16
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlıda narkokuryerlik edən şəxsdən 8 kiloqram heroin və marixuana aşkar edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən paytaxt sakini Əliyev Gülməmməd saxlanılıb. Ondan 8 kiloqram marixuana və heroin aşkar edilib.

G.Əliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb edildiyi müəyyən olunub.

Bundan başqa Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının son bir həftə ərzində keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb.

Həmçinin, Araz çayının sahilindən 1 ədəd F-1 qumbarası, 44 ədəd patron aşkar edilib.

Rayon sakini olan 11 nəfər müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Həyata keçirilən digər tədbir zamanı rayonun Yeni Novruzlu kəndi ərazisində yerləşən evlərdən birindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxsin Sabirabad sakini, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Abbasov Emin olduğu da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov