ATƏT-in xüsusi iclasında Nalbandyana tutarlı cavab verilib
Martın 11-də ATƏT-in Daimi Şurasının iclasında çıxış edən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif etməyə çalışıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən sözügedən iclasda çıxış edilərək aşağıdakı əsas məqamlar bildirilib:
- ATƏT-in Daimi Şurasının bu xüsusi toplantısı Ermənistan tərəfinə zor tətbiq etməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması halları ilə bağlı ATƏT üzv dövlətlərinin artan narahatlıqlarını anlamaq üçün nadir imkan yarada bilər;
- Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə sadiqdir və bu sahədə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir;
- Amma Vyanada ATƏT-in Minsk Qrupunun tam formatda müntəzəm görüşlərinin bərpası dialoq üçün ehtiyac duyulan bir platforma rolunu oynaya bilər;
- Ermənistan beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin prezidentlərinin çağırışlarına cavab olaraq, dərhal hərtərəfli və strukturlaşdırılmış danışıqlara başlamalıdır;
- Ermənistan prezidentlərin Paris görüşündə razılaşdırıldığı kimi Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər barəsində məlumat mübadiləsini təmin etməlidir;
- Ermənistan tərəfindən qanunsuz şəkildə girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməlidir;
- Ermənistanın münaqişə zonasındakı fəaliyyəti danışıqlarda irəliləyişə nail olunmasına mane olur. Paris görüşündən bir neçə gün sonra Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən genişmiqyaslı hərbi təlimlərin keçirilməsi Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutmuş son üç görüşdə müşahidə edilən hər hansı müsbət dinamikanı təhdid etdi. İşğal edilmiş ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılmasının davam etdirilməsinə paralel olaraq, bu ərazilərdə qanunsuz olaraq təbii sərvətlərin istismarı, dövlət və özəl mülkiyyətin qanunsuz mənimsənilməsi halları göstərir ki, Ermənistanın əsl məqsədi status-kvonu möhkəmləndirmək və Azərbaycan ərazilərinin işğalını davam etdirməkdir. Yerli Azərbaycan əhalisinin iştirakı olmadan qondarma “parlament seçkiləri” keçirilməsinə dair plan da Ermənistanın münaqişənin həllinə münasibətdə “fait accompli” yanaşma cəhdinin daha bir bariz nümunəsidir;
- Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistan hərbi birləşmələrinin mövcudluğu həm danışıqlarda irəliləyişə nail olunması, həm də münaqişə zonasında etimadın yaradılmasına ən ciddi maneə olaraq qalır. Bu, cəbhə xətti və Ermənistan və Azərbaycan sərhədi boyunca artan insident və sistemli atışmaların yeganə səbəbidir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması münaqişə tərəfləri arasında etimadı əhəmiyyətli dərəcədə gücləndirəcək və danışıqlar prosesində yeni imkanlar yaradacaq;
- Münaqişə zonasının hərbisizləşdirilməsindən sonra etimadın yaradılması, münaqişədən zərər görmüş ərazilərin reabilitasiyası və azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtması üçün zəruri şərait yaranacaq. Təbii ki, münaqişədən əziyyət çəkmiş Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında dialoqun bərpasına nə qədər tez başlasaq, hər iki icmanın birgə dinc yanaşı yaşaması üçün şanslar bir o qədər tez yaranar;
- Ermənistanın mövcud status-kvoya arxayın olması tarixi səhvdir. Ermənistanın on illiklər boyu davam edən siyasəti Ermənistanı regional inkişafdan məhrum edir;
- Azərbaycan və Ermənistan arasında artan iqtisadi, siyasi və sosial fərqlərə baxmayaraq, biz qonşuluğumuzda kiçik, təcrid olunmuş və demək olar ki, bütün qonşularına qarşı ərazi iddiası olan təcavüzkar dövlətin mövcudluğunda maraqlı deyilik;
- ATƏT-in bütün üzv dövlətləri Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindən öz qoşunlarını çıxarmağa və böyük sülh sazişi üzərində işə başlamağa vadar etməlidirlər.
Səxavət