17 Mart 2015 13:38
2 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumətin hesabatının müzakirəsi zamanı çıxış edən deputat Fazil Qəzənfəroğlu müəllimlərin və həkimlərin, eləcə də neftçilərin əmək haqqının artırılmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, deputat pensiyaçı olan müəllimlərin taleyin ümidinə buraxıldığını bildirib: “Azərbaycan müəllimi məktəbdən ayrılandan sonra hansısa vəsaitə sahib olmur. Müəlimlərin maaşının artırılması ilə bağlı yanvar ayında verilən qərar hələ də icra olunmayıb. Pensiya yaşında olan müəllimlər taleyin ümidinə buraxılıb. Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi də həll edilməlidir. Bu gün böyük əksəriyyət işsizdir. Səhiyyə sahəsində islahatlar gedib. Amma icbari tibbi sığortanın tətbiqinə dairə ciddi qərar verilməlidir. İdarəetmə islahatlarını genişləndirmək lazımdır”.

Deputat qeyd edib ki, bu gün elimizin adət-ənənələrindən biri olan ilaxır çərşənbəsidir: “Bu bayramda da adamlar evlərə papaq atırlar. Papağa nəsə qoyulacaq evlərin darvazaları, hasarları yüksək olduğu üçün onlara papaq atmaq olmur. Hasarı hündür olmayan evlərin sahibləri isə müəllimlərdir. Manatın devalvasiyasından sonra isə onların yaşayışı daha da aşağı düşüb. Hökumət tərəfindən onlara cüzi də olsa, ümidlər verilmir. Əhalinin bir çoxu banklardan dollarla kreditlər götürüb”.

Millət vəkilinin çıxışına reaksiya verən Oqtay Əsədov belə deyib: “Siz deyirsiniz ki, indi hasarlar hündürdür. Əvvəllər papağı bacadan da atırdılar. Amma sən hansısa qapıya papaq atsan, inanmıram ki, sənin papağın boş gəlsin”.

Nemət


Müəllif: