31 Mart 2015 12:35
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları yaxınlaşdıqca Azərbaycana qarayaxma kampaniyası özünü açıq şəkildə biruzə verməyə başlayıb. Bu kampaniyada erməni lobbisinə dəstək verən bəzi xarici dairələr də yaxından iştirak edir”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında millət vəkili Fuad Muradov bildirib. Onun sözlərinə görə, Azərbaycana qarşı aparılan bu kampaniya bir sıra siyasi dairələrin ölkəmizə əsası olmayan, yersiz ittihamlardır: “Görünən odur ki, bu cür mənasız ittihamlar yerindəcə iflasa uğrayır. Çox qəribə bir tendensiya yaranıb. İstər daxildən, istərsə də xaricdən Azərbaycanı ləkəmək, qarayaxmaq üçün sanki yarış keçirilir. Hətta bütün dünyada neftin qiymətinin azalması, dolların kursunun qalxması kimi hadisələri də Avropa Oyunları ilə əlaqələndirirlər. Eləcə də, qəfildən avropalıların həssas yanaşdığı mövzularla “heyvansevərlərin”, “əlillərə qayğı göstərənlərin” ortaya çıxması və qısa zaman kəsiyində bu cür cılız “qara piar”ın əsl mahiyyətinin aydın olması sübüt edir ki, bu prosesdə konkret qüvvələrin, o cümlədən erməni lobbisinə dəstək verən müəyyən xarici dairələrin də yaxından iştirakı var”

F.Muradov əlavə edib ki, Avropa Olimpiya Komitələri həmin iddiaları alt-üst edərək, I Avropa Oyunlarını “qitə idmanının ən yüksək zirvəsində dayanan idman tədbiri” olaraq dəyərləndirib: “Düşünürəm ki, bu arqument yetərlidir. Lakin bu cür iddiaları ortaya atanlar heç olmasa imzalanan memorandumlara, cəlb edilən böyük şirkətlərin siyahısına nəzər salsınlar. Ən azından bunu düşünsünlər ki, böyük şirkətlər heç vaxt “ikinci dərəcəli yarışlarda” əməkdaşlıq etmirlər”.

Millət vəkilinin sozlərinə görə, Azərbaycanın müxtəlif beynəlxalq konvensiyalara qoşulması o demək deyil ki, hansısa “təşkilatlar” ölkəmizin daxili işinə qarışa bilər: “Azərbaycan haqqında indiyədək bir kəlmə belə deməyənlər bu gün bizdə nöqsan axtarışına çıxıblar. Dağlıq Qarabağ və digər 7 rayonu işğal olunaraq aşkar şəkildə hüquqları Ermənistan tərəfindən pozulan ölkəmizin haqq işinə bir dəfə də olsun dəstək verməyənlər indi hansısa “hüquq pozuntuları” axtarırlar. Erməni diasporasından aldığı maliyyə müqabilində bu cür absurd fikirlər səsləndirənlər anlamalıdırlar ki, ölkəmizin müstəqil siyasətinə təsir edə bilməyəcəklər. Azərbaycan istənilən təhdidə hüquqi-siyasi yolla cavab verməyə qadirdir. Bu məsələyə Azərbaycan ictimaiyyəti biganə qalmamalı, ölkəmizin milli mənafeyi naminə öz dəstəyini əsirgəməməlidir”.

F.Muradov əlavə edib ki, bu analoji vəziyyət “Avroviziya” mahnı müsabiqəsi, yaxud Azərbaycanda keçirilən digər mötəbər tədbirlər zamanı da baş verib: “Hesab edirəm ki, növbəti dəfə bu cür qərəzli və yalan informasiyaların yayılması düşmənlərimizi yetərincə təşvişə salıb. Xaricdə, daxildəki bəzi qüvvələr, bir sıra media qurumları, eləcə də sosial şəbəkələrdə canfəşanlıq edənlər başa düşməlidirlər ki, bu cəhdlər nəticəsiz qalacaq. Azərbaycan istənilən beynəlxalq mediaya, informasiya cəhətdən açıq ölkədir. Məsələyə qərəzli yanaşıb onu qələmə almaqdansa, müraciət edib araşdırsınlar və doğru olanı yazsınlar. Düşünürəm ki, ölkəmiz üçün bu oyunlar bir ilk olsa da, bundan əvvəl olduğu kimi Avropa Oyunları da müvəfəqqiyyət qazanacaq”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər