“Azərbaycan silahlı münaqişənin dayandırılması haqda atəşkəs sazişindən çıxa bilər”.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov özünün feysbuk səhifəsində qeyd edib.
Onun sözlərinə görə, silahlı münaqişənin dayandırılması haqda bağlanan bu müqavilə erməni hərbi birləşmələrinin işğal edilmiş ərazilərdən çıxması ilə nəticələnmədi: “1994-cü ilin 12 may tarixində Azərbaycan və Ermənistan müdafiə nazirləri Rusiyanın iştirakı ilə atəşkəs sazişi imzaladı. Artıq həmin sazişdən 21 il ötür. Lakin bu hadisə Azərbaycan KİV-nin diqqətini o qədər də cəlb etmədi. Əskinə, Ermənistan KİV-i narahat dolu məqalələrlə çıxış edirlər. Ermənistan Azərbaycanın artan gücü qarşısında əndişələnir. Həmçinin, Azərbaycan rəhbərliyinin yenilməz iradəsi erməniləri qorxuya salır”.
R. Musabəyov qeyd edib ki, Bişkek protokolu kimi tarixə düşən atəşkəs sazişi ermənilərin dediyi kimi müddətsiz deyil: “Özünü ermənilərin vəkili kimi aparan keçmiş rusiyalı həmsədr Vladimir Kazimirovun sözlərinə diqqət yetirsək, bunu görə bilərik. O, atəşkəsin qüvvəyə mindiyi gündən 10 gün ərzində razılıq əldə olunması haqda müqavilənin imzalanması şərtinin qoyulduğunu bildirirdi. Yəni razılaşma ermənilərin dediyi kimi müddətsiz yox, müvəqqəti idi. Bunu Ermənistan prezidentinin sabiq müşaviri David Şahnazaryan da öz fikirlərində ifadə edib. Təəssüf ki, silahlı münaqişənin dayandırılması haqda müqavilə nə 10 gün sonra imzalandı, nə də 10 həftə sonra. Üzərindən iki onillik keçib, ermənilər yenə də işğalçılıqdan imtina etmək istəmir. Bu münaqişənin həllinə “çalışan” Minsk qrupu heç nə edə bilməyib, güman ki, bundan sonra da edə bilməyəcək”.
Politoloq ermənilərin atəşkəsi müddətsiz adlandırmaqla baş qatdıqlarını bildirib.
“Əgər ermənilər qeyri-konstruktiv iddialardan əl çəkməyəcəksə, Bakı atəşkəs sazişinin dayandırılmasını elan edə və öz torpaqlarının işğalçılardan təmizləyə bilər. Buna haqqı çatır. Bu haqda Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bildirib”, - deyə R. Musabəyov vurğulayıb.