Fransadakı Azərbaycan icması Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz yaradılan, heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma rejimin nümayəndəsi Bako Saakyan və onu müşayiət edən şəxslərin mayın 17-19-da Fransaya səfərini pisləyən bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda eyni zamanda Drom departamentinin Villörbann və Sarsel şəhərləri ilə hazırda işğal altında olan Azərbaycanın mədəniyyət beşiyi Şuşa və Ağdərə şəhərləri arasında “dostluq və qardaşlıq xartiyası”nın imzalanmasına qarşı etiraz ifadə olunur.
Bəyanatda bildirilir ki, Azərbaycanın qədim şəhərləri olan Şuşa və Ağdərə 20 ildən artıqdır Ermənistanın işğalı altındadır. İstər separatçı rejimin “prezidenti”nin Fransaya səfərinin, istərsə də işğal altında olan Azərbaycanın iki şəhəri ilə “dostluq və qardaşlıq xartiyası”na dair sənədin imzalanmasının heç bir beynəlxalq hüquqi əsası yoxdur. Bu, yalnız Azərbaycanla Fransa arasında inkişaf etməkdə olan dostluq əlaqələrinə xələl gətirə bilər.
Sənəddə vurğulanır ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Buna görə də Azərbaycanın işğal altındakı Şuşa və Ağdarə şəhərləri ilə Fransanın Drom departamentinin Villörbann və Sarsel şəhərləri arasında “əməkdaşlıq və dostluq xartiyası”na dair sənədin imzalanması beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından silah gücünə çıxarıldığı, əsir və girov götürülən günahsız soydaşlarımızın erməni düşərgələrində insanlığa yaraşmayan işgəncələrə məruz qaldığı və onların taleyindən heç bir xəbər olmadığı bəyanatda öz əksini tapıb.
Bəyanatda həmçinin Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində minlərlə evin və inzibati binanın, məktəblərin, tibb müəssisələrinin, mədəniyyət saraylarının, kitabxanaların, tarixi abidələrin, muzeylərin, kənd təsərrüfatı və sənaye obyektlərinin, su hövzələrinin vəhşicəsinə yerlə-yeksan edildiyi qeyd olunub.
Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yeridən ermənilərin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan şəhəri Xocalıda törətdiyi vəhşiliklər, qəddarlıqla həyata keçirilən soyqırımı zamanı hətta dinc sakinlərə belə aman verilmədiyi, qadınların və uşaqların amansızlıqla qətlə yetirildiyi bəyanatda diqqətə çatdırılıb.
Daha sonra bəyanatda qeyd olunur ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini heç bir şərt qoymadan azad etməsi barədə BMT-nin qətnamələrinə baxmayaraq, bu təcavüzkar ölkə öz işğalçılıq siyasətini indi də davam etdirir, işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma aparılır.
“Biz ümid edirik ki, beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa münaqişənin ədalətli və düzgün həllinin axtarışında, Azərbaycan ərazisinin bütövlüyünün təmin edilməsində öz səylərini əsirgəməyəcək”, – Fransanın Azərbaycan icmasının bəyanatında belə deyilir.
Bəyanat Drom departamentinin, Sarsel və Villörbann şəhərlərinin rəhbərlərinə, senator və deputatlarına və digər rəsmi təşkilatlara göndərilib.
Səxavət