2 İyun 2015 10:01
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

İvitsa Daçiç: “Helsinki Yekun Aktının müddəalarına əməl etməli, ikili standartların aradan qaldırılmasına təkan verməliyik”

Elmar Məmmədyarov: “Serbiyanın sədrliyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında əlaqələrin qurulması faydalı ola bilər”

Xarici işlər naziri Elmar Məmmədyarov dünən Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçi qəbul edib. Görüşdə E.Məmmədyarov Azərbaycanla Serbiya arasında siyasi dialoqun mövcud vəziyyətindən məmnunluğunu ifadə edərək, enerji, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdiyini nəzərə çatdırıb.

O, Serbiyanın ATƏT-ə sədrliyi uğurla başa çatdırıcağına əminliyini bildirib.

“ATƏT birbaşa məsuliyyət daşıyır”

ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həllinə bilavasitə məsul olduğunu deyən E.Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət və BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi əsasında həllinin mümkün olduğunu nəzərə çatdırıb.

E.Məmmədyarov ATƏT-ə sədrliyi müddətində Serbiya tərəfindən Ermənistanın təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası, ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi, münaqişə nəticəsində itkin düşmüş hesab olunan 4000-dən artıq azərbaycanlının taleyi barəsində məlumat mübadiləsinin həyata keçirilməsi və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycan və erməni icmaları arasında dialoqun qurulması kimi məsələlərin qaldırılmasını xahiş edib.

İ.Daçiç Azərbaycanla Serbiya arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə yüksələn xətt üzrə inkişaf etdiyini və iki ölkənin qarşılıqlı anlaşma əsasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini nəzərə çatdırıb. O əlavə edib ki, Helsinki Yekun Aktının müddəalarına əməl edilməli və ikili standartlar aradan qaldırılmalıdır.

İrəli sürülən təkliflərə gəlincə, İ.Daçiç bu məsələlərin ATƏT çərçivəsində müzakirə olunacağını qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Serbiya vizasız rejim təklif edir

Görüş başa çatdıqdan sonra E.Məmmədyarov və İ.Daçiç tərəfindən birgə mətbuat konfransı keçirilib. E.Məmmədyarov İ.Daçiçin bu gün (dünən-S.Həmid) səhər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini bildirib. O qeyd edib ki, həmkarı ilə əvvəlcə təkbətək, daha sonra isə geniş tərkibdə görüşlər keçirib: “Cənab Daçiçin Bakıya ATƏT-in fəaliyyətdə olan sədri qismində səfər etməsinə baxmayaraq, bu səfər bizə Serbiya və Azərbaycan arasında ikitərəfli strateji əməkdaşlıq məsələlərini müzakirə etməyə də imkan verdi. Azərbaycan və Serbiya arasında geniş iqtisadi, siyasi və humanitar əlaqələr yüksək səviyyədədir və görüş zamanı enerji, nəqliyyat, viza və sair məsələlər ətrafında fikir mübadiləsi apardıq. Viza məsələsi ilə bağlı cənab Daçiç çox maraqlı bir təkliflə çıxış edərək, Azərbaycan vətəndaşlarının Serbiyaya getməsi üçün vizasız rejim tətbiq edilməsi təklifini irəli sürdü. Təbii ki, bu məsələ mövcud daxili prosedurlara uyğun bütün ciddiyyəti ilə nəzərdən keçiriləcək”.

“ATƏT-in fəaliyyətdə olan sədrindən xahiş etdim ki, İrəvanda azərbaycanlı girovların məsələsini qaldırsın”

ATƏT-in Fəaliyyətdə olan sədri kimi İ.Daçiçlə müzakirələrə gəlincə, E.Məmmədyarov ilk növbədə, Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edərək, bir sıra məsələlərə toxunduqlarını vurğulayıb: “Həmçinin Ermənistan tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşlarının tezliklə Azərbaycana, öz vətənlərinə geri qaytarılmaları ilə bağlı cənab Daçiçdən bu məsələni İrəvanda olarkən Ermənistan rəhbərliyi ilə görüş zamanı qaldırmağı və müzakirə etməyi xahiş etdim.

Münaqişənin həlli prosesi ilə bağlı cənab Daçiçə bir sıra təkliflər vermişik. Bilirsiniz ki, biz Sülh Sazişi və həmsədrlərin təklif etdiyi kimi, müəyyən işçi qruplarının yaradılması üzərində işlərin tez bir zamanda başlanılmasının tərəfdarıyıq. Bu məsələdə Azərbaycan tam şəkildə əməkdaşlığa hazırdır və biz gözləyirik ki, cənab Daçiçin İrəvana səfəri bu məsələdə irəliləyişin əldə olunması ilə nəticələnəcək".

ATƏT sədri: “Minsk qrupunun vasitəsi ilə uzunmüddətli həllə nail olacağımıza inanıram”

Serbiya baş nazirinin birinci müavini, ölkənin xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İ.Daçiç isə Serbiya ilə Azərbaycanın strateji tərəfdaş olan ölkələr olduqlarını bildirib. ATƏT sədri Cənubi Qafqazın Avropanın sabitliyi üçün əhəmiyyətli region olduğunu deyib. O, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən xəbərdar olduğunu deyib: “Münaqişənin yeganə həlli sülhdən keçir. Bütün tərəflərin siyasi iradəsinə ehtiyac var. Bununla bağlı xoş niyyətimi bildirmişəm. Xüsusi nümayəndə və Minsk qrupunun vasitəsi ilə uzunmüddətli həllə nail olacağımıza inanıram. Siyasi iradə olacağı təqdirdə, həll mümkündür. Minsk qrupu ölkələrinin də xüsusi öhdəliyinə və buna sadiqliyinə ehtiyac var. Onlar atəşkəs haqqında sazişdən irəli gələn tələblərin tam icrasına nail olmalıdırlar. Erməni həmkarımla görüşdə bir sıra təşəbbüslər irəli sürəcəyəm. Hesab edirəm ki, Helsinki Yekun Aktının müddəalarına əməl etməli, ikili standartların aradan qaldırılmasına təkan verməliyik”.

Serbiya prezidenti I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

İ.Daçiç Serbiya prezidenti Tomislav Nikoliçin iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəyini də bildirib. Nazir qeyd edib ki, Serbiya, həmçinin bu Oyunlarda geniş nümayəndə heyətilə çıxış etməyi planlaşdırır: “Bizim idmançılar tam əzmlə ilk Avropa oyunlarında iştirak edəcəklər. Bakıya 132 serbiyalı idmançı, həmçinin geniş nümayəndə heyəti də gələcək. Serbiya prezidenti Tomislav Nikoliçin də oyunların açılış mərasimini izləmək üçün Bakıya gələcəyini gözləyirik”.

Daha sonra Serbiya və Azərbaycan xarici işlər nazirləri jurnalistlərin suallarını cavablandırıblar. Serbiya dövlət televiziyasının əməkdaşı nazirlərə belə bir sual ünvanlayıb: “Serbiyanın mürəkkəb vəziyyətlərdə danışıqların aparılması baxımından zəngin təcrübəsinin, eləcə də, Azərbaycanla xoş ikitərəfli münasibətlərini nəzərə alsaq, bu iki məqam Serbiyaya ATƏT-ə sədrlik dönəmində Azərbaycana, eləcə də, regiona yardımçı olmağa necə kömək edə bilər?”

“Ərazi bütövlüyü prinsipi daha üstündür”

E.Məmmədyarov suala cavab olaraq deyib: “Hər şeydən öncə onu deyim ki, nazir Daçiçin də bildirdiyi kimi, Azərbaycan da ərazi bütövlüyü prinsipi ilə bağlı Serbiya ilə eyni mövqedədir. Helsinki Yekun Aktinda da əks olunduğu kimi, ərazi bütövlüyü prinsipi öz müqəddəratını təyinetmə prinsipindən daha üstündür. Öz müqəddəratını təyinetmə razılaşma və paytaxtın razılığı əsasında olmalıdır və bu prinsipin tətbiqi hər hansı bir dövlətin ərazi bütövlüyünün pozulması ilə nəticələnməməlidir. Serbiya, insanlararası əlaqələrin qurulması sahəsində yaxşı təcrübəyə malikdir. Biz düşünürük ki, Serbiyanın himayəsi və ya sədrliyi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında əlaqələrin qurulması faydalı ola bilər. Və ya humanitar və xoşməramlı bir addım kimi münaqişə zamanı itkin düşmüş insanlar barəsində məlumat mübadiləsi sahəsində işlər görülə bilər. Təbii ki bir gün münaqişə öz həllini tapacaq, amma münaqişə zamanı itkin düşmüş şəxslərin ailələri onların taleyi barəsində münaqişənin istənilən mərhələsində məlumat ala bilməlidir. Biz həmçinin düşünürük ki, bu məqsədlə müxtəlif işçi qruplar və təşkilatlar çərçivəsində işləmək olar, Ermənistanın öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarılması mərhələsinə nail olduqdan sonra öz doğma yurd yuvalarına qayıtmaq istəyənlər üçün ən azından bir plan işlənib hazırlanmalıdır. Bu sahədə geniş təcrübəsi olan Serbiyanın ATƏT-in fəaliyyətdə olan sədrliyi dönəmində bu səpkidə olan təkliflərlə çıxış edəcəyinə ümid edirik. Düşünürəm ki, regiona, xüsusilə də Ermənistan və Azərbaycana sülh və sabitliyin gətirilməsi vacibdir”.

Daha sonra E.Məmmədyarova belə belə bir sual verilib: “Bu yaxınlarda Moskvaya səfəriniz zamanı, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünüzdə qeyd olundu ki, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtı artıq yetişib. Burdakı pozitiv məqam nədən ibarətdir? İkinci sualım isə separatçı rejimdə saxlanılan azərbaycanlı girovlarla bağlıdır, onların azad olunması üçün hansı addımlar atılır?”

“Cənab Daçiçin səfərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa irəliləyiş olacağını gözləyirəm”

E.Məmmədyarov əvvəlcə ikinci sualı cavablandırıb və cavab olaraq deyib ki, ATƏT sədrindən bu məsələnin İrəvanda da müzakirə edilməsini xahiş edib: “Cənab Daçiçin İrəvana səfərindən sonra bu məsələnin öz həllini tapacağına ümid edirəm. Cənab Lavrovla keçirilmiş birgə mətbuat konfransında bu məsələyə toxunmuşduq, doğrudur, artıq münaqişənin həlli üçün vaxt yetişib. Pozitiv məqam ondan ibarətdir ki, bütün tərəflər, Minsk Qrupunun həmsədrləri də bu istiqamətdə hər hansı pozitiv bir irəliləyişə nail olunmasını istəyirlər. Bu pozitivin reallığa çevrilməsi yolları isə danışıqlar prosesinin bir mövzusudur. Sergey Lavrovla belə razılığa gəldik ki, Minsk Qrupunun həmsədrləri çərçivəsində bu məsələlərin müzakirəsini davam etdirək.

Qeyd edək ki, səfər iyunun 1-də başa çatıb. İ.Daçiç sonra Bakıdan Tiflisə yola düşüb. İyunun 3-də isə o, Ermənistan paytaxtında görüşlər keçirəcək.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər