2 İyun 2015 22:36
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Cəfərli: “5 namizəd seçkidə iştirakını dəqiqləşdirməyib”

Respublikaçı Alternativ Hərəkatının seçki siyasəti özünü doğrultmayıb. Hələ ötən ilin mayında media üçün xüsusi mətbuat konfransı təşkil edən REAL Hərəkatının rəhbərliyi elan etmişdi ki, 2015-ci ilin mayına qədər seçkidə irəli sürəcəyi namizədlərin siyahısını cəmiyyətə açıqlayacaq.

Bir neçə ay əvvəl isə REAL-ın icraçı katibi Natiq Cəfərli elan etmişdi ki, namizədlər siyahısı maya qədər də açıqlana bilər.

Qeyd edək ki, REAL qurultayını da mayın 28-nə planlaşdırırdı. Ancaq bu məsələ də havadan asılı qaldı.

Beləliklə, görünən budur ki, REAL-ın seçki siyasəti baş tutmur və ya hansısa problemlər ortaya çıxıb.

Hərəkatın icraçı katibi Natiq Cəfərli isə deyir ki, REAL hərəkatı böyük proqram sənədini açıqlayıb. Həmin sənəd ümumi şəkildə yazılsa da, ayrı-ayrı bölümlər üzrə islahat proqramları hazırlanıb.

Qarşıdan gələn parlament seçkilərinə toxunan N.Cəfərli deyib ki, REAL hərəkatı ən azı 20-25 nəfər namizədlə seçkidə iştirak edəcək: “Seçki platformamızı tənqid deyil, təkliflər, strategiya üzərində quracağıq. Əsas təkliflərimiz “Biz bu ölkəni necə görmək istəyirik, problemlər və onların həlli yolu nədən ibarətdir” mövzusu üzərində olacaq. Seçkiyə az müddət qalmış bütün strategiyamızı ictimaiyyət üçün açıqlayacağıq”.

Namizədlər məsələsinə gəldikdə N.Cəfərli bildirib ki, əslində onların namizədlərinin əksəriyyəti məlumdur: “Amma bəzi namizədlərin iştirak edib-etməməsi seçkiyə azı iki ay qalanda dəqiq məlum olacaq. Bu namizədlərin şəxsi işləri və ya çalışdıqları məkanlarla bağlı problemlər var. Amma idarə heyətinin tam tərkibi, məclis üzvləri seçkidə iştirak edəcək. Bu seçkidə REAL adından çox maraqlı isimlər görəcəksiniz”.

Konkret olaraq REAL-ın verdiyi sözün üzərində durmamasına, siyahını mayın 28-də ictimaiyyətə açıqlamamasına gəlincə, Natiq Cəfərli maraqlı cavab verib: “Yer olmadığı üçün tədbiri keçirə bilmədik, mümkün olmadı. Bu səbəbdən də namizədlərin siyahısını açıqlamağı I Avropa Oyunlarından sonraya saxladıq. Əslində, 5-6 namizəd var ki, onlar son qərarını avqusta qədər müəyyən edəcəklər. Onlar xaric bizim razılaşdırılmış namizədlər siyahımız var. Avqustun sonuna qədər siyahımızı açıqlayacağıq. Ola bilsin ki, həmin ərəfədə biz qurultayı da keçirdik və namizədlərin siyahını da qurultayda açıqladıq. Fikrimcə, bu daha maraqlı olardı. İndi sadəcə bizim imkanımız olmadı. Gördüyünüz kimi, hazırda ölkənin gündəmini I Avropa Oyunları tutub, üstəlik yer problem də oldu. Odur ki, avqusta saxladıq”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər