Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün keçiriləcək “Bakı 2015” ilk Avropa Oyunlarının təntənəli açılış mərasiminə münasibət bildirib.
YAP-çı deputat S.Novruzov deyib ki, artıq Bakı hər gün, hər ay müxtəlif sahələri və mövzuları əhatə edən beynəlxalq səviyyəli tədbirlər üçün əsas məkan seçilməklə malik olduğu imkanların dünyaya təqdimatı üçün növbəti tribuna əldə edir. Onun sözlərinə görə, müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, artıq dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər kəs bu və ya digər dövlətin reallıqları barədə məlumat əldə etmək imkanındadır: “Lakin gerçəkliklərin birbaşa şahidi olmaq tamamilə fərqli bir düşüncənin formalaşmasına stimul verir. Birinci Avropa Oyunlarında təkcə 6 min idmançının təmsil olunduğunu qeyd etmək kifayətdir ki, bu mühüm hadisənin ölkəmiz üçün əhəmiyyəti aydın şəkildə özünü təsdiqləsin. Daim yeniliyi, müasirliyi, modernləşməni həyata keçirdiyi siyasətin önündə saxlayan dövlətimizin biri-birindən əhəmiyyətli addımları hərtərəfli inkişafı sürətləndirməklə yanaşı, beynəlxalq baxışın yüksək səviyyədə formalaşmasına stimul verir”.
S.Novruzov qeyd edib ki, Azərbaycan bu gün idman bayramına hazırlaşmaqla yanaşı, bir daha reallıqlarının dünyaya təbliğində geniş imkan qazanmış olub: “Bir məqamı da qeyd edək ki, uğurlarımız, artan mövqeyimiz dostlarımızı sevindirir, bizi istəməyən qüvvələri narahat edir. Təbii ki, bu kimi cəhdlər hər zaman dövlətimizin uğurlu siyasəti qarşısında boşa çıxır, nə qədər əsassız, yersiz olduğu həmin dairələrin özünə də bəlli olur. 2012-ci ildə ölkəmizin ev sahibliyi etdiyi “Evrovision” mahnı yarışması ərəfəsində, eyni zamanda sonra yaşanan durumu xatırlamaq kifayətdir. Azərbaycanın guya belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını bildirən daxili və xarici bədxahlarımız sonda bu reallığı qəbul etməli oldular ki, ölkəmiz hər bir tədbiri yüksək səviyyədə təşkil etmək və keçirmək gücündədir, qüdrətindədir.
Xatırlasaq, “Evrovision” mahnı müsabiqəsində iştirak edənlər, paytaxtımızın ecazkar gözəlliyindən, möcüzə kimi dəyərləndirilən iqtisadi inkişafından heyrətlərini gizlədə bilmirdilər. “Dostluq və sülh” yarışması adlandırılan Birinci Avropa Oyunları ərəfəsində Avropanın bir çox ölkələrinin tanınmış televiziya kanallarında və aparıcı mətbu orqanlarında dünya birliyinə inamla inteqrasiya edən Azərbaycanın iqtisadi inkişafı, təbiəti, insanları, geostrateji əhəmiyyətindən bəhs edən veriliş və yazılar ölkəmizə yönələn marağın artdığını bir daha ortaya qoyur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə müxtəlif ölkələrdə keçirilən “Bakı-2015”in təqdimat mərasimləri ölkəmiz haqqında reallıqları dünya xalqlarına çatdırmaqla, Azərbaycana yönələn məkrli, böhtan xarakterli kampaniyalara tutarlı cavabdır. Əsrlər boyu mədəniyyətlərin, sivilizasiyaların mərkəzi kimi tanınan Azərbaycan daim təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrlə, tədbirlərlə ölkələr, xalqlar arasında dostluq körpüsünü daha da möhkəmləndirir”.
Deputat onu da bildirib ki, Prezident İlham Əliyevin bildirdiyi kimi son on bir ildə ölkəmizdə inkişaf yüksələn xətlə davam edir: “Bu dinamika beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəmizin gücünü, qüdrətini göstərir. Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin beynəlxalq standartlara uyğun inşası və yenidən qurulması, yarışların təşkili üçün lazımi şəraitin yaradılması da ölkəmizin iqtisadi imkanlarının göstəricisidir. Oyunlar bizə imkan verəcək ki, Azərbaycanı olduğu kimi dünyaya təqdim edək və bir daha göstərək ki, gənc müstəqil Azərbaycan böyük uğurlara imza atır, dünyaya açıqdır, ölkəmiz müasirdir, eyni zamanda, öz tarixinə, mədəni köklərinə bağlıdır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir”.
/Publika.az/