Gülağa Aslanlı: "Müsavatdan çıxarılacaq"
Müsavat Partiyasının başqanlığa sabiq namizədi Tural Abbaslı partiya rəhbərliyi ilə açıq qarşıdurmaya gedir.
Belə ki, bir müddət əvvəl T.Abbaslı "Ağ" Blok yaratdığını elan edib. Bildirib ki, bloku yaratmaqda əsas məqsəd siyasi partiyalarda təmsil olunan və rəhbərlikdən narazı qalan gəncləri bura cəlb etmək, qarşıdan gələn parlament seçkilərində iştirak və gənclərin özünün müstəqil qurumunu yaratmaqdan ibarətdir.
O qeyd edib ki, bu istiqamətdə gənclərlə və müxtəlif şəxslərlə danışıqlar aparır. Onun sözlərinə görə, Müsavat Partiyasında fəaliyyət göstərən aktiv gənclərlə, eləcə də, qurultaydan sonra partiyanı tərk edən şəxslərlə də təmaslar içərisindədir.
T.Abbaslının "Ağ" Blok yaratmasına Müsavatdan sərt cavab gəlmişdi. Partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı elan etmişdi ki, T.Abbaslı bu qurumu yaradarkən Müsavat rəhbərliyinə hər hansı məlumat verməyib və onlarla razılaşmayıb. Odur ki, partiya onun bu addımlarını müdafiə etmir. Müsavatın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı da Abbasının bu addımı tənqid edib, bunun Müsavat nizamnaməsinə zidd olduğunu ifadə etmişdi. Abbaslı isə açıq bəyan etmişdi ki, blok yaradarkən, ora üzvlər cəlb edərkən partiya rəhbərliyi ilə danışıqlar aparmaq, onlardan icazə almaq niyyətində olmayıb, çünki blokun yaranma mexanizmi partiya nizamnaməsinə zidd deyil.
İndi isə bəlli olur ki, Tural Abbaslı yaratdığı "Ağ" Bloku parlament seçkilərindən sonra siyasi partiyaya çevirmək niyyətindədir. Artıq buna heç bir şübhə yoxdur.
TAbbaslı özü də, bunu açıq etiraf edib: "Ağ" blok müxtəlif partiyalarda təmsil olunan, lakin həmin təşkilatlarda yetərincə dəstəklənməyən gənclərin parlament seçkilərində birgə iştirakını təmin etmək məqsədilə yaradılıb. Bizim üçün önəmli olan yeni simaların siyasi arenaya çıxmasıdır. Azərbaycan cəmiyyətində artıq ənənəvi müxalifətdə olanlara inam yoxdur. Cəmiyyətimiz bəzi siyasətçilərin nəticəsi olmayan fəaliyyətindən yorulub. İlkin mərhələdə hədəfimiz Azərbaycanda keçiriləcək parlament seçkiləridir. Bu seçkilərdə biz istər Bakı, istərsə də regionlardan olan gənc namizədlərlə təmsil olunmaq niyyətindəyik. Blok gələcəkdə partiyaya çevrilə bilər. Seçkidən sonra da blokun fəaliyyətini davam etdirmək niyyətindəyik. Sadəcə, formatını, daxili strukturunu müəyyənləşdirəcəyik. Blokun gələcəkdə partiyaya çevriləcəyini də istisna etmək olmaz. Ancaq bütün bunlar sonrakı mərhələdə baş tutacaq".
Tural Abbaslının bu fikirlərinə artıq Müsavat Partiyasının rəhbərliyindən reaksiya gəlib. Partiyanın Divan üzvü, başqan müavini Osman Kazımov sözügedən blok və onun gələcəkdə siyasi partiyaya çevrilməsini şərh edib: "Tural Abbaslının yaratdığı "Ağ blok" Müsavat partiyasına qarşı deyil. Əgər blok partiyaya çevrilərsə, Tural Abbaslı Müsavatla bağlı özü qərar qəbul edəcək. Seçim onun olacaq. Çünki bu halda Müsavatda təmsil olunmaq nizamnaməyə zidd məqam olardı".
Müsavat funksioneri G.Aslanlı isə söyləyib ki, Tural Abbaslı partiya yaratsa, Müsavatdan çıxarılacaq.
Sosial şəbəkədə isə müsavatçı gənclər Tural Abbaslının fikirlərini dəstəkləyir, ona açıq dəstək ifadə edirlər. Bu isə o deməkdir ki, partiya parlament seçkiləri ərəfəsində bir daha çalxalanacaq.
Bu arada qeyd edək ki, Müsavatın sabiq başqanı İ.Qəmbərin partiya ətrafında yaranan durumu dəyişmək üçün atdığı addımların nəticəsi olmur. Uzun sükutdan sonra Qəmbər partiya qərargahında sədri olduğu Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) toplantısını keçirib. Toplantıda Qarabağ münaqişəsi müzakirə olunub. Müzakirələrdə köhnə simalar təmsil olunub. Ancaq bütün bunlar Müsavat ətrafında və içində baş verən prosesləri arxa plana atmaq üçün təsirli vasitə kimi effekt vermir.
CAVİDAN