Milli Şura üzvü Vidadi Mirkamalın qarşıdan gələn parlament seçkilərini boykot etmək çağırışı müxalifətdə birmənalı qarşılanmayıb. Azadlıq partiyasının sədri Əhməd Oruc və Müsavat başqanının müavini Səxavət Soltanlı artıq bu qərara etiraz edib.
Dünən isə Müsavatın Divan üzvü, sabiq deputat İkram İsrafil bəyan edib ki, Müsavat parlament seçkilərində iştirak edəcəyinə dair qərar verib. Onun sözlərinə görə, partiya hazırda özünün namizədlərini və imkanlarını qiymətləndirir: "Mən siyasi partiyaların, siyasətçilərin seçkiləri boykot təkliflərini və niyyətlərini doğru hesab etmirəm. Son iyirmi ildə boykot olunan və iştirak olunan seçkilər və sonrakı dövrün qınaqlarını yadınıza salın. Boykot etdiyimiz seçkilər olub. Lakin sonradan biz buna görə, həm siyasi, həm də ictimai qınaqla rastlaşmışıq. Ümumiyyətlə, siyasi partiyanın, siyasətçinin seçkiləri boykot etməsi başadüşülən deyil. İnsanların rəyini nəzərə almadan seçkiləri boykota çağırmaq siyasi fərarilikdir".
ADP sədri Sərdar Cəlaloğlu da Milli Şuranı kəskin tənqid edib, bu qurumun mövcudluğunu dövlət müstəqilliyinə təhlükə hesab edib: "Vidadi Mirkamalın bu cür mövqeyi haradasa başadüşüləndir. Bayquşa deyirlər ki, get dünyanın ən gözəl quşunun balasını gətir. O isə başlayır ağlamağa ki, dünyanın ən gözəl quşunun uşağı mənim uşağımdır. İndi hər kəsə özünün partiyası, qurumu digərləri ilə müqayisədə mehribandır. Əgər Vidadi Mirkamal bizim müttəfiqimiz olsaydı, deyəcəkdi ki, ölkədə ən güclü müxalifət bloku "Qarabağ"dır, yerdə qalanlar xarici ölkələrin yaratdığı blokdur. Onun dediyi bütün sözlər təssübkeşliklə bağlıdır".
ADP sədri deyib ki, indi müxalifətdə fikir ayrılığının ortaya çıxması, bunun davamı olaraq qarşılıqlı ittihamların başlanmasında yeni heç nə yoxdur: "Bu ənənəvi nailiyyətsizlik sindromuna görə müxalifətdaxili çəkişmələrdir. Əslində, maraqları əks olan qüvvələr bir-birinə qarşı olur. Baxın, Türkiyədə əsas partiya AKP-dir. Ancaq MHP ilə CHP bir-birinə hücum edir. Bu mənada, Milli Şura nümayəndəsinin bizə hücumu başadüşüləndir. Bu hücum göstərir ki, varlığımızdan narahatdırlar. Əks təqdirdə niyə barəmizdə fikirlər deməlidirlər?"
S.Cəlaloğlu əlavə edib ki, onlar Milli Şuranı rəqib görür və bu səbəbdən onlarla bağlı fikirlərini ifadə edirlər: "Milli Şura adını çəkdiyi, tənqid etdiyi bütün partiyaları real güc olaraq görür və bu partiyaların mövcudluğundan narahat olur. Mən şəxsən Milli Şuranın mövcudluğundan narahatam. Çünki Milli Şura Rusiyanın planı əsasında yaradılıb. Biz bilmirik ki, Rusiyanın Azərbaycanla bağlı niyyəti nədir. Azərbaycanı Avrasiya İttifaqına daxil etmək istəyirlər. Bu baxımdan, ola bilər ki, Milli Şura müəyyən məsələlərin fövqündə aktivləşdirilsin. Bu da məni narahat edir. Çünki Milli Şuranın fəaliyyəti dövlət müstəqilliyi ilə bağlıdır. Ancaq Müsavatla bizim bir-birimizə hücumumuz normaldır. Çünki biz də, Müsavat da Azərbaycanın suverenliyini istəyirik. Odur ki, bizim bir-birimizə hücumumuz başqa mənadadır. Lakin Azərbaycanın suverenliyinə təhlükə törədən qüvvələrin bizə hücumu tamam başqa məna kəsb edir".
Cəlaloğlu əlavə edib ki, Milli Şuranın digər partiyaları seçkidən çəkindirmək üçün atdığı addımlar mənasızdır: "Fəlsəfədə subyektiv idealizm var. Bunun da mahiyyətində bu durur ki, mən varamsa, dünya da var, mən yoxamsa, dünya da yoxdur. İndi Milli Şuranın təmsilçiləri özlərini subyektiv idealizmin nümayəndələri kimi aparır. Onlar hesab edirlər ki, nəyisə görür və həqiqət hesab edirlərsə, bu var. Nəyisə görmürlərsə, o şey yoxdur. Bu da, dünyagörüşünün kasadlığı ilə bağlı məqamdır".
Cavidan