26 Sentyabr 2015 13:03
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində San-Marino, Uruqvay və Albaniyanın xarici işlər nazirləri ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, San-Marinonun xarici işlər naziri Paskal Valentini ilə görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Görüşdə Azərbaycan Respublikası və San-Marino arasında “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması” haqqında Saziş imzalanıb.


Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə isə iki ölkə arasında mövcud əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb. İki ölkə arasında siyasi dialoqun inkişafında Uruqvay xarici işlər nazirinin müavini Xose Luis Kanselanın bu ilin sentyabr ayında Azərbaycana məhsuldar səfəri və xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin aparılmasının əhəmiyyəti qeyd edilib. Uruqvay xarici işlər naziri ölkəsinin 2016-2017-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olduğunu qeyd edərək, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyü zamanı əldə etdiyi təcrübəsinin Uraqvay ilə bölüşməsindən məmnunluq duyacaqlarını bildirib.


Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətində Latın Amerikası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini qeyd edərək, Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün xüsusilə enerji və kənd təsərrüfatı sahələrində əlverişli imkanların olduğunu nəzərə çatdırıb. Uruqvaylı həmkarını Azərbaycana səfərə dəvət edən nazir, bunun ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün yaxşı imkan ola biləcəyini bildirib. Uruqvaylı nazir dəvəti məmnuniyyətlə qəbul edib. Görüş qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi ilə davam etdirilib.

Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşdə isə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq məsələləri müzakirə olunub. Albaniyalı nazir iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd edərək, xüsusilə enerji sahəsində strateji əməkdaşlıq üçün əlverişli şəraitin olduğunu bildirib. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.


Müəllif:

Oxşar xəbərlər