2 Oktyabr 2015 08:15
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı “Demokratik cəmiyyətlərdə din azadlığı və birgəyaşayış” mövzusunda qətnamənin müzakirələri zamanı çıxış edən erməni deputat Naira Zohrabyan növbəti dəfə Azərbaycanın ünvanına həqiqətdən uzaq ittihamlar səsləndirib.

Erməni deputatdan sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-nın qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici Sahibə Qafarova onun ittihamlarına cavab verib.

S.Qafarova bildirib ki, müxtəlif beynəlxalq tribunalarda mümkün fürsətdən istifadə edərək Azərbaycanın ünvanına mənasız hədələr səsləndirmək, böhtan və uydurma ittihamlar irəli sürmək erməni siyasətçilərin artıq ənənəsinə çevrilib. Onlar bu yolla beynəlxalq ictimai rəyi çaşdırmağı qarşılarına məqsəd qoysalar da, buna nail ola bilmirlər. Çünki beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını qəbul edir və bu, bir çox təşkilatların qəbul etdikləri sənədlərdə, qətnamələrdə öz əksini tapıb. N.Zohrabyanın ittihamlarına gəlincə, o qeyd edib ki, bu gün Ermənistan dünyada olan azsaylı monoetnik dövlətlərdən biridir. Azərbaycan torpaqlarının işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır. Ermənistan Xocalıda və Azərbaycanın digər rayonlarında dəhşətli qətllər, soyqırımları törədib. Bu isə o deməkdir ki, bu dövlətin heç bir təmsilçisinin multikulturalizmdən, humanizm dəyərlərindən danışmağa mənəvi haqqı çatmır. Ermənistan bu gün işğal altında saxladığı Azərbaycan torpaqlarında tarixi abidələri, məscidləri dağıdıb, qəbiristanlıqları məhv edib. Bütün bunlar erməni vandalizminin, barbarlığının əyani təzahürüdür.

Daha sonra ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən danışan Milli Məclisin deputatı deyib: “Azərbaycan öz təcrübəsində sübut edib ki, tolerantlıq, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmət, fərqli dinlərin nümayəndələrinə və onların ənənələrinə ehtiram sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yoludur. Mən böyük fəxrlə deyə bilərəm ki, Azərbaycanda multikulturalizm, tolerantlıq mühiti həyatın bütün sahələrində nailiyyətlərin əldə olunmasına, müxtəlif xalqların və fərqli dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində birgəyaşayışına əlverişli şərait yaradır. Bu gün Azərbaycanda istər xristian icmasının, istər yəhudi icmasının təmsilçiləri əsas çoxluğu təşkil edən müsəlmanlarla real bərabər imkanlara və bərabər hüquqlara malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsində hər bir ölkə vətəndaşının vicdan azadlığı təsbit olunub. Azərbaycanda məscidlə sinaqoqu, kilsəni yanaşı görə bilərsiniz”.

S.Qafarova qeyd edib ki, dini fanatizm və ekstremizm bu gün bir çox ölkələri təhdid etməklə yanaşı, ksenofobiyanın və dini müxtəlifliyin təşviq olunmasına qarşı maneələrin güclənməsini şərtləndirir. Demokratik cəmiyyətlərdə birgəyaşayışdan danışarkən burada dinlə bərabər, bir sıra digər amilləri də vurğulamaq lazımdır.

Hazırda bir sıra maraq qruplarının din amilindən bir vasitə kimi istifadə etdiklərini diqqətə çatdıran deputat əlavə edib ki, bu qruplar dini müxtəlifliyi sivilizasiyalar arasında mübarizənin əsas vasitəsi kimi təqdim edərək çox təhlükəli bir ideyanın əsasını qoyublar. Bununla yanaşı, bəzi separatçı təşkilatlar da öz fəaliyyətlərinə bəraət qazandırmaq üçün din amilindən istifadə etməkdədirlər.

S.Qafarova qeyd edib ki, dinin bu qədər istismar olunduğu, müxtəlif təhdidlərin əsas məqsədi kimi göstərildiyi indiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoq çox vacibdir. Çünki dini dözümlülük, fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının çox əhəmiyyətli şərtlərindən biridir. Ona görə də milli hökumətlər bu məsələlərin həllində daha diqqətli olmalı, dini dözümlülüyün gücləndirilməsinin terrorizmin, dini zəmində qarşıdurmaların meydana gəlməsinin qarşısının alınmasında, davamlı sülhün təmin olunmasında əsas yol olduğunu dərk etməlidirlər.

Azərbaycanlı deputat diqqətə çatdırıb ki, birgəyaşayış ənənələrinin möhkəmləndirilməsi müxtəlif dinlərin milli mənəvi dəyərlərinin inkar olunması kimi dərk edilməməlidir. Birgəyaşayışın əsas formulu odur ki, müxtəlif dinlərin, xalqların tarixi, milli mənəvi dəyərləri qarşılıqlı şəraitdə mühafizə olunsun.

“Biz səmimiyyətlə, qarşılıqlı hörmət və sevgi, güclü iradə ilə əməkdaşlığı gücləndirməli, dini və milli müxtəlifliyin nifaq səbəbi olmasının qarşısını almalıyıq. Bunun yolu isə ortaq insani dəyərlərin qorunmasından keçir”, – deyə S.Qafarova diqqətə çatdırıb.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər