“Əfv institutu Prezidentin müstəsna səlahiyyətinə daxil olan institutdur və əlbəttə ki, bu mərhəmət institutudur. Azərbaycanda Prezidentində hər kəsin prezidenti olduğunu dəfələrlə elan edib. Ayrı-ayrı şəxslər var ki, onlar müəyyən zaman kəsiyində cinayət əməlləri törədiblər. Cənab prezident tərəfindən indiyə qədər çoxsaylı əfv sərəncamları imzalanıb. Müstəqillik dövründə əfv sərəncamları nəticəsində indiyə qədər 6 mindən çox şəxs azadlığa qovuşub. Eyni zamanda müstəqillik dövründə 60 dəfə əfv sərəncamı imzalanıb. Bu proses hazırda davam edəcək. Mən istisna etmirəm ki, qarşıdan gələn bayram zamanı əfv sərəncamının şahidi olaq. Lakin mən deyə bilmərəm ki, oktyabrın 18-də əfv sərəncamı olacaq. Hər halda ümid edirəm ki, 2015-ci ilin sonuna qədər dövlət başçısı tərəfindən növbəti humanizmi nümayiş etdiriləcək”.
Bunu hüquq müdafiəçisi Əlməmməd Nuriyev 18 oktyabrda əfvin olub-olmayacağına dair Teleqraf.com-un sualını cavablandırarkən deyib.
Əlməmməd Nuriyev daha bir məqama toxunub: “Hüquq müdafiə işi ilə məşğul olmaq əhəmiyyətli işdir. Bu həm də, humanitar yanaşmanın həyata keçirilməsi üçün əlavə imkandır. Biz çalışırıq ki, hüquq müdafiə funksiyasını həyata keçirək. Amma son zamanlar bəziləri də peyda olub. Onların yaxın qohumları həbsdədir. Əlbəttə, biz onların dərdlərini başa düşürük, anlayırıq. Amma bəzi hallarda bundan sui-istifadə halları da görürük. Bəzən bu hüquq müdafiəçiləri öz yaxınlarına xüsusi şəraitin yaradılması ilə bağlı ayrı-ayrı dövlət idarələrini, hüquq müdafiəçilərini şantaj edir, yalan informasiyaları dövriyəyə çıxarırlar, böhtan atmağa qədər gəlib çıxırlar. Təsəvvür edin ki, bəzilərinin övladları ağır qətl hadisələri törədiblər, ömürlük azadlıqdan mərhum ediliblər. Onlar insanları yandırıblar, dəhşətli formada qətlə yetiriblər. Biz təbii ki, hər bir məhkumun hüquqlarının qorunmasını zəruri hesab edirik. Baxmayaraq ki, onlar cinayət edib, ancaq onlara münasibətdə ədalətli davranış forması olmalıdır. İnsanlara kömək etməyə çalışırıq. Təəssüflər olsun ki, bəziləri bundan istifadə etməyə çalışırlar, müxtəlif media orqanlarına barəmizdə yalan məlumatlar ötürürlər. Şantaj etməklə öz istəklərinə çatmaq istəyirlər. Eləcədə müxtəlif beynəlxalq təşkilatlara yalan informasiya ötürməyə çalışırlar. Təsəvvür edin ki, bunlar məhkumların saxlanılması qaydası, prinsipi, onunla davranışın necə olmasına dair heç bir elementar məlumatlara malik deyillər. Ancaq bu gün onlar hüquq müdafiəçisi qismində peyda olublar, özlərini hüquq müdafiəçisi adlandırırlar və məhkumluq həyatı yaşayan qohumları üçün xüsusi imtiyazlar tələb edirlər. Qatillər üçün imtiyazlar istəyirlər. Bunlar ayrıca kamerada olmalıdır, onlara fərqli şərait yaradılmalıdır, onlar tez-tez görüşlərə buraxılmalıdır. Bütün bunlar qanunlarda olmayan imtiyazlardır. Buna da, şantaj etmək yolu ilə nail olmaq istəyirlər. Buna getmək olmaz. Bəzi hallarda beynəlxalq qurumlarda onların saxta informasiyası əsasında ölkəmiz haqqında yanlış hesabatlar hazırlayır. Odur ki, bu məsələlərə ciddi diqqət etmək vacibdir. Biz şəxsən nə ediriksə, kimə hansı köməklik göstəririksə, bunu ictimaiyyətə açıqlamırıq. Əslində hüquq müdafiəçisi üçün gördüyü işləri ictimailəşdirmək də etik baxımdan doğru olmaz. Biz etikanı hər şeydən əvvəl gəldiyini düşünürəm. Biz hansı məhkumla bağlı iş aparmışıqsa, bunu reklam etməyi qüsurlu və yolverilməz hesab etmişik. Çünki bu hüquq müdafiəçisi dəyərlərinə ziddir. Biz bu fəaliyyətlə məşğul oluruq. Bizim fəaliyyətimizi bəyənməyə, hətta bizi təhqir də edə bilərlər. Lakin biz fəaliyyətimizi davam etdirmək, insanlara kiçik köməklik etməklə onların hüquq və azadlıqlarının daha yaxşı qorunması işində iştirak etməliyik”.
Nemət