“Azadlıq-2015” siyasi partiyalar blokunda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun deputatlığa namizədliyinin qeydə alınmaması hələ ki blokda parlament seçkilərinin boykot edilməsi ilə bağlı müzakirələrə səbəb olmayıb və hazırda blokda bununla bağlı heç bir təşəbbüs yoxdur. Bunu Trend-ə “Azadlıq-2015” blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
O bildirib ki, yaxın günlərdə blokun toplantısı keçiriləcək və ola bilsin ki, blokun seçkilərdə iştirakı ilə bağlı məsələ yenidən qaldırılsın.
Lakin Ə.Əliyev hesab edir ki, blokun seçkiləri boykot etməsi ehtimalı çox aşağıdır: “Artıq blokun 20-yə yaxın namizədi qeydiyyatdan keçib. Blokun bundan sonra seçkilərdə iştirakı boykot edəcəyini hesab etmirəm. Hansısa təşəbbüs ola bilər, ancaq bu, blokun boykot qərarına səbəb ola bilməz”.
Partiya sədri blokda təmsil olunan partiyaların hansı qərar verməsindən asılı olmayaraq, sədrlik etdiyi partiyanın seçkilərdə iştirak etməkdə qərarlı olduğunu bildirib: “Qanunvericilik belə nəzərdə tutur ki, blok MSK-da qeydiyyatdan keçdikdən sonra kimlərin prosesdən imtina etməsindən asılı olmayaraq, fəaliyyətini davam etdirəcək. Hətta orada bir partiya qalsa belə, həmin blok adından çıxış etmək səlahiyyətinə malikdir. Bu günə olan mövqeyimiz budur ki, hətta blokda sonuncu qalsaq da, blokun təmsilçisi olaraq seçkilərdə iştirak edək. Çünki namizədlərimiz çoxdur, coğrafiyamız genişdir və ona görə də çalışırıq ki, bu namizədləri seçkilərdə sınayaq”.
Qeyd edək ki, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizədliyini irəli sürmüş M.Mirəlioğlunun namizədliyinin qeydə alınması ilə bağlı təqdim edilən imzaların 129-u etibarsız hesab olunduğu üçün onun namizədliyi qeydə alınmayıb. Bundan əvvəl “Azadlıq-2015” blokundan verilən məlumatda bildirilirdi ki, M.Mirəlioğlunun namizədliyinin qeydə alınıb-alınmaması aydınlaşandan sonra blok seçkilərdə iştirakla bağlı məsələyə yenidən baxa bilər.