22 Oktyabr 2015 11:18
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsədin oktyabrın 21-də Moskvaya qəfil səfər etməsi dünya mətbuatının əsas müzakirə mövzusudur. Ölkəsi bir neçə yerə parçalanmış prezidentin təcili Rusiya səfəri müxtəlif rakurslardan şərh edilir.

Son məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin Suriyanın daxili siyasi işlərinə qarışaraq, müxalifət və iqtidarı bir araya gətirib keçid hökuməti qurmaq niyyətindədir. Amma ekspertlər hesab edir ki, tərəflər arasında körpülərin tamamilə məhv olduğu bu ərəb ölkəsində Əsədin rəhbərliyi, hətta iştirakı ilə əmn-amanlıq yaratmaq, normal dövlət qurmaq mümkün olmayacaq.

Politoloq Elxan Şahinoğlu da bu fikirdədir.

Onun sözlərinə görə, Əsədin əvvəlki Suriyanı geri qaytara bilməyəcəyini Putin yaxşı anlayır: "Putinin dəvətindən sonra Əsəd qaça-qaça Moskvaya getdi. Başqa çarəsi yoxdur. Rusiya Əsəd rejiminin dəstəkçisinə çevrilib. İranın Rusiya qədər elə güclü hərbi texnikası və raketləri yoxdur ki, İŞİD terrorçularının mövqelərini bombalasın. İran azsaylı canlı qüvvə ilə Əsəd ordusuna kömək edə, bir də bu işə "Hezbollah" təşkilatını qoşa bilər. Əlbəttə, Putin hələ ki, Suriyanı və Əsədi itirmək istəmir və bu ölkədəki terrorçuları Şimali Qafqaza geri qayıtmadan uzaq məsafədən məhv etmək istəyir. Ancaq məncə Putin Suriya məsələsində həqiqətən beynəlxalq aləm, ən əsası isə çox tənqid etdiyi Vaşinqtonla əməkdaşlığa can atır. Bu məqsədlə Putin Vaşinqtonun "Əsəd müvəqqəti prezident olsun" təklifini də qəbul etməyə hazırdır. Bəs bütün bunları Putin niyə edir? Məncə Putinin əsas məqsədi Suriya məsələsində Vaşinqtonla əməkdaşlıq fonunda Krımın işğalını ABŞ-a həzm etdirməkdir. Putin bunu bacararsa, Suriyadan bir müddət sonra imtina edə də bilər. Onsuz da bütün hallarda Putin anlayır ki, Əsəd keçmiş Suriyanı geri qaytara bilməyəcək. Buna nə ABŞ, nə Səudiyyə Ərəbistanı, Qətər və nə də Türkiyə imkan verər".

Ayxan


Müəllif: