19 Aprel 2014 15:39
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinlənilib. Hesabatı palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.

Sədr 2013-cü ildə aparılan audit işlərindən danışıb, hesabatda millət vəkillərinin bir sıra təkliflərinin nəzərə alındığını qeyd edib. V. Gülməmmədov bildirib ki, hesabat dövründə aparılan auditlərin 5-i büdcə təşkilatlarında, 59-u digər dövlət qurumlarında, 4-ü büdcədən kənar müəssisələrində aparılıb:

"Aparılmış nəzarət auditləri büdcə təşkilatlarının hamısını əhatə edib. Həmçinin, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq idarəsi və digər qurumlarda ilk dəfə audit tədbirləri həyata keçirilib".

Palata sədri bildirib ki, hesabat dövründə bir sıra nöqsanlar qeydə alınıb. Onun sözlərinə görə, əsas nöqsanlar dövlət orqanlarında şöbə və sektorların yaradılması zamanı ştat vahidlərinin normativdən aşağı olması, Səhiyyə Nazirliyində ştat saylarının düzgün olmaması, sosial müavinətlərin ödənilməsində artıq ödəmələrə yol verilməsi, mənzil- kommunal sahəsində normativlərin düzgün olmaması, xidmət haqlarının vaxtında və düzgün yığılmaması, tikinti işlərinin aparılması zamanı layihə-smeta işlərinin görülməməsi, xüsusi razılıq tələb olunan sahələrdə lisenziya olmadan fəaliyyət göstərilməsi və maliyyə hesabatlarının düzgün aparılması ayrı-ayrı müəssisələrə xas olan nöqsanlardır:

"Bununla yanaşı, vəsaitlərin xərclər smetasında nəzərdə tutulmuş normativdən çox xərclənməsi, debitor borclarının gecikdirilməsi, satınalınmaların düzgün aparılmaması, büdcə vəsaitlərindən istifadə etməklə müsabiqənin satınalınma metodlarından əvvəlki illərə nisbətən az istifadə etməsidir".

V. Gülməmmədov qeyd edib ki, hesabat dövründə 4,3 milyon manat və 38 min avro dövlət büdcəsinə köçürülüb: "Bununla yanaşı, 196,1 min manat vəsait müdafiə fonduna köçürülüb. Vergilər Nazirliyi ilə birgə aparılan yoxlamalar nəticəsində 2,5 milyon manat əlavə vergi, 17,3 milyon manat vergi borcu qeydiyyata alınıb. Bu məbləğ dövlət büdcəsinə köçürülüb. Nəzarəti qabaqcadan aparılmış 86,3 milyon manat debitor borclarının bağlanması həyata keçirilib. Hesabat dövründə nöqsanlara görə 13 nəzarət obyektində 99 ştat bağlanıb. 2013-cü il ərzində vəzifədən sui-istifadəyə görə bir sıra qurumlarla bağlı məlumatlar Baş prokurorluğa təqdim olunub. 254 nəfər məsul şəxsə intizam tədbirləri tətbiq olunub".
V. Gülməmmədov bildirib ki, bəzi müəssisələrdə intizam qaydalarına əməl edilmir ki, bu da sonradan problemlərin yaradılmasına səbəb olur. Palata sədri qurumun ötən il beynəlxalq təcrübəsindən də danışıb, bəzi beynəlxalq tədbirlərin Azərbaycanda keçirildiyini bildirib. Qeyd edib ki, Hesablama Palatası bundan sonrakı fəaliyyətində də şəffaflığın qorunması istiqamətində çalışacaq.

Hesabatdan sonra müzakirələr başlanıb

Deputat Zahid Oruc Hesablama Palatasının ştat işçilərinin artırılmasını və səlahiyyətlərinin genişləndirilməsini təklif edib. Deputat vurğulayıb ki, palatanın müəyyən etdiyi maliyyə yeyintiləri sonradan geri qaytarılmır və bu məsələyə də ciddi yanaşmaq lazımdır.

Səfirliklərdə nöqsanlar var

Deputat Vahid Əhmədov hesabatla bağlı çıxışı zamanı maraqlı fikirlər səsləndirib.
Deputat deyib ki, palatanın hesabatlarına diqqət edəndə nəzarət mexanizmi zamanı nöqsanlar ortaya çıxıb: "2013-cü ilin hesabatında iki istiqaməti diqqətə çatdırmaq istəyirəm. Səfirliklərin yoxlanılmasında nöqsanlar var. Təhsil Nazirliyində, əsaslı təmirdə ciddi problemlər var. Hesab edirəm ki, institutlarda da eyni vəziyyətdir. Biz Milli Məclisdə böyük layihələri keçiririk. Təxminən 300 milyondan 1 milyarda qədər. İstərdim ki, Hesablama Palatası bu qurumların da yoxlanılması mexanizmini işləyib hazırlasın. Satınalmalar haqqında qanuna da yenidən baxmaq lazımdır. Audit yoxlamalarının aparılması zamanı korrupsiya faktlarının araşdırılması üçün palataya əlavə səlahiyyətlər verilməlidir. Mən hesabata səs verəcəyəm".

Millət vəkili Əli Məsimli isə bildirib ki, hesabat yaxşı formalaşan mütəxəssislərdən ibarət komanda tərəfindən hazırlanıb: "Mən hesabata səs verəcəyəm. Təklif edirəm ki, dövlət maliyyə nəzarəti haqqında qanun hazırlansın. Palata İsveç və Çindəki səfirliklərimizdə təhqiqat aparıb. Hesab edirəm ki, səfirliklər də mütəxəssislərin və hazırlıqlı şəxslərin hesabına gücləndirilməlidir. Fikrimcə, Gürcüstandakı səfirliyimizdə də buna ehtiyac var".

NEMƏT


Müəllif:

Oxşar xəbərlər