22 Dekabr 2015 11:25
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 17-də Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il parlament seçkiləri barədə 14 seçki şikayəti üzrə qərarını elan edib. Avropa Məhkəməsinin qərarına əsasən, seçkilərdə namizəd olmuş bəzi şəxslərə təzminat ödənməlidir.

Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdən, xüsusən də ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən etibarən universal dəyərlərə sadiqliyini bəyan edib, insan hüquqları, söz və mətbuat azadlıqlarının, gender bərabərliyinin, mədəni sərvətlərin qorunması, yuvenal ədliyyənin tətbiqi və s. sahələrdə mövcud olan beynəlxalq konvensiyalara, sazişlərə qoşulub, bəzən bu və ya digər beynəlxalq təşəbbüsün müəllifi kimi çıxış edib. Eyni zamanda, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq Qərb təsisatları ilə əməkdaşlıq edilib, bir sıra milli hüquqi aktlar məhz belə əməkdaşlıq və müzakirələrin nəticəsində qəbul edilib. Bu addımlar ona görə zəruri idi ki, sovet dövründən qalma hüquqi aktlar yeni dövrün reallıqlarına uyğunlaşdırılsın, insan azadlıqlarının təmini istiqamətində lazımi milli qanunvericilik bazası yaradılsın.

Lakin beynəlxalq institutlarla, xüsusən Qərb təsisatları ilə, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əməkdaşlıq Azərbaycan üçün yeni şərtlər irəli sürmək, bu və ya digər güzəştlərə məcbur etmək, yerli məhkəmə-hüquq sisteminin məhv edilməsi, cəzasızlıq mühiti formalaşdırılması ilə nəticələnməməlidir. Heç kimdə belə illüziya yaranmamalıdır ki, lazımi vəkillər vasitəsilə işini Avropa instansiyalarına daşımaqla cəzadan yayınmaq mümkün olacaq.

Rusiya qanunvericiliyinə görə, beynəlxalq konvensiyaların şərtləri, qoşulmuş olduqları Qərb təsisatlarının aktları yalnız milli qanunvericiliyə zidd olmadıqda tətbiq edilə bilər. Avropa Məhkəməsinin hökmü də yerli məhkəmələr üzərində üstünlüyə malik deyil. Eyni hal Almaniya və Böyük Britaniya praktikasında da var. Bu ölkələr son illər ərzində Avropa Məhkəməsinin heç bir hökmünü icraata yönəltməyiblər.

Nəinki böyük dövlətlər, hətta Ermənistan kimi kiçik ölkə belə Avropa Məhkəməsinin qərarlarını icraata qəbul etmir. Buna nümunə kimi Avropa Məhkəməsinin Böyük Palatasının “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə çıxardığı qərara münasibəti göstərmək olar.

Hüquqşünaslar mövcud durumu milli qanunvericiliyə, yerli məhkəmə-hüquq sisteminə təhdid kimi dəyərləndirirlər. Hesab edilir ki, Azərbaycan da Avropa ölkələri və Rusiya kimi davranaraq öz məhkəmələrinin qəbul etdiyi qərarların tətbiqinə üstünlük verməli, ölkədə Avropa məhkəmələri vasitəsilə hüquqi xaos, cəzasızlıq mühitinin yaradılmasının qarşısı alınmalıdır.

Mövzu ilə bağlı söhbətləşdiyimiz YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib: “Avropa İnsan Hüquqları o qədər ədalətsiz qərarlar qəbul edir ki, artıq yerli məhkəmələr onu qəbul etmirlər. Məsələn, elə hallar olur ki, prosedur qaydalar pozulur. Bu da ola bilər. 10-dan artıq ölkə, o cümlədən Böyük Britaniya, Polşa, Macarıstan və digərləri artıq Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını qəbul etmir. Böyük Britaniya isə ümumiyyətlə qəbul etmir. Bu da ondan irəli gəlir ki, milli qanunvericiliyi tapdalayıb ədalətsiz qərar qəbul edilir. Hansısa anonim yazı, hansısa müraciət əsasında bu cür qərarlar qəbul olunur”.

Müsahibimiz qeyd edib ki, Ermənistan hökuməti “Çıraqovlar işi” üzrə qərar qəbul etsə də, rəsmi İrəvan bu qərarı yerinə yetirməkdən imtina edir: “Ona görə də Avropa Məhkəməsinin qərarları həm ədalətli olmalı, həm bu ədalətli qərarın yerinə yetirilməsinin mexanizmi olmalıdır. Yerli qanunvericiliyə də hörmətlə yanaşılmalıdır”.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev isə bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi bəzi hallarda işlərə siyasi təzyiqlər və siyasi konyunktur nöqteyi-nəzərindən baxır. B.Əliyev bildirib ki, Azərbaycan qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq vətəndaşların Avropa Məhkəməsinə müraciət etməsi ilə bağlı hər cür şərait yaradıb, qanunvericilik bazasını təkmilləşdirib: “Amma bəzi hallarda Avropa İnsan Hüquqları Məhkəməsi bəzi ərizələri icraata qəbul edir, bəzilərini isə qəbul etmir. Bizdə də müəyyən sual formalaşır ki, nə üçün Avropa Məhkəməsi bəzi hallarda işlərə baxır, bəzi hallarda isə baxmır, eləcə də digər konvensiyaların şərtlərinə, həmçinin Azərbaycanın milli qanunvericiliyinə və Konstitusiyasına məhəl qoymur?”

Millət vəkili bildirib ki, hər bir ölkənin qanunvericiliyi və dünyada qəbul edilmiş bir hüquqi norma var: “Hər bir ölkənin Konstitusiyası bütün qanunlardan və konvensiyalardan üstündür. Bu, birmənalıdır. Əgər Azərbaycan məhkəmələri işə Azərbaycan Konstitusiyasının müddəalarına uyğun şəkildə baxıblarsa, onda Avropa İnsan Hüquqları Məhkəməsi bu ərizələrə baxmalı deyil, bundan imtina etməlidir. Amma təəssüflər olsun ki, bəzən bu məsələ diqqətdən yayındırılır, Azərbaycan Konstitusiyasına istinad edilmir, yalnız konvensiyaya istinad edilərək ”seçim"lə müəyyən ərizələrə baxılır. Bu “seçim” bəzən, əlbəttə, çaşqınlıq yaradır və haqlı suallar meydana gətirir".

B.Əliyev əlavə edib ki, əgər Avropa Məhkəməsinin qərarları hüquqi normalara və Azərbaycanın Konstitusiyasına ziddirsə, şübhəsiz ki, həmin qərarların yerinə yetirilməsi qeyri-mümkündür.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər