Bu gün Binəqədi Rayon Məhkəməsində “Müsavatçıların hüquqlarını Müdafiə Komitəsi” üzvlərinin Müsavat Partiyasına olan şikayəti üzrə məhkəmə prosesi davam edəcək.
Qeyd edək ki, Müsavatdan uzaqlaşdırılan bir qrup narazı şəxs partiyanın sonuncu - VIII qurultayının nəticələrinin ləğv edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Qaldırılan iddiada qurultaydan qabaq və sonra bir sıra pozuntuların baş verdiyi qeyd olunub və məhkəmədən nəticələrin ləğvi, yenidən qurultay çağırılması tələb edilib.
İddia ərizəsini Müsavat Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli, partiyanın keçmiş üzvü Əlövsət Sadıqlı, Müsavatın Surxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli, partiyanın Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev və başqaları imzalayıblar. Müsavatın rəhbərliyindən narazı olan şəxslər partiyadan xaric edilib, hazırda isə partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunurlar.
Qeyd edək ki, bundan əvvəl Müsavatdan partiyanın sonuncu qurultayının nəticələrinin ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib. Nazirlik isə müraciətə baxmaqdan imtina edib, məsələnin məhkəmə predmeti olduğunu bildirib.
Müsavat başqanının müavini, partiyanı məhkəmədə təmsil edən vəkil Osman Kazımov sosial şəbəkədə məhkəmə prosesində olacaqlar barədə əvvəlcədən fikirlərini paylaşıb. Onun sözlərinə görə, yenə də məhkəmədə ona cavabı hamıya bəlli olan suallar ünvanlanacaq. O, qeyd edib ki, Müsavat Partiyasına qarşı məhz Qubad İbadoğlunun rəhbərlik etdiyi ADR Hərəkatının təmsilçiləri tərəfindən iddia qaldırılıb.
Bundan öncə isə Qubad İbadoğlu bəyan etmişdi ki, sözügedən məhkəmə prosesinin ADR-ə heç bir aidiyyatı yoxdur.
O.Kazımov isə qeyd edib ki, əsasən Əlövsət Sadıqlı ona suallar verəcək və qurultayda neçə nəfərin iştirak etdiyini, Divanın neçə üzvünün olduğunu soruşacaq: “Mən də deyəcəyəm ki, qurultayda çoxlu adam iştirak edirdi, Divanın da çoxlu üzvü var, hamısı da işğal olunmuş rayonlardandır, qoy Əlövsət bəy gedib arxivi qaldıra bilməsin. Bu cür məhkəmə prosesi olacaq. Hakim hər dəfə rifahçılara deyir ki, ümumi söz danışmayın, sübut təqdim edin. Bu rifahçılar da düşür mənim üstümə ki, Osman Kazımov təqdim etməlidir. Axı iddianı mən qaldırmamışam ki, mən də sübut təqdim edim”.
Əlövsət Sadıqlı O.Kazımovun iddialarına cavab vermək istəmədiyin bildirib: “Osman Kazımovun mənimlə əlaqədar məntiqsiz, səbatsız, yuxu sayıqlamalarına bənzər qeyri-ciddi cızma-qarasına cavab verməyə ehtiyac duymuram”.
O, həmçinin indiyədək Müsavatın qurultayından narazılığı ilə bağlı partiya rəhbərliyinə dəfələrlə müraciətlər etdiyini dilə gətirib: “Müsavat Partiyasının VIII qurultayından əvvəl, qurultay zamanı və sonrakı dövrlərdə baş verən seçki və digər qanun pozuntuları barədə ancaq müsavatçılar üçün olan gizli Feysbuk qrupunda Müsavatın adının seçki saxtakarlıqlarında hallanmasına əsas yaradan şəxslərə, bəlkə də, yüz dəfələrlə müraciət etmişəm. İstəmişəm ki, baş vermiş seçki pozuntularının mənfi nəticələrinin aradan qaldırılması məsələsi partiyadaxili müstəvidən kənara çıxmamaqla öz həllini tapsın. Təəssüf ki, hörmətli İsa Qəmbər və Arif Hacılının şəxsi mənafelərini partiya və ümummilli maraqlardan üstün tutması problemin partiya daxilində həll edilməsinə imkan vermədi. Ona görə də mən problemin mahiyyəti, detalları və həlli yollarını özündə ehtiva edən geniş həcmli məqalələrlə cəmiyyəti məlumatlandırmaq məcburiyyətində qaldım. Düşündüm ki, bəlkə, bu adamlar ictimai qınaqdan çəkinib, etdikləri saxtakarlıqların mənfi nəticələrinin aradan qaldırılması istiqamətində təşəbbüs göstərərlər. Lakin Müsavatın tarixinə saxtakarlıq damğasını vuran şəxslər öz hərəkətləri ilə demokratik prinsiplərdən uzaq olduqlarını bir daha təsdiq etdilər və İsa Qəmbər, Arif Hacılı və onların ətrafında olan bir qrup qaragüruhçu dəstə doğru yolu seçmək, etdiklərindən peşman olmaq, Müsavatın üzərinə yaxdıqları qara ləkəni təmizləmək əvəzinə Müsavatda saxtakarlığa qarşı çıxan namuslu adamlara satqın damğası vurmaq və onları Partiyadan qovmaq yolunu tutdular”.
Onun sözlərinə görə, partiyada baş vermiş saxtakarlıqlara böyük əksəriyyət qarşı çıxırdı: “Ona görə də biz məsləhətləşib, ”Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsi"ni təsis etdik və mən həmin komitəyə sədr seçildim. Problemin partiya daxilində həllinə çalışsaq da, müsbət bir nəticə alınmadığını görüb, nəhayət ki, məhkəməyə baş vurmaq məcburiyyətində qaldıq. Bugünkü məhkəmə çəkişməsi də “Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsi”nə daxil olanlardan 10 nəfərinin iddiası əsasında aparılır. Arif Hacılı təmsilçilərinin adı gedən məhkəmə çəkişməsini ADR-Müsavat problemi kimi təqdim etməsi həqiqətdən tam uzaq olmaqla bərabər, əslində, özlərinin seçki və qanun saxtakarlıqlarını “ADR-Müsavat problemi” arxasında pərdələmək cəhdindən başqa bir şey deyil".
NƏRGİZ