20 Fevral 2016 12:24
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsa Qəmbərin sədri olduğu Milli Strateji Düşüncə Mərkəzinin tədbirləri davam edir. Bu dəfə İ.Qəmbər “Böhran: qlobal və lokal amillər” mövzusunu müzakirəyə çıxarıb.

Qeyd edək ki, sabiq Müsavat başqanının təşəbbüsü ilə keçirilən tədbirlərdə əsasən, indiki başqan Arif Hacılı, sabiq Daxili İşlər naziri İsgəndər Həmidov, VAMBP sədri, Hacıbaba Əzimov, Nüşabə Sadıqlı, Almaz Əliqızı və digər şəxslər iştirak edir. Bundan başqa REAL nümayəndələri və NİDA təşkilatı da toplantıya dəvətlilər arasında olur.

Ötən ildən fərqli olaraq İsa Qəmbər tədbirlərinə sabiq Baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyni dəvət etmir.

Ancaq müşahidələr daha çox Milli Strateji Düşüncə Mərkəzinin tədbirlərinin keçirildiyi tarixlərə istiqamətlənəndə daha maraqlı nüans çıxır. Bəllidir ki, son zamanlar bir neçə partiya bir araya gələrək “Böhran koalisiyası” adlı qurum yaradıb. Onlar vaxtaşırı müzakirələr təşkil edir, böyük toplantılar keçirir. Hazırda “Böhran koalisiyası” fevralın 21-də Azərbaycan Demokrat Partiyasının qərargahında 500 nəfərin iştirakı ilə toplantı keçirmək qərarını verib, bu istiqamətdə ciddi hazırlıq işləri həyata keçirilir. Belə bir məqamda isə İsa Qəmbər bu tədbirləri boykot edərək ictimai-siyasi şəxsləri öz tədbirlərinə dəvət edir.

Qeyd edək ki, sabiq başqan fevralın 6-da da tədbir keçirmişdi. Elə bu tədbirdən bir neçə gün əvvəl “Böhran koalisiyası” 200 nəfərin iştirakı ilə geniş toplantı keçirmişdi. İndi də İsa Qəmbər “Böhran koalisiyası”nın 21 fevral tədbirindən əvvəl təcili surətdə toplantı təşkil edir. O, bu qərarını fevralın 17-də qəbul edib.
Siyasi analitiklər hesab edirlər ki, bu, təsadüfi məsələ deyil. Onların yanaşmasına görə, hazırda müxalifət düşərgəsi, xüsusilə ənənəvi müxalif partiyaları dərin depressiya və böhran keçirir. Belə bir ərəfədə irili-xırdalı ona yaxın təşkilat bir araya gələrək müxalif düşərgədə yeni güc mərkəzi formalaşdırmağa cəhd göstərir. Bu isə İsa Qəmbərin planlarına heç bir halda uyğun gəlmir. Odur ki, İ.Qəmbər indiki halda tədbirlər təşkil etməklə və bu tədbirlərini “Böhran koalisiyası”nın toplantılarından qabağa salmaqla əslində müxalif düşərgədə ən aktiv siyasi xadim olduğuu nümayiş etdirmək istəyir. Onu da qeyd edək ki, MSDM-nin toplantılarına bir qayda olaraq ADP, AXCP, KXCP və Milli Şura dəvət olunmur.

“Böhran koalisiyası”nın nümayəndəsi Əhməd Oruc hesab edir ki, ayrı-ayrı təşkilatların müzakirələri normaldır. Onun fikrincə, buna qadağa qoymaq olmaz: “Biz müzakirə edirik deyə, başqası müzakirə etməməlidir yanaşması ola bilməz”.

Bununla belə Ə.Oruc qeyd edib ki, burada bir rəqabət, müxalifətdə birincilik uğrunda mübarizə də var: “Siyasi partiyalar, siyasətçilərin işi təbliğatlarını aparmaq, cəmiyyətin diqqətini cəlb edən məsələlərə münasibət ortaya qoymaqla mövqelərini gücləndirmək və təbliğ etməkdir. Təbii ki, burada rəqabət məsələsi də var və bu istisna edilmir”.

Müsahibimiz hesab edir ki, artıq bütöv müxalifətin bir araya gələrək müzakirələr aparması çətinləşib: “İllər əvvəl bu mümkün idi. İndi hər partiyanın özünün korporativ marağı, var. Beləcə, bütün müxalifət bir yerdə olmalıdır düşüncəsi aradan götürülür. Elə partiyalar və siyasətçilər var ki, bu amildən özünün maraqları naminə istifadə etmək istəyir. Odur ki, başqa partiyaların bu tədbirdə olmasını istəmir. Bu, reallıqdır. Əvvəl bu qüvvələr bir yerdə olub. Tədricən bu proses arxa plana keçir, siyasi qruplar arasında cəmiyyətdə tanınmaq, onların mövqeyini müdafiə etməklə elektoratı öz tərəfinə çəkmək uğrunda mübarizə gedir. Çünki həm də elektorat eynidir”.

Ə.Oruc deyib ki, “Böhran koalisiyası” ilk tədbirinə İsa Qəmbəri və Müsavat Partiyasını dəvət edib, lakin qarşı tərəf bu prosesdə iştirak etməyib: “İndi bizim tədbirimiz açıqdır, kim istəyirsə, iştirak edə bilər”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər