"Koalisiyanın prinsipiallığına şübhəm var"
Bir neçə müxalifət partiyasının yaratdığı antiböhran koalisiyası hələ tam oturuşmamış qınaqlara tuş gəlib. 15-dən çox müxalif qurumun təmsil olunduğu koalisiyada ölkənin aparıcı müxalif siyasi qüvvələri, o cümlədən, Müsavat Partiyası və AXCP təmsil olunmurlar. Odur ki, sonuncu iki düşərgənin yeni birliyə münasibəti heç də isti deyil.
Teleqraf.com-un xəbərinə görə, Müsavat başqanının müavini Elman Fəttah bildirib ki, antiböhran adı altında birləşən lokal qrupların məqsədi ona bəlli deyil: "Hədəflərini özləri də bilmirlər. Bundan əvvəl parlament seçkiləri, Avropa Oyunları ilə bağlı onların fəaliyyətləri yaddaşımızdan silinməyib. Partiyamızın bu məsələlərə öz yanaşması var. Hədəflərimiz dəqiqdir. Koalisiyada təmsil olunanların yenidən hakimiyyətlə dialoq cəhdləri onlar barəsində olan fikirlərimizi qətiləşdirir. Ona görə də koalisiyanın prinsipiallığına şübhəm var. Həmin toplantıları ciddiyə almıram”.
Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu daha öncə Teleqraf.com-a açıqlamasında deyib ki, AXCP və Müsavat Partiyasının koalisiyada olunmaması ümumi işin xeyrinədir: "Onlar hansısa birlikdə olanda intriqalar, qarşıdurmalar olur və koalisiya dağılır. Həmçinin bu gün bizim keçirdiyimiz tədbirlər gündəmi qəsb etdiyi halda, onların tədbirləri arxa planda qalır".
E.Fəttah S.Cəlaloğlunun fikirlərini əhəmiyyətsiz saydığı üçün ona münasibət bildirmək istəməyib.
Ayxan