15 Mart 2016 19:33
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir hadisə ikinci dəfə təkrarlanırsa, bu artıq təsadüf deyil” deyimi ilə yanaşsaq Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın ikinci dəfə Bakıya səfərinin təxirə salınması iki sualı cavabsız qoydu.

1. Ankara terrorlarının mesajı nə idi?
2. Əliyev-Ərdoğan görüşünü kimlər istəmir?

Birinci hadisə: Fevralın 18-də Türkiyə liderinin Azərbaycana səfəri nəzərdə tutulurdu. Görüş paytaxt Bakıda deyil, Gəncədə keçiriləcək və bununla türk dünyasının əsas iki lideri tarixi mesajlar verəcəkdi. Lakin Ərdoğanın Gəncə səfərinə təbiət imkan vermədi. Hər-halda rəsmi məlumatda görüş yerinin Gəncədən Bakıya dəyişdirilməsi havanın dumanlı olması, buna görə də türk liderin təyyarəsinin enə bilməməsi ilə əlaqələndirilmişdi. Amma Ərdoğan Bakıya da gələ bilmədi. Səbəb fevralın 17-də Ankarada törədilən dəhşətli terror aktı idi. Ərdoğan terrora görə Bakıya gələ bilmədi və bu qəfil dəyişiklik “Türk liderin Bakı səfərini istəməyən qüvvələr var” ehtimalını ortaya çıxartdı. Təxminən bir ay sonra – martın 15-də Ərdoğanın baş tutmayan Bakı səfəri yenidən gündəmə gəldi. Bu dəfə duman yox idi. Lakin yenə gözlənilməz səbəb ortaya çıxdı: terror.

İkinci hadisə: martın 13-də Ankarada ikinci dəfə terror aktı törədildi və bu, Ərdoğanın Bakı səfərindən iki gün öncə baş vermişdi. Əvvəlcə Türkiyə liderinin səfər proqramının dəyişmədiyi açıqlandı, amma sonradan səfər təxirə salındı. İkinci hadisə “Türk liderin Bakı səfərini istəməyən qüvvələr var” ehtimalını doğrultdu.

Beləliklə, cavabsız qalan iki sual aydınlaşır. Ankara terroru Türkiyəyə, dolayısı ilə Azərbaycana mesajdır. Həmçinin, bu mesajı verənlər Əliyev-Ərdoğan görüşünü istəmirlər. İkinci terror aktı bunu açıq şəkildə göstərir.

Regionda toqquşan maraqlar və cərəyan edən siyasi proseslər baş verənlər fonunda diqqət çəkir.

Türkiyə-Azərbaycan yaxınlaşması (indiki situasiyada qardaş olan iki ölkənin daha da yaxınlaşması xüsusi önəm kəsb edir) Bakının regionda gücünü artırır. Həmçinin, Ankaranın regional güc olması istiqamətində geniş cığır açılır. Lakin regionda hegemon olmağa can atan ən azı iki güc var: Rusiya və İran.

Rusiya: Türk-rus qarşıdurmasında Bakının mövqeyi Moskva üçün olduqca əhəmiyyətlidir. Çünki Moskva Azərbaycansız Cənubi Qafqazı öz təsir dairəsinə ala bilməyəcəyini yaxşı anlayır. Əslində son dövrlər Ermənistana ciddi dəstəyin verilməsi, Sarkisyanın Moskvaya çağırılması kimi proseslər də Rusiyanın bölgəyə dair manevrlər etdiyini göstərir. Bu baxımdan, Ankara-Bakı yaxınlaşmasını Moskvanın qəbul etməyəcəyi təbii görünür.

İran: Tehran sanksiyalardan sonra regional güc olmaq iddialarını ortaya qoyub. Bakı İran üçün Cənubi Qafqaza vizit kartı ola bilər. Ortada Bakı-Tehran-Moskva və Bakı-Tehran-Ankara ittifaqı kimi iki cəbhə var. İndiki halda üz-üzə dayanan iki ittifaq ideyasında birincinin həyata vəsiqə alması daha az ehtimaldır. Lakin hər şeyə rəğmən, İran gələcəkdə bu regionu Türkiyə ilə bölüşdürmək niyyətində deyil. Bu baxımdan, indiki yaxınlıq daha çox yaxın perspektiv üçün nəzərdə tutulub və məqsəd Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqdır. Bakı ilə Ankaranın yaxınlaşması uzaq perspektivdə Tehrana da sərf etmir.



“Biz Türkiyənin yanındayıq”, “Azərbaycan pis gün dostudur” mesajları əslində Türkiyənin düşmənlərinə Ankaradan cavab mesajı idi.

Hesab etmək olar ki, Ərdoğanın Bakı səfərinə mane olmaq istəyənlər əks manevri hesablamayıb. Azərbaycan lideri Ankaraya səfər etməklə bir çox planı alt-üst etdi. Bundan sonra baş verəcəklər ciddi marağa səbəb olacaq. Ərdoğanın apreldə Bakıya gəlmək niyyətində olması da maraqla gözlənilən hadisələr sırasındadır.

Asif Nərimanlı


Müəllif:

Oxşar xəbərlər