Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli yazıları ilə bağlı ona ünvanlanan gileylərdən danışıb. REAL üzvü bildirib ki, Rusiyadan onun sosial şəbəkədəki səhifəsini izləyənlərin sayı artıb:
“Getdikcə daha çox adam məndən hərdən rusca yazmağımı xahiş edir. Doğrusu, mən səhifəmi açanda, oxucumu ancaq öz dilimizdə düşünən adam kimi təsəvvür etmişdim və bugünədək yazılarım öz dilimizdə olub. Bunun siyasi mənası var. Bununla belə, ölkəmizdə, istəsək də, istəməsək də, "rusdilli" adlanan çevrələr var ki, aralarında yurdumuza canı yanan, ictimai və siyasi işlərdə iştirak etmək istəyənlər də var. Xahiş də elə onlardan gəlir. Daha təəccüblüsü, nə işdirsə, Rusiya'dan səhifəmi izləyənlərin sayı çoxalır (əksəriyyəti orada yaşayan soydaşlarımızdır) - onların da xeylisi rusca düşünür, bir qayda olaraq.
Üstəlik, bəzi yazılarımı Rus və İngilis dillərində təhrif edərək orda-burda yayanlar, onlara qərəzli şərh yazanlar olur. Bunun nəticəsində, ünvanıma anlaşılmazlıqlarla dolu giley və suallar gəlir ki, hər birisinə ayrıca cavab yazmaq imkanım və həvəsim olmur. Deyirəm, bəlkə, elə özüm bəzi həssas (ziddiyyətli) mövzularda Rus və İngilis dillərində yazım ki, məna birbaşa ötürülmüş olsun? Hələ bir qərara gəlməmişəm, düşünürəm. Eyni mövzuda üç dildə yazmaq zaman və həvəs tələb edir. Ya da, bəlkə, ayrı bir bloq açıb, orada ancaq Rus və/və ya İngilis dilində yazmaq olar”.
Bəkir