“Azərbaycan nümayəndə heyəti erməni təxribatlarına AŞPA-da da lazımi cavabı verir”
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.
Onun sözlərinə görə, Ermənistan nümayəndə heyəti həmişə olduğu kimi AŞPA-nın yaz sessiyasında da təxribata əl atır:
“Təxribat ermənilərin mahiyyətindədir. Onlar özlərinin törətdiyi vəhşilikləri Azərbaycanın adına yazır, az qala Azərbaycanı işğalçı ölkə kimi göstərirlər. Təbii ki, bu sessiyada da onlar təxribata əl atır, saxta sənədlər təqdim edir və özlərini haqlı göstərməyə cəhd edirlər. Amma bunun heç bir mənası yoxdur”.
Deputat qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ AŞPA-nın Avropa münaqişələr üzrə alt komitəsində müzakirə olunacaq. Rafael Hüseynov bildirib ki, Qarabağ məsələsinin üç müxtəlif istiqamətdə AŞPA plenar iclasının gündəliyinə salınması təklif olunsa da, Büro iclasında məsələnin münaqişələr üzrə alt komitədə müzakirəsi qərara alındı.
Nümayəndə heyətinin üzvü vurğulayıb ki, AŞPA ümumilikdə Qarabağ münaqişəsinin diplomatiya yolu ilə həllinə çağırdı: “Hamı münaqişənin sülh yolu ilə həllini təklif edir, bölgədə gərginliyin artmasından narahatlıqlarını bildirir. Ümumilikdə AŞPA-nın mövqeyi Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın işğala son qoyulması ilə bağlıdır.
AŞPA prezidenti Pedro Aqramunt da bugünkü giriş nitqində Azərbaycanın ərazi bütövlüyünü bərpasının vacibliyinə toxundu və əvvəlki mövqeyini başqa sözlərlə yenidən ifadə etdi. AŞPA-nın 2005-ci ildə qəbul etdiyi qətnamədə də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılması qeyd olunur, Dağlıq Qarabağda separatçı rejim pislənilir. Ayrı-ayrı deputatların fərqli mövqeyinin bizim üçün mənası yoxdur. Əsas odur ki, AŞPA Qarabağ məsələsində dürüst və ədalətli mövqe tutur”.
Nərgiz