23 Aprel 2016 14:45
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tofiq Yaqublu səmimi olaraq Müsavatdan gedənləri və partiyadan çıxarılanları yenidən təşkilata qaytarmaq arzusundadır və onun irəli sürdüyü təkliflər səmimiyyətindən doğur. Bu adam ümumiyyətlə, real müxalifətin simasını formalaşdırmaq, onu bir araya gətirmək istəyir. Bu baxımdan mən onun çabalarını yüksək qiymətləndirirəm”.

Bunu Teleqraf.com-a ADR Hərəkatının funksioneri, professor Adil Qeybulla Tofiq Yaqublunun ADR Hərəkatı ilə Müsavat Partiyasını bir araya gətirmək üçün atdığı addımları qiymətləndirərkən bildirib.

Professor eyni zamanda əlavə edib ki, Müsavatdan gedənlər, haqsız yerə çıxarılanlar haqqında partiyada qalan bəlli insanlar o qədər əsassız sözlər və ittihamlar irəli sürüblər ki, bundan sonra onların bir təşkilatda hansı mexanizm əsasında fəaliyyət göstərəcəyi şəxsən onun üçün qaranlıqdır: “Bu, açığı, mənə görə çətin dərkediləndir. Partiyadan bu qədər qopmalar, gedən şəxslərin ünvanına müxtəlif ittiham xarakterli çıxışlar olub. Əgər belə olmasaydı, Müsavatdan qopmaların miqyası belə çox olmayacaqdı. İndiyə qədər də psixoloji müharibə davam edir. Sanki insanlar odu söndürüb külü ilə oynayırlar. Bütün hallarda Tofiq Yaqublunun təklifi mahiyyət baxımından mütərəqqidir. Ancaq bunun reallaşdırılması çox çətindir. Hər halda Tofiq Yaqublu öz nüfuzundan istifadə edərək bu istiqamətdə çalışırsa, bəlkə müsbət nəticə olar. Ancaq bir daha qeyd edirəm ki, şəxsən bu mənim üçün bir qədər əlçatmaz və çətin görünür”.

Adil Qeybulla əlavə edib ki, eyni təşkilatda 20 ildən çox çiyin-çiyinə çalışan insanlardan söhbət gedir: "İndi də onlar arasında psixoloji müharibə davam edir. Gəlin etiraf edək ki, Müsavat həm də ziyalı partiyası kimi, qaraguruhdan uzaq, ziyalı obrazı olan, cəmiyyətə müxtəlif məsələlərə dair konsepsiyalar təqdim edən, öz intellekti ilə fərqlənən təşkilat kimi tanınıb. Müsavatın bu şəkildə dağılması, ittihamların üzə çıxması ürək ağrıdan məsələdir. Hər halda bu faktdır və baş verib”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər