“Cəbhə xəttində vəziyyət oradan daxil olan məlumatlara görə gərgindir. Ermənistan 2-5 aprel tarixində baş verən döyüşlər zamanı uğradığı məğlubiyyətlə barışmaq istəmir. Prezident Sərkisyan özünün siyasi karyerasının zərbə altında olduğunu görərək ən müxtəlif provokasiyalara əl atır. Artıq onlar ən çirkin metodlara-yaşayış məntəqələrinə, mülkü əhaliyə atəş açır, insanların yaşadığı evləri vurur.
Azərbaycan ordusu Ermənistanın getdiyi yolla getmək niyyətində deyil. Azərbaycan müdafiə nazirinin əmri ilə ancaq Ermənistanın hərbi obyektləri vurulur. Ermənistan silahlı qüvvələrinin həmlələrinə cavab verilir. Bununla belə vəziyyəti diplomatik yollarla həll etmək üçün səylər göstərilir. Reallıq bundan ibarətdir. Azərbaycanın səbri tükənməz deyil və heç də Ermənistanın nazı ilə oynamaq niyyətində deyilik. Cavab tədbirləri verilir, diplomatik xətlərlə baş verənlər beynəlxalq aləmdə işıqlandırılır. Bununla belə Ermənistan müvafiq cavabını alacaq”.
Bunu millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə son bir həftə ərzində cəbhədə baş verənləri qiymətləndirərkən deyib.
Deputat politoloq Duqinin Dağlıq Qarabağ münaqişəsinə dair son fikirlərini də şərh edib: “Duqin radikal mövqeyi ilə seçilən rus politoloqdur. Onun fikir və mövqelərini ümumilikdə Rusiya rəsmi dairələrinin fikri kimi qəbul etmək doğru olmazdı. Bu, sadəcə olaraq Rusiyada, ictimaiyyətdə mövcud olan mövqelərdən biridir. Dağlıq Qarabağ məsələsi heç bir halda Cənubi Osetiya və Abxaziya variantları ilə eyniləşdirilə bilməz. Bu baxımdan Rusiyada və Ermənistanda müəyyən qüvvələr istərdilər ki, Azərbaycanla onların istədiyi formada davransınlar. Lakin Rusiya-Azərbaycan münasibətləri o səviyyədədir ki, heç bir halda Dağlıq Qarabağın müstəqil subyekt kimi tanınması mümkün deyil.
Rusiya Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, münaqişənin iki dövlət arasında həll edilməsinə çalışır, diplomatik səylər göstərir. Ancaq əlbəttə ki, son nəticə Ermənistanın tutduğu mövqedən asılıdır. Ermənistan isə gördüyünüz kimi bu gün normal düşüncə tərzini itirib və bunun nəticələrinə də, özü cavabdehlik daşıyacaq”.
Nemət