“Sent-Etyen”nin baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə səfər oyunu öncəsi mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, jurnalistlərin suallarını cavablandırıb:
- İki il öncə Bakıda olmuşdunuz. Bu iki il ərzində sizin komandada nə dəyişiklik baş verib? Bu dəyişikliklər “Qəbələ” ilə oyuna necə təsiri edəcək?
- 2 il az müddət deyil. İlk öncə təcrübəmiz artıb. Sabahkı oyunda da iki il ərzində topladığımız təcrübənin çox təsiri olacaq.
- İlk oyunda "Qəbələ" öz gücünü göstərə bildi?
- “Qəbələ” ilə sonuncu oyunumuz maraqlı idi. Söz yox, bu oyun avtoqolla nəticələndi. Amma “Qəbələ” öz gücünü göstərdi. Əsas məqsədimiz qrupdan çıxmaqdır.
- Adətən oyun öncəsi baş məşqçilər həyəcanlı olurlar, lakin sizin əhvalınız xeyli yüksəkdir...
- Düzdür, əhvalım yaxşıdır. Amma bir neçə gün öncə pis idim. İndi çox yaxşıyam. Bizi mehriban qəbul etdiyiniz üçün minnətdarıq.
- Siz bir məşqçi kimi oyuna hazırsınız?
- Düzdür, bir neçə gün idi ki, halım yaxşı deyildi. Amma sabahkı oyunda əlimdən gələni edəcəm. Sıx qrafikdə oynayırıq. Bunun təsiri olacaq.
- “Qəbələ” bu mövsüm Avroliqada 5 ev oyununun hər birində qol vurub. Bu, sizi narahat edirmi?
- Ümid edirik ki, sabahkı oyunda uduzmayacağıq. "Qəbələ" qalib gələ bilər. Amma biz də qələbə üçün əlimizdən gələni edəcəyik. “Qəbələ”ni zəif komanda kimi görmürük.
- Bir məşqçi kimi ilk səfərinizlə, bugünkü səfəriniz arasında hansı fərqlər var?
- 2 il ərzində çox oyunumuz olub. Güclü klublarla qarşılaşmışıq. Bəzilərində uğurlu nəticələr qazanmışıq. Bir məşqçi kimi bu oyuna hazıram. Fransa ilə matçda da “Qəbələ”nin oyununu gördüm. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Saat fərqi sizin oyununuza təsir edəcəkmi?
- Əlbəttə. Biz Fransanın saatı ilə hərəkət edirik. Amma bunun oyuna təsiri olmayacaq.