Teleqraf.com-un Apasport.az-a istinadən verdiyi məlumata görə, komandanın çıxışını dəyərləndirən T.Heydərov gələn mövsümlə bağlı planlardan da danışıb.
- “Qəbələ” əvvəlcə çempionluğu, ardından isə ölkə kubokunu son anda əldən verdi. Komandanın çıxışını necə dəyərləndirirsiniz?
- Həm çempionatda, həm də ölkə kubokunda gözlədiyimizin minimumunu əldə etdik. Məncə, komandanın çıxışını ümumilikdə normal dəyərləndirmək olar. Ancaq əlbəttə ki, biz daha yaxşı nəticə istəyirdik. Məqsəd çempion olmaq, heç olmasa, kuboku qazanmaq idi. Bu dəfə alınmadı. Çalışacağıq ki, gələn dəfə buna nail olaq.
- Sizcə, nə çatmadı?
- Məncə, “Qarabağ”ın peşəkarlığı, həm çempionatda, həm də ölkə kubokunda stabil oyun göstərməsi böyük rol oynadı. Onlar ən böyük rəqibimiz idilər. Onsuz da əvvəlcədən bilinirdi ki, əsas mübarizə bu iki komanda arasında olacaq. Mənə elə gəlir ki, bizə mane olan ən böyük faktor məhz “Qarabağ” oldu. Bizim də çox səhvlərimiz oldu, lazımsız xallar itirdik. Gözləmədiyimiz halda bəzi komandalara xallar verdik.
- Baş məşqçi Roman Qriqorçukla yola davam edəcəksinizmi?
- Bununla bağlı danışmamışıq. Yaxın günlərdə söhbət edəcəyik. Ümid edirəm ki, baş məşqçi ilə işbirliyimiz davam edəcək.
- Komanda gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq. Bununla bağlı hazırlıqlar hansı çərçivədə keçəcək, yeni transferlər olacaqmı?
- Yeni oyunçularla bağlı son qərarı baş məşqçi verəcək. Rəhbərlik olaraq hər cür dəstəyi verəcəyik. Ancaq büdcə ilə bağlı o mənada dəyişiklik ediləcək ki, artım olmayacaq. Bəlkə də, eniş oldu, amma az-çox eyni büdcə ilə davam etmək fikrindəyik. Bir neçə oyunçu almağı da düşünürük.
- Komandanız bu mövsüm avrokuboklardakı iştiraka görə müəyyən məbləğdə gəlir əldə etdi. Həmin pulla superulduz transfer etməyiniz mümkündümü?
- Bizim büdcəmiz və həmin yarışlardan əldə edilən gəlir nəyə imkan verəcəksə, ona uyğun da addım atılacaq.
- Avropa Liqasında hədəfiniz nə olacaq?
- Eyni uğurları davam etdirməyimizi gözləmək asandı. Komandanın qrup mərhələsinə düşməsi gözləntisi hamımızda var. Unutmaq lazım deyil ki, biz ardıcıl iki dəfə bunu bacarmışıq. Bu özü bir rekord idi. Həmin qrup mərhələsinə düşmək üçün yenidən rekorda imza atmalıyıq. Bu özü özlüyündə çox çətin prosesdir. Ancaq qrupa qədər irəliləyə bilsək, çalışacağıq ki, orda keçəndəfəki uğursuzluğu təkrarlamayaq, xallar qazanaq və mümkün olarsa, qrupdan çıxaq.
- Kubokun final matçının Naxçıvanda keçirilməsinə münasibətinizi bilmək maraqlı olardı. Atmosfer necə idi? Havanın isti olmasının futbolçulara bir təsiri oldumu?
- Naxçıvana gəlmək çox xoşdur. Bura mənim ata yurdumdur. Burada azarkeşlərin çox olmasını görmək sevindirici haldır. Meydançanın durumuna gəldikdə, Bakıda daha yaxşı ot örtüyü var idi. Finalı paytaxtda da keçirmək olardı. Ümid edirəm ki, gələn dəfə belə qərarlar məsləhətləşərək və düşünülmüş şəkildə verilər. “Qarabağ” da, “Qəbələ” də Azərbaycan komandasıdır. Futbol azarkeşlər üçündür. Biz möhtəşəm atmosferli oyunun şahidi ola bilərdik. Ümid edirəm ki, gələn il finala kimin yüksəlməsindən asılı olmayaraq, stadion seçimində daha yaxşı düşünülər. Əlbəttə ki, Naxçıvanda yenə oyun keçirmək istərdik. Bununla bağlı heç bir problemimiz yoxdur. Azarkeşləri sevindirmək üçün yoldaşlıq görüşü keçirmək olar. Ancaq kubokun finalı çox vacib oyundur.
- Çempionluq və ölkə kuboku “Qəbələ” üçün sirli qutuya çevrilib. Böhran dönəmində klubların dağılma prosesinin sürətlənməsini nəzərə alsaq, sizdə ruh düşkünlüyü yaranırmı?
- Ruh düşkünlüyü yaranmır. Əgər səhvlər özümüzdən asılıdısa, burada ruh düşkünlüyü yarana bilməz. Kənardan maneələr olarsa, bu, ruh düşkünlüyü yarada bilər. Klubların fəaliyyətini dayandırması yaxşı hal deyil. İstərdim ki, bunun qarşısının alınması üçün kənardan dəstəklər olsun. Bütün yükü klub rəhbərliyi öz üzərinə götürə bilməz. Kənardan dəstək çox yaxşı olar.