21 Sentyabr 2017 16:35
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Gənclər Forumu çərçivəsində Qazaxstan-Azərbaycan gəncləri günlərinə start verilib.

Bu barədə Teleqraf.com-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Ş.Yesenova adına Xəzər Dövlət Mühəndislik və Texnologiyalar İnstitutunda baş tutan tədbirdə Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Bababyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Qazaxıstanın Dini Məsələlər və Vətəndaş Cəmiyyəti İnstitutunun gənclər siyasəti üzrə departamentinin direktoru Qabidulla Ospankulov hər iki ölkənin tarixi köklərə sığınan dostluq, qardaşlıq münasibətlərindən söz açaraq, Azərbaycan nümayəndə heyətinin Qazaxıstanda olmasından məmnunluq hissi duyduğunu bildirib, səmimiyyətlə hər kəsi salamlayıb. Departament direktoru Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən Xəzəryanı Gənclər Forumunun keçirilməsi ilə bağlı təşəbbüsün irəli sürüldüyünü və bununla da müxtəlif tədbirlərin həyata keçirilməsi qərarının verildiyini bildirib:

“Ötən il Qazaxıstan və Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 25 illiyini qeyd edib. Bu illər ərzində müxtəlif sahələrdə olduğu kimi, gənclər sahəsində də çox böyük işlər görülüb. Azərbaycan artıq bütün dünyada iri layihələrə yüksək səviyyədə ev sahibliyi etməsi ilə tanınır. Ümumdünya Şahmat Olimpiadası”, Gənclər siyasəti üzrə Qlobal Forum, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlər Azərbaycanı dünyada daha çox tanıdıb. Çıxışının sonunda departament direktoru bir neçə gün davam edəcək tədbirin gənclərin əlaqələr qurması, hər iki ölkənin gənclər siyasəti sahəsində görülən işlərin daha da möhkəmləndirilməsi üçün faydalı olacağını diqqətə çatdırıb, gəncləri müzakirələrdə daha aktiv olmağa çağırdı.

Sonra söz Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevə verildi. Nazir müavini dəfələrlə Qazaxıstanda olduğunu və daim bu ölkə ilə gənclər sahəsində sıx əməkdaşlıq edildiyini diqqətə çatdırdı. Nazir müavini bu tədbirin Azərbaycan tərəfi üçün sadəcə formal xarakter daşımadığını, tarixi, mədəniyyəti, adətləri bir kökə sığınan qardaş ölkəyə edilən dostluq səfəri olduğunu söylədi.

İntiqam Babayev: “Biz hər iki ölkənin rəhbərlərinə minnətdar olmalıyıq. Dünayada baş verən xoşagəlməz siyasi hadisələr cərəyanında Azərbacan və Qazaxıstanın ölkə rəhbərləri sayəsində hər iki ölkə daim stabilliyini, təhlükəsizliyini qoruyub saxlaya bilmiş və daim inkişaf tempinə malik olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdi ki, Nursultan Nazarbayev kimi prezidentə malik olmaqla, Qazaxıstan xalqının bəxti gətirib. Nursultan Nazarbayev isə hər zaman Azərbaycanla çiyin-çiyinə olduğunu nümayiş etdirmiş, hətta Azərbaycanın iştirak etmədiyi qlobal tədbirlərdə belə, qardaş ölkənin mənafeyini müdafiə etmişdir.”

Çıxşının davamında nazir müavini bütün dünyada gənclər siyasənin düzgün şəkildə aparılmalı olduğunu, məhz bugünün gənclərinin sabahın inamı olduqlarını diqqətə çatdırıb. İntiqam Babayev Azərbaycanda bu siyasətin bünövrəsinin ümumilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib, ölkənin gənclər siyasətinin inkişafı məqədi ilə imzalanan Dövlət proqramları, sənədlər və digər mühüm əhəmiyyət kəsb edən tədbirlər haqqında məlumat verib. Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir neçə gün bundan öncə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın imzalandığını və bununla da, bu sahədə daha böyük imkanların yaradıldığını diqqətə çatdırdı. Çıxışının sonunda nazir müavini tədbir çərçivəsində imzalanacaq memorandumların kağız üzərində qalmamalı olduğunu bildirib, bu sənədlərdən irəli gələrək əlaqələrin daha möhkəm inkişafına zəmin yaradacığına əmin olduğunu diqqətə çatdırıb.

Sonda “Yeni Azərbaycan Partiyası” Gənclər birliyi və Qazaxstanın “Jas Otan” , eyni zamanda, Azərbaycan Respublikası Tələbə Gənclər Təşkilatları İttifaqı və Qazaxstan Gənclər Konqresi arasında əməkdaşlı haqqında memorandum imzalanıb. Rəsmi tədbirin sonunda, Azərbaycan milli musiqi alətləri, əl işləri, milli yeməklərindən ibarət sərgi təqdim olundu. Tədbirin ilk hissəsi konsert proqramı ilə başa çatıb.

Daha sonra Azərbaycan nümayəndə heyətinin “Nazarbayev intellektual məktəbi”nə tanışlıq səfəri təşkil edilib, eyni zamanda, Azərbaycandan gələn qonaqlar üçün mədəniyyət proqramları nümayiş edilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər