Pis oynamadıq. Uşaqlardan narazılığım yoxdur. Bu gün nə bacarıqları var idi, meydanda göstərdilər. Penaltiyə kimi rəqibə şans vermədik. Ancaq təəssüf ki, qol buraxdıqdan sonra qol fürsəti yarada bilmədik. Ümid edirəm ki, qarşıdakı turlarda xal ehtiyatımızı artıra biləcəyik.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə “Qarabağ”a uduzan (0:1) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Sizcə, hesabın kiçik olması “Qarabağ”la bağlı idi, yoxsa “Səbail”in müqaviməti ilə?
- Məncə, bizim müqavimətimiz həlledici oldu.
- Növbəti mövsümdə heyətlə bağlı dəyişikliklər olacaq?
- Rəhbərliklə bu barədə görüşümüz olub. Tam açıqlamaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, daha yaxşı “Səbail” görəcəksiz. Demirəm, yüksək yerlər uğrunda mübarizə aparacağıq. Ancaq daha yaxşı yerlər uğrunda mübarizə aparacaq, daha yaxşı kollektiv formalaşdıracağıq. Bu mövsüm isə əsas məqsədimiz komandanı formalaşdırmaqdır.
- Koçuk və Vaxidin bu gün oynamamasının səbəbi nə idi?
- Koçukun zədəsi var idi. Bu gün buna görə çıxış etmədi. Vaxidin oynamasına səbəb isə komandanın hücum xəttində olan rəqabətdi. Bu gün digər hücumçulara şans vermək istədim.