Teleqraf.com-un “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur.
Tanıtım:
Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub, 2004-cü ildə ali məktəbi bitirib. 2004-cü ildə Polis Akademiyasına daxil olub və 2008-ci ildə təhsilini müvəfəqiyyətlə başa vurub. Hazırda Daxili İşlər Nazirliyində işləyir, polis polkovnik-leytenant rütbəsinədir və öz fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülüb. Bundan başqa, Eduard Məmmədov Polis Akademiyası nəzdində İdarəetmə və ixtisasartırma fakültəsini bitirərək, üçüncü ali təhsil alıb.
O, 1993-cü ildən peşəkar kikboksinqlə məşğuldur. Millət vəkili Adil Əliyevin başçılıq etdiyi Azərbaycan Kikboksinq Federasiyasının idmançısıdır. İlk qələbəsini 1995-ci ildə, Azərbaycanda keçirilmiş ilk çempionatda qazanıb. Eduardın məşqçisi Azərbaycan Respublikasının əməkdar məşqçisi Çingiz Eyvazovdur. 23 qat dünya, 15 qat Avropa, 7 qat Avropa çempionudur Eduard. WAKO-PRO versiyası üzrə ən nüfuzlu interkontinental kəmərin sahibidir. 1997-ci ildə Azərbaycan Respublikası, 1999-cu ildə isə beynəlxalq idman ustası adını alıb. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə "Vətən uğrunda" medalı ilə mükafatlandırılıb. 25 dekabr, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qeyri-olimpiya idman növünün inkişafında xüsusi xidmətlərə görə Fəxri Fərmanla təltif edilib. Hazırda yarışlarda həm də döyüşçü kimi iştirak edən məşqçilərdəndir. Məşqçi fəaliyyətinə 2000-ci ildə başlayıb. 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adına layiq görülüb. Onun tələbələri arasında dəfələrlə dünya və Avropa çempionları olmuş idmançılar var. Ailəlidir, iki övladı var.
Elə bir titul yoxdur ki, qazanmayım
Xəzər Süleymanlı: - Eduard bəy, demək olar ki, bütün mötəbər turnirlərin qalibi olmusuz. Həyata keçməyən arzularınız varmı?
- Bütün yarışların qalibi olmuşam, bütün medalları qazanmışam. Əlbəttə, bu təkcə mənim yox, Azərbaycanın uğurudur. İdmançı olaraq bir şeyi düşünürük ki, iştirak etdiyimiz yarışlarda Azərbaycanın bayrağını yüksəklərə qaldıraq. Elə bir titul yoxdur ki, qazanmayım. Məqsəd o deyil ki, çempion olmaqla say artırım, sadəcə, döyüşürəm, vuruşuram və qalib gəlirəm.
- Ancaq hər idmançının arzu etdiyi bir zirvə var ki, ora çatmaq istəyər. Sizin üçün elə bir zirvə qalıbmı?
- Bilirsiz ki, kikboks qeyri-olimpiya idman növüdür. Bu idman növu təzə-təzə inkişaf edir deyə, Olimpiya Oyunları proqramına daxil edilməyib. Amerikada yaranmasına baxmayaraq, Avropada daha çox inkişaf edib və Azərbaycanda da gənclər arasında çox populyardır. Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev də bu idmanla məşğul olan gənclərə xüsusi diqqət və qayğı göstərir. Federasiyanın vitse-prezidenti Güloğlan Cabbarovu da qeyd etmək istəyərdim. Bu insanların sayəsində ölkədə tez-tez kikboks yarışları keçirilir. Təbii ki, istənilən idman növünün inkişafı üçün beynəlxalq turnirlərin, yarışların təşkili böyük əhəmiyyət daşıyır.
Pərviz Cəbrayıl: - Ümumiyyətlə, kikboksun Olimpiya Oyunlarının proqramına daxil edilməsi proseduru necədir?
- Bir daha qeyd edirəm ki, kikboks idman növü təzə-təzə inkişaf edir. Bu mövzuda danışmaq, hələ ki, tezdir. Bu istiqamətdə addımlar atılır və mən inanıram ki, yaxın zamanlarda kikboks da Olimpiya Oyunlarının proqramına daxil ediləcək.
Artıq mənim yaşımda döyüşən yoxdur
X.S: - Sizin qədər titullu idmançı varmı? Səhv etmirəmsə, sizdən başqa 23 dəfə dünya çempionu olan kikboksçu yoxdur.
- Artıq mənim yaşımda döyüşən yoxdur. Mən yeganə idmançıyam ki, 3 növdə (K-1, Low Kick, WAKO Full Contact) döyüşmüşəm və hər üçündə də qalib gəlmişəm.
Dünya kikboksinq tarixində ilk
Zümrüd Kərimova: - Bu qələbələriniz eyni ildə olub?
- Bəli. 2009-cu ilin iyununda İspaniyada World Profi versiyası üzrə keçirilən dünya çempionatında qələbə qazandım. Daha sonra oktyabrda WAKO Low Kick versiyası üzrə Avstriyada keçirilən Dünya Çempionatının, noyabrda isə WAKO Full Contact versiyası üzrə İtaliyada keçirilən Dünya Çempionatının qalibi oldum. Bu nəticə - bir ildə üç dünya çempionatının qalibi adını qazanmaq - dünya kikboksinq tarixində ilk idi.
- Sizdən sonra bu uğuru təkrarlayanlar oldumu?
- Xeyr, olmayıb. Ümid edirəm ki, olmayacaq da… Olsa da, istərdim ki, yenə azərbaycanlı idmançılardan, mənim tələbələrimdən olsun.
Yarış boyu eyni çəkini saxlamaq çox çətindir
X.S: - Müxtəlif çəki dərəcələrində çempion olmusuz, yoxsa eyni?
- Çox vaxt eyni çəkidə, 60-63.5 kq çəki dərəcəsində döyüşmüşəm. Soruşurlar ki, necə olur ki, illərlə eyni çəkini saxlaya bilirsən? Cavab verirəm ki, bu, məşqlərin nəticəsində mümkündür. Çəki elə bir şeydir ki, səhər yoxlayırlar, axşam döyüşə çıxırsan və yarış bir həftə davam edir. Yarış boyu eyni çəkini saxlamaq çox çətindir.
P.C: - Eyni çəkini dəqiqliklə necə saxlaya bilirsiz?
- Məşqlərlə, ciddi nəzarətlə, çəki salmaqla.
Daha əvvəlki kimi deyiləm…
Ruslan Xəlil: - Yaşın təsirini hiss edirsizmi?
- Əlbəttə, yaş öz işini görür. Kross qaçanda hiss edirəm ki, daha əvvəlki kimi deyiləm, ancaq yenə də şükür, hələ ki, “mühərrik” çəkir, həvəsim var. Həmişə formada olmaq lazımdır. Məşqləri davam etdirməsəm, karyeramı bitirə bilərəm. Ona görə də, sadəcə, məşq edirəm. Axırıncı dəfə gənc tələbələrlə kross qaçanda birinci gəlmişdim. Düzdür, yorulduğum vaxtlar da olur, ancaq başa düşürəm ki, bu işlə məşğul oluramsa, artıqlamasıyla məşq etməliyəm. Çünki cavanlar yetişir, hamısı qalib olmaq istəyir.
- Karyeranızı nə zaman bitirmək fikriniz var?
- Nə vaxt görəcəm ki, artıq, “mühərrik” çəkmir, o zaman. Sadəcə, məşqçi kimi fəaliyyətimi davam etdirəcəm.
40 yaşdan sonra veteran idmançı sayılırsan
P.C: - Bu idman növündə yaş həddi varmı?
- Yaş həddi yoxdur. Sadəcə, 40 yaşdan sonra veteran idmançı sayılırsan və yalnız veteranlarla döyüşə bilərsən. Karyerana veteran kimi davam edə də bilərsən. Mən isə hələ ki, veteranlarla döyüşmürəm, gənc idmançılarla özümü sınayıram. Çox adam düşünür ki, təcrübəsiz gəncləri udmaq asandır. Mən belə düşünmürəm. Ona görə ki, gənclər hər gün bir az da inkişaf edirlər, qalib olmaq istəyirlər. Onlar yarışın qalibi olmağı yox, Eduardı udmağı fikirləşirlər. Mən də imkan vermirəm. Düzdür, uduzmayan idmançı yoxdur, əsas odur ki, həvəsdən düşməyəsən. Bəzən hakim səhvlərinə görə məğlub olmaq da mümkündür. Ona görə də, gərək rəqibindən bir baş üstün olasan ki, rahat qələbə qazana biləsən.
R.X: - 40 yaşlı idmançının 18-19 yaşlı idmançıları məğlub etməsi, necə hisdir?
- Yarışa 20 yaşdan sonra qatılırlar və o, rinqə çıxıbsa, yaşın heç bir əhəmiyyəti qalmır. 20 yaşda kifayət qədər güclü idmançılar var. İdmançı üçün yaş əsas şərt deyil, əsas onun təcrübəsidir. Ola bilər ki, bir idmançının 20 yaşı var, ancaq bu yaşa qədər 200 döyüş keçirib, 10 yaşından rinqə çıxıb və 10 il təcrübə qazanıb. Belə idmançılarla döyüşmək çox çətindir. İdmançı da var ki, 30 yaşı var, ancaq az döyüş keçirib. Belələri ilə çox rahatdır.
Van Damm kimi, Brus Li kimi olmaq istəyirdik…
P.C: - Şagirdlərinizi öyrədəndə xəsislik etmirsiz ki?
- Belə bir fikir var: güya, müəllim şagirdinə hansısa fəndi öyrətmir ki, gələcəkdə ona rəqib olsa, məğlub edə bilsin. Ancaq belə deyil. Mən başa düşürəm ki, şagirdlərim bizim gələcəyimizdir, onları öyrətmək lazımdır.
Vaxt var idi, biz kinolara baxırdıq, Van Damm kimi, Brus Li kimi olmaq istəyirdik. İndi tələbələrimə də deyirəm ki, hər bir idmançı özünə kumir seçməlidir. Kumir seçməsə, qabağa gedə bilməz. Zaman keçdikcə, başa düşdük ki, Van Dam da, Brus Li də sadəcə, aktyordur, ancaq bizi ruhlandırıblar. İndi bizim Dünya, Olimpiya çempionlarımız var, onları kumir seçməlidirlər.
Bütün tələbələrimə deyirəm, ilk növbədə vətəni sevməlisiz, fikirləşməlisiz ki, bayrağımızı qaldıranda, himnimizi səsləndirəndə nə qədər insan ayağa qalxır. O anda xoşbəxt olursan ki, sən bunu bacardın.
X.S: - 25 ildir kikboskla məşğulsuz, bu illər ərzində Azərbaycanda sizə ciddi rəqib ola biləcək kikboksçular olubmu?
- Çox olub. Zəif idmançı yoxdur. Zəif idmançı olur e, baxırsan ki, psixoloji olaraq, səndən çəkinir, yaxınlaşa bilmir. Amma elə idmançılar var ki, onlar həm fiziki, həm də psixoloji cəhətdən döyüşə tam hazır olurlar. Artıq burda mən şahmat fəlsəfəsi ilə döyüşməyə başlayıram. Necə ki, şahmatda hər gedişdən sonra rəqibin nə edəcəyini də götür-qoy edirsən, eynilə mən də döyüşlərdə bunu tətbiq edirəm. Hər zərbədə diqqətli olmaq vacibdir. Ola bilər ki, bir zərbə buraxarsan, nakauta da düşərsən, travma da alarsan. Ona görə də öz üzərində işləməlisən. Mənim də məşqçim var, bunu mütləq qeyd etməliyəm, əməkdar məşqçi, yığma komandanın və mənim şəxsi məşqçim Çingiz Eyvazov. Üzərimdə böyük əziyyəti var. Məşq vaxtı müəllim-tələbə olsaq da, bayırda dostuq, bir-birimizə çox bağlıyıq. Yaxşı ki, Çingiz müəllim var. Onun məşqçi kimi karyerası çox gözəldir.
Yəni mütləq öz üzərində işləməlisən. Yeni texnikalar, yeni taktikalar öyrənməsən, sabah yarışlarda məğlub ola bilərsən.
Qarşılaşacağın idmançıların xüsusiyyətlərini bilməlisən. Bilməlisən ki, rəqibin Avropa ölkələrindən birini təmsil edirsə, o, daha çox ayaq zərbələrindən istifadə edəcək, MDB ölkələrini təmsil edirsə, əl zərbələrinə üstünlük verəcək. Hər döyüşçü ilə onun öz xüsusiyyətlərinə görə mübarizə aparmalısan. Bəzi idmançılar deyir ki, biz döyüşdən öncə rəqibi analiz etmirik, yalan söhbətdir.
Yaxşı olardı ki, döyüşdən öncə rəqibin keçmiş döyüşlərinə baxasan. İndi Yutubda istənilən idmançı haqda videolar var.
- Səhv etmirəmsə, 2008-ci ildə Respublika çempionatının finalında Elnur Dəryagirə məğlub olmuşduz. Bu, sizin finalda yeganə məğlubiyyətinizdir. Səbəb nə idi? Rəqib sizdən güclü idi, yoxsa, başqa səbəblər var idi?
- Mən Elnur Dəryagiri 5 dəfə məğlub etmişdim. Həmin yarışda yenə də məğlub etmişdim. Sadəcə, hakimlər dedilər ki, nə qədər Eduard qalib olacaq, bir dəfə də başqası qalib olsun. Qələbəni Elnura verdilər. Ancaq sonralar döyüşə baxanlar görmüşdülər ki, bu qərar haqsızdır. Çünki mən daha üstün idim. Buna baxmayaraq, ikinci yeri də normal qəbul etdim. İnsan məğlub olmağı da bacarmalıdır.
Bu yarışdan 3 həftə sonra dünya çempionatı keçirilirdi. İlk dəfə idi ki, bir ölkədən eyni çəkidə iki idmançı yarışa qatıla bilərdi və Elnurla mən həmin yarışda ayrı-ayrı qruplarda döyüşə-döyüşə finala qədər gəldik. Finalda Elnura böyük üstünlüklə qalib gəldim və sübut etdim ki, 3 həftə ərzində heç nə dəyişməyib.
Bəli, ölkə daxilində ən prinsipial döyüşlərim Elnurla olub, ancaq daha çox beynəlxalq yarışlarda ciddi rəqiblərlə qarşılaşmışam.
Erməni Farayanı məğlub edib, çempion oldum
Samir İsayev: - Ən ağır döyüşünüz kimə qarşı olub?
- Rusiyanı təmsil edən, əslən erməni, dəfələrlə dünya çempionu olan Zurab Farayanla görüşlərimiz gərgin keçirdi. Mən öz stilimdə çempion idim, ancaq Farayanı öz stilində məğlub edib, çempion oldum. Heç kim gözləmirdi. Bu çempionat İtaliyada keçirilmişdi. 2 ildən sonra Makedoniyada keçirilən çempionatda artıq o mənim stilimdə gəlmişdi və mən o çempionatda da onu məğlub etdim. Çox pis olmuşdu. Həmin döyüşdən sonra o, peşəkar kikboksa keçdi.
P.C: - Sizinki həvəskar sayılır ki?
- Kikboks 2 cür olur: həvəskar və peşəkar. Həvəskar məşq edən idmançılar da peşəkardır. Sadəcə, həvəskarda dəbilqəylə döyüşürsən, peşəkarda dəbilqəsiz. Mən hər ikisində də döyüşmüşəm. Hər ikisində də dünya çempionu olmuşam.
Bir şeyi də qeyd edim ki, həvəskarlar arasında dünya çempionu olmaq, peşəkarlar arasında çempion olmaqdan çətindir. Ona görə ki, peşəkar döyüş cəmi bir döyüşdən ibarətdir və sən bütün gücünü sərf etməklə, bir döyüşdə qalib gəlməklə çempion ola bilərsən. Həvəskarlar arasında keçirilən çempionatlarda isə bilmirsən rəqibin kim olacaq, hamısı da ciddi hazırlaşır. Bu gün bir görüş keçirirsən, əzilirsən, sabah başqa bir görüş, yenə əzilirsən və beləliklə finala qədər əzilə-əzilə gəlirsən. İnanırsız ki, artıq ağrılarla dostluq edirəm. Soruşurlar ki, ağrımırsan? Deyirəm, təsəvvür edə bilmirəm ki, səhər yuxudan duranda görüm, əlim, ayağım ağrımır. Əsas ciddi travma olmasın. Kikboksda da travmalar çoxdur. Əlin, ayağın, burnun sına bilər. Son çempionatda amerikalı idmançı ilə döyüşürdüm. Burnum zədəli idi. Düz zərbəni də buraxandan sonra burnum sındı. Döyüşdə qalib gələn tərəf mən idim. Başa düşdüm ki, qələbəni mənə verməyəcəklər. Döyüşün sonuna 1 dəqiqə qalmış saxlamaq istədilər. Mən sonacan döyüşmək istədim və son saniyələrdə əsas zərbəm sayılan, fırlanıb dabanla zərbə vurdum, amerikalı idmançı nakaut oldu. Qalib gəlsəm də, o biri döyüşlərə qatıla bilmədim, texniki məğlubiyyət verdilər. O yarışda qızıl medal qazana bilmədim.
Ciddi travmalardan qorunmalısan. Sonra davam etmək çətin olur.
Erməni diziüstə yerə çökdü
Z.K: - Sözün düzü, ən güclü rəqibinizin erməni olması məni təəccübləndirdi. Çünki siz o ermənini 15 saniyəyə məğlub etmisiz.
- O, başqa yarış idi. Bir çox idmançılar rinqə çıxanda ciddi baxışlarla, gözləriylə bir-birini qorxutmağa çalışırlar, mən isə həmişə rinqə çıxanda gülə-gülə çıxıram. Bu o demək deyil ki, rəqiblərimi aşağılamaq üçün belə edirəm, xeyr, əksinə, bütün rəqiblərimə hörmət edirəm. Yalnız erməni rəqiblərlə görüşəndə gülmürəm, ciddi baxıram. Bu günə qədər 10 dəfə ermənilərlə üz-üzə gəlmişəm, 10-unda da məğlub etmişəm.
15 saniyəyə məğlub etdiyim erməniylə isə Yunanıstanda keçirilən dünya çempionatının yarım-finalında döyüşürdük. Döyüş başlayan kimi qarnına bir neçə ayaq zərbəsi endirdim, zərbələr ciyərinə dəydi. Ciyər də elə bir yerdir ki, zərbə dəyən kimi adam özünü itirir. Erməni diziüstə yerə çökdü, qalxa bilmədi. Bayrağımızı başının üstündə qaldırıb durmuşdum. Məşqçisi kənardan qışqırdı ki, dur ayağa, döyüş, davam et. O isə cavab verdi ki, bacarırsansa, gəl özün döyüş. Mən o anlarda bayrağımıza sarılıb rinqdə dövrə vururdum.
Bütün dünyaya göstərdim ki, biz hələ ki, öz gücümüzü rinqdə göstəririk. Ancaq sabah Ali Baş Komandan İlham Əliyev əmr versə, əlcəkləri çıxardıb, silah götürüb torpaqlarımızın azadlığı üçün döyüşməyə də hazırıq.
İndi bizim gənclər o qədər formalaşıb ki, əvvəllər döyüşlərdən qabaq bir az həyəcanlı olardılar, indi bütün yarışlarda soruşurlar ki, görəsən, rəqiblərimizin arasında erməni olacaqmı? Artıq, görürəm ki, onlar qələbə qazanmağa can atırlar, hazırdılar. Görürlər ki, məşqçiləri erməniləri məğlub edir, həvəslənirlər ki, onlar da məğlub etsinlər. Bunu bacararlar da. Biz bütün istiqamətlərdə onlardan güclüyük. Tələbələrimə də deyirəm, birinci növbədə vətəndir. Lazım olsa, canından da keçməlisən.
İdmanla hər zaman məşğul olmaq lazımdır. Valideynlər uşaqlarını gətirəndə deyirlər ki, istəyirik övladımız çempion olsun. İzah edirəm ki, bunun üçün zamana ehtiyac var və hər kəs çempion ola bilməz. Ancaq çempion ola bilməyəcək deyə, idmandan uzaq qalmamalıdır. Əvəzində sağlam həyat yaşayacaq. Başda Adil Əliyev olmaqla, federasiyamızın əsas məqsədi norkomaniyaya qarşı mübarizədir. Gənclərimizi pis vərdişlərdən uzaq tutmağa çalışırıq. Bu gün dəb düşüb artıq, qəlyanxanalar dolub-daşır. Yolda gedirsən, yeniyetmələr yaxınlaşıb siqaret istəyirlər. Adamın ürəyi ağrıyır.
Bu yaxınlarda bir hadisəylə qarşılaşdım, 2 azyaşlı uşaq şəhərin düz mərkəzində kley iyləyirdi. O dəqiqə müdaxilə etdim, əllərindən alıb, qulaqlarını burdum. Dedim ki, idmanla məşğul olun. Ancaq onların tərbiyəsi ilə valideyinləri məşğul olmalıdır. Mən o valideynləri qiymətləndirirəm ki, uşağını gətirir, deyir, mən istəmirəm övladım çempion olsun, idman etsin, pis vərdişlərdən uzaq olsun, sağlamlığını qorusun, kifayətdir. Təbii ki, alınsa, çempion da olsa olar.
Bu mənada bizim də, sizin də üzərinizə böyük yük düşür. Təbliğat aparmalıyıq. Siz mənim kimi idmançıları işıqlandırırsız, gənclər, onların valideynləri bu müsahibəni oxuduqdan sonra idmana maraqları artacaq. Gənclərimizi sağlam yetişdirməliyik.
Nə siqaret çəkmişəm, nə də içki içmişəm
P.C: - Sizin qida rasionunuz necədir? Nə yeyib-içirsiz?
- İnanırsız ki, daşdan yumşaq nə varsa yeyirəm. Sadəcə, yarışqabağı çəkini qorumaq lazımdır. Normasında yeməlisən. Çünki yemədən məşq etmək də mümkün deyil.
- Bəs spirtli içkilər olarmı?
- Çəki salanda bədən su da tələb edir. O zaman bir stəkan alkoqolsuz pivə içmək olar. Çünki pivə itmiş çəkiləri tez bir zamanda bərpa edən ən yaxşı vasitədir. Əgər söhbət spirtli içkilərin mütəmadi istifadəsindən gedirsə, böyük idmanla spirtli içkilərin bir arada olması mümkün deyil.
- Heç 50 qram da olmaz?
- Bu günə kimi nə siqaret çəkmişəm, nə də içki içmişəm. Bunların hər hansı birinə qurşansan, heç vaxt ciddi nəticələr əldə edə bilməyəcəksən.
Zövq almağın ən yaxşı yolu idmandır. Məşqdən sonra ki, duş qəbul edirsən, ondan sonra sanki yenidən dünyaya gəlirsən.
Tələbələrimin evində şəkillərim var
S.İ: - Sizin kumirləriniz kimlər olub?
- Yenə qeyd edim, uşaq vaxtı Van Dama, Brus Liyə baxırdım. Otağımın bir divarı onların şəkilləri ilə bəzədilmişdi. Məşqdən gələndən sonra o şəkillərə baxıb düşünürdüm ki, görəsən, Van Damm da, Brus Li də məni düşünürmü? Ya yorğun olanda fikirləşirdim ki, onlar bilirlərmi mən yorğunam? Səhər yuxudan duran kimi onların şəkillərindən motivasiya alırdım.
İndi mənim tələbələrimin evində mənim şəkillərim var. Artıq onlar məndən güc alırlar. Mən də istəyirəm ki, gənclərimiz hər zaman özlərinə inansınlar. Bəzən deyirlər ki, biz onsuz da çempion ola bilmərik. Niyə ola bilmərsiz ki? Məşqlərdə əziyyət çəkmək lazımdır.
Əvvəllər deyirdilər ki, uşağın başı yoxdur, oxuya bilmir, qoy gedib idmançı olsun. Bu, çox yanlış fikirdir. Əslində, idmançı savadlı olmalıdır. Mən bunu məşqdə o dəqiqə hiss edirəm. Savadlı tələbəyə nə deyirsən, o dəqiqə götürür, yerinə yetirir. Ancaq yaxşı oxumayan tələbəylə çox çətin olur. Başa düşmür.
İki cür tələbə var. Biri var, talant, o məşqlərə başlayandan nə etsə, alınır. Ancaq sonradan öz üzərində işləmir deyə, tez sönür. Biri də var, zəhmətkeş. Belə idmançılar hər zaman öz üzərində işləyirlər və bu zəhmətkeşlik axırda talanta çevrilir. Bir də görürsən ki, valideynlər gəlirlər ki, mənim uşağım necədir? Deyirəm, səbr edin, qırxı çıxsın. Bir həftəyə, iki həftəyə dünya çempionu ola bilməzlər ki. Səbr etmək lazımdır. İdman səbrdir.
- Tələbələr üçün yaş məhdudiyyəti varmı?
- Uşağın intellektindən asılıdır. İdman elə bir şeydir ki, sakitləşdirir, düzgün istiqamət verir, tərbiyələndirir, özünə inamı bərpa edir, dost qazandırır. İdman özündə çox şeyi birləşdirir.
Döyüş tərzin canavarı xatırladır
Z.K: - Sizə niyə “Ağ canavar” deyirlər?
- Bu ləqəbi mənə müəllimim Çingiz Eyvazov verib. Bir neçə il bundan Azərbaycanda “Güclülərin güclüsü” adı altında daxili çempionat keçirilirdi, mən həmin çempionatda özümdən ağır çəkili rəqibləri də məğlub etməklə çempion olmuşdum. Rəqiblərimin ləqəbləri var idi. Müəllimim dedi ki, sənin də ləqəbin “Ağ canavar” olsun. Ona görə Ağ canavar ki, sənin döyüş tərzin canavarı xatırladır və sən bu yarışda tək qalib olacaqsan. Ondan sonra məni bütün yarışlarda “Ağ canavar” ləqəbi ilə tanıdılar.
Bildiyiniz kimi, mənim tələbələrim arasında dünya, avropa çempionları var. Zaur Məmmədov, Anar Məmmədov dünya çempionlarıdır. Ən yeniyetmə tələbəm isə Amil Quliyevdir. 3 ildir mənim yanımdadır, 13 yaşı var. Çox düşünürdüm ki, bu ləqəbi məndən sonra kim daşıyacaq, qərara gəldim ki, bu ləqəbi elə Amil Quliyevə verim.
- Niyə məhz Amil Quliyev?
- Ona görə ki, həm xarici görünüşü, həm də texnikası, taktikası, döyüş tərzi mənə çox oxşayır. Mən ona inanıram. İnanıram ki, onun uğurları çox olacaq.
Bunu da mütləq qeyd etməliyəm ki, mən artıq bu ildən “Euro Fight” kikboksinq klubunun baş məşqçisi təyin olunmuşam və XXIV Respublika çempionatında idmançılarımız 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Klubun prezidenti Aydın Əhmədova, klubun direktoru Ruslan Quliyevə minnətdarlığımı bildirirəm ki, bizim klubumuza, idmançılara diqqətlə yanaşırlar.
Ən yaxın dostlar
X.S: - Digər idmançılarımızla münasibətləriniz necədir? Təkcə kikboksçuları nəzərdə tutmuram.
- Hamısı ilə çox yaxşı münasibətlərimiz var. Yəqin ki, onların da mənə qarşı münasibətləri yaxşıdır. Çox vaxt tədbirlərdə, yarışlarda bir-birimizlə qarşılaşırıq, bir-birimizə dəstək oluruq.
- Məşqdən, işdən sonra görüşürsüzmü?
- Əlbəttə ki. Görüşürük, istirahət edirik. Təbii ki, hər kəsin öz işləri var, ancaq imkan olan kimi görüşürük.
- Sizin xarakeriniz ciddidir. Bu, yəqin həm də ikinci peşənizdən irəli gəlir. Çünki həm də polissiz. Bəs daha çox zarafatcıl, deyib-gülən idmançılarımız kimlərdir?
- Kikboksçulardan Fuad Zeynalovla, Güloğlan Cabbarovla və tələbələrimlə məşq zamanı mənə kömək edən əməkdar məşqçi Zaur Məmmədovla, digər idman növlərindən Rafael Ağayevlə dostluq edirik. Bu idmançılar çox zarafatcıldılar.
- Rafael Ağayevlə sizin oxşar cəhətləriniz çoxdur. Hər ikiniz də qələbələrə, medallara doymursuz. Xalqımız da sizi çox sevir. Hətta Olimpiya çempionları var ki, bu qədər sevilmirlər, ancaq siz sevilirsiz. Xüsusi səbəbi varmı?
- Çox sağ olsunlar. Mənim üçün böyük şərəfdir. Xalqımız çox vətənpərvərdir. Bizi ona görə sevirlər ki, birinci növbədə bayrağımızı qaldırırıq, onları sevindiririk. Hardasa qarşılaşanda yaxınlaşıb əlimizi sıxırlar, şəkil çəkdirirlər, heç kəsin xətrinə dəymirəm, bir-bir hamısı ilə şəkil çəkdirirəm. Düzdür, indi istənilən adamla əlaqə saxlamaq mümkündür, Feysbuk da var, İnstaqram da. Ordan yazan olanda da imkan dairəsində hamısını cavablandırıram.
Artıq, idmana böyük sevgi, məhəbət var. Bu inkişaf da cənab prezident İlham Əliyevin, vitse-prezident Mehriban Əliyevanın göstərdiyi diqqət və qayğıdır. İndi bütün istiqamətlərdə inkişaf var. Bu yaxınlarda Formula-1 keçiriləcək. Bir vaxtlar bu yarışlara televiziyada baxa bilirdik, indi canlı-canlı izləyirik.
Mən polis polkovnik-leytenantıyam
Z.K: - “Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparırdı.
Oyunlara baxmağa gedirdizmi?
- İmkan tapan kimi gedirdim. Avropa Oyunlarında, İslam Oyunların da gedirdim, idmançılara dəstək olurdum.
- İncəsənətə necə, marağınız varmı?
- Bu yaxınlarda “Bacanaqlar” serialına aktyor kimi çəkildim. Yaxşı bir rol idi. Çox bəyəndilər. İndi soruşurlar ki, davamı olacaqmı? Deyirəm ki, yox. Çünki mən aktyor deyiləm və bu sahədə özümü sınamaq da istəmirəm. Tədbirlərə dəvət edəndə də maraqlanıram ki, mövzu nədir, kimlər olacaq. Hər yerə getmirəm.
- Yəqin ki, bu həm də sizin DİN əməkdaşı olmağınızdan irəli gəlir.
- Birinci növbədə odur. Mən polis polkovnik-leytenantıyam. Fəxr edirəm ki, bu işdə də vətən üçün, xalq üçün çalışıram. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev mənə ev verib, qeyri-olimpiya idman növünün inkişafına görə fəxri fərmanla və “Vətən uğrunda” ordeni ilə təltif edib. Çalışıram ki, bunlara layiq olum.
X.S: - Çox güman ki, bir gün idmançı karyeranız bitəcək. Siyasətə qoşulmaq fikriniz varmı?
- Xeyr. Öz işimlə məşğul olacam və bununla fəxr edirəm.
Z.K: - Başqa hansı idman növlərinə azarkeşlik edirsiz?
- Üzgüçülükdən zövq alıram. Bu artıq mənim hobbimə çevrilib. Tələbələrimə də üzməyi məsləhət görürəm, ancaq dənizdə yox, hovuzda üzməyi. Çünki kim üzə bilirsə, dəniz daha çox onu batırır.
- Yeni yarışlara hazırlaşırsızmı?
- Bəli. İyulun 7-də Londonda ümumilli lider Heydər Əliyevə həsr olunmuş peşəkar yarış olacaq.
- Neçə idmançı aparacaqsız?
- Təxminən 10 idmançı...