15 Mart 21:07

"Bu gün vacib üç xal qazandıq. Futbolçularımız çox əziyyət çəkdilər. Sonadək ən yaxşısını etməyə çalışdılar. Aftandil Hacıyevi təbrik etmək istəyirəm. Komandası qış fasiləsindən sonra bütün oyunları yüksək səviyyədə keçirib. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm".

Teleqraf.com xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban QurbanovAzərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis oyunun səhvsiz mümkün olmadığını söyləyib. Qurbanov bildirib ki, komandasında tək səhv edən oyunçu Bədavi Hüseynov deyil: “Səbail”in oyunu da buna hesablanmışdı ki, mərkəzdəki səhvlərdən sonra kəskin hücum qursunlar. Futbol o yerə çatıb ki, hər bir komanda rəqibi səhvə vadar etməklə məşğuldur. Ancaq futbolçulardan razı qaldım".

Təcrübəli məşqçi bu gün Ağdam təmsilçisi ilə vidalaşan albaniyalı futbolçu Ansi Aqolli barədə də danışıb: "Futbol sahəmizdə elə bir insan yoxdur ki, Aqollinin xətrini istəməsin. O, ən yaxşısına layiqdir. Bəlkə də onu komandadan buraxmaq bizim əleyhimizədir. Ancaq ailəsi ABŞ-da yaşayır və belə bir şans əlinə düşüb. O, 9 ildir bizimlədir və çox nadir hallarda meydanda olmayıb. Ona uğurlar arzulayıram. Ansi Aqolli əsl “Qarabağ”lıdır".

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev isə azarkeşlərin maraqlı oyun izlədiklərini deyib. Gənc mütəxəssis matç ərzində bol hücumların olduğunu vurğulayıb: "Komandaları müqayisə etdikdə “Qarabağ” bizdən daha təcrübəli, ustalıq səviyyəsi daha yüksək olan ifaçılara sahibdir. Ancaq uşaqlar bacardıqları qədər mübarizə apardılar. Bəzi hücumlarımızda dəqiqlik çatmadı. Bunun üzərində daha çox dayanmalı olacağıq. Rəqibi təbrik edirəm. Futbolçularıma da təşəkkür etdim. Hesab edirəm ki, bir xala layiq idik. Bəzi epizodlarda qol vurub hesabda önə keçə bilərdik. Ancaq bu baş vermədi. Amma önə keçsəydik, sistemdə dəyişiklik edəcəkdik. Lakin alınmadı və sistemdə də dəyişiklik etmədik. Dani Kintananın cərimə zərbəsindən vurduğu qolu ancaq usta futbolçular edə bilər".


Müəllif: Mənbə/Report