Aprelin 8-də Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.
Teleqraf.com xəbər verir ki, çempionatın birinci günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıblar.
Azərbaycan güləşçisi Mahir Əmiraslanov (57 kq) yarışın startında Moldova təmsilçisinə qalib gəlsə də, dörddəbir finalda Türkiyə güləşçisinə uduzub. Ancaq rəqib finala yüksəldiyindən idmançımız aprelin 9-da təsəlliverici görüşə çıxmaq şansı əldə edib.
Üçqat dünya və ikiqat Avropa çempionu Hacı Əliyev (65 kq) Belarus, daha sonra Ermənistan təmsilçilərinə qalib gələrək dörddəbir finala yüksəlib. Dörddəbir finalda Rusiya idmançısını məğlub edən H.Əliyev adını yarımfinala yazdırıb. Yarımfinalda Moldova nümayəndəsinə heç bir şans verməyən millimizin lideri ardıcıl ikinci, ümumilikdə isə üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib.
Ardıcıl iki dünya çempionunu - Rusiya və Ermənistan pəhləvanlarını məğlubiyyətə uğradan yığma komandamızın üzvü Ağahüseyn Mustafayev (70 kq) qitə çempionatının yarımfinalına adlayıb. Finalın bir addımlığında Böyük Britaniya təmsilçisinə də qalib gələn A.Mustafayev karyerasında ilk dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb.
Millimizin kapitanı Cəbrayıl Həsənov (79 kq) qitə birinciliyinə inamla başlayıb. İlk qarşılaşmada gürcü güləşçi üzərində əzmkar qələbə qazanan ikiqat Avropa çempionu ardınca Almaniya idmançısını tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda moldovalı rəqibinin qızıl medallara gedən yolunu kəsib. Beləliklə, C.Həsənov altıncı dəfə Avropa çempionatının finalında iştirak hüququ qazanıb.
Püşkdə bəxti gətirməyən Nurməhəmməd Hacıyev (97 kq) startda Olimpiya, dünya və Avropa çempionu Abdulrəşid Sadullayevə (Rusiya) 0:3 hesabı ilə uduzub. Ancaq titullu rəqibinin finala qədər irəliləməsi N.Hacıyevin aprelin 9-da təsəlliverici görüşə çıxmasına şərait yaradıb.
Çempionatın final qarşılaşmaları aprelin 9-da axşam seansında keçiriləcək.