Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 9-cu turunda Şəhriyar Məmmədyarov İsrail təmsilçisi Boris Gelfand üzərində qələbə qazanıb.
Teleqraf.com-un məlumatına görə, Sumqayıt şahmat məktəbinin yetirməsi qələbədən sonra jurnalistlərin sualına cavab verib: "İstirahət günü Boris Gelfandla oyuna hazırlaşarkən düşündüm ki, hələ heç nə itirilməyib. Başa düşürəm ki, bir qələbə vəziyyətimi düzəltməyəcək. Oyundan əvvəl çinli biznesmen Cek Manın müsahibəsini oxumuşdum. Orada deyilir ki, hər gün yenidən başlayır. Hər günə yenidən hazırlaşmaq lazımdır. 2 lap 3 məğlubiyyətim olsa belə hər zaman mübarizə aparıram. Sona qədər mübarizə aparıram. Dünən gecə kompyuterdə nərd oynayırdım. Uduzandan sonra fikirləşdim ki, şahmat nərddən daha yaxşı oyundur. Şahmatda daha yaxşı oynaya bilirəm. Sözsüz qarşıda bütün şahmatçıları həm qələbə, həm məğlubiyyətlər gözləyir. Əgər 60-70 yaşa qədər oynayacayıqsa deməli məğlubiyyətlər də olacaq. Autsayder olan Andreykin lider Karuanaya qalib gəldi. Deməlin turnirdə zəif rəqib yoxdur.
Bu idmandır və hər bir nəticəyə hazır olmalıyıq. Oyuna gəldikdə ağlar daha yaxşı başladı. Üstünlüyümün olduğunu görürdüm. Müxtəlif gedişlər var idi. Konkret oynamaq lazım idi. Bu qələbə növbəti oyunlara daha yaxşı hazırlaşmağa kömək edəcək. Maraqlıdır ki, Mixail Talın xatirə turnirində mən lider idim və turnirin qalibi olmağım üçün heç-heçə lazım idi. Həmin vaxt autsayder olan Gelfandla oynadım və uduzdum. Statistikaya əsasən Gelfand mənim üçün uğursuz rəqib sayılır. Bu qələbəylə iddiaçılar turnirindəki məğlubiyyətin əvəzini çıxdım. Kazanda keçirilən iddiaçılar turnirində ilk mərhələdə məhz Gelfanda uduzub yarışı tərk etdim. Fikrimcə məğlub olmaq problem deyil. Problem həmin məğlubiyyətdən sonra qələbəyə oynamamaqdır. Mən hər bir vəziyyətdə qələbəyə oynamağa çalışıram."
Boris Gelfand isə rəqibin oyuna yaxşı hazırlaşdığını deyib: "Məmmədyarov yaxşı hazırlaşmışdı. Ağlar yaxşı başladı və üstünlük qazandılar. Bəzi gedişləri tapa bilmədim və nəticə yaxşı olmadı. Etibarlı debütlə başlamışdım. Sadəcə sığortalana bilmədim. Məğlub olmaq istəmirdim, lakin xilas olmaq alınmadı."