25 Sentyabr 2020 20:55
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib.

Teleqraf.com-un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. "Bank Respublika Arena"da "Qarabağ"ı qəbul edən "Sumqayıt" rəqibi ilə bərabərə qalıb - 2:2.

Görüşdə bütün qollar ikinci hissədə vurulub. 52-ci dəqiqədə çempionatın bombardiri Əli Qurbani "gənclik şəhəri" təmsilçisini hesabda önə çıxarıb. Bu, cənubi azərbaycanlı hücumçunun cari mövsümdə 4-cü qolu olub. Cəmi 2 dəqiqə sonra Cəmaləddin Xocaniyazov 2-ci topu Ağdam klubunun qapısından keçirib. "Qarabağ" 59-cu dəqiqədə Kvabena Ovusunun qolu ilə hesab arasındakı fərqi minimuma endirib. 90+5-ci dəqiqədə isə qonaqlar bərabərlik qolunu vurublar. Filip Ozobiç matçda yekun nəticəni müəyyənləşidirib.

Bu heç-heçədən sonra "Sumqayıt" 7 xalla vahid lider olub. "Qarabağ" isə 5 xalla 4-cü sıraya yüksəlib.

Qeyd edək ki, IV turun daha 2 oyunu - "Səbail" - "Sabah" və "Keşlə" - "Zirə" matçları sabah keçiriləcək. Tura sentyabrın 27-də "Neftçi" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.


Müəllif: Teleqraf.com