Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq.
Teleqraf.com-un məlumatına görə, son oyun günündə də 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında 13 xalla son pillədə yer alan "Keşlə" "ASK Arena"da 24 xalla 3-cü sırada qərarlaşan "Zirə" ilə üz-üzə gələcək. Komandalar indiyədək ölkə çempionatında 21 dəfə qarşılaşıblar. Bunların 6-da meydan sahibləri, 7-də isə qonaqlar qələbə qazanıblar. 8 görüşdə qalib müəyyənləşməyib. Topların fərqi də "qartallar"ın xeyrinədir - 26:25. Son dörd qarşılaşmanın hər birində ən azı 4 qol qeydə alınıb. “Keşlə” ardıcıl 6 ev oyununda qol vurub.
Turun son oyunu "Bakcell Arena"da "Neftçi" və "Qəbələ" arasında olacaq. 30 xalı olan "ağ-qaralar"la turnir cədvəlinə başçılıq edir. Əyalət təmsilçisi isə 18 xalla 5-cidir. Bu, iki komanda arasında yubiley – 50-ci oyun olacaq. Bunadək baş tutan 49 matçın 23-ü flaqmanın, 16-sı "qırmızı-qaralar"ın xeyrinə başa çatıb. 10 qarşılaşma isə heç-heçə yekunlaşıb. Meydan sahiblərinin vurduğu 72 qola qonaqlar 60 qolla cavab veriblər. “Neftçi” ardıcıl 14 oyunda meydanı qolsuz tərk etməyib. Paytaxt təmsilçisinin son 4 ev matçında hər iki komanda qol vurub.
Azərbaycan Premyer Liqası
XVI tur
16:00. “Keşlə” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena”.
18:00. “Neftçi” –“ Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bakcell Arena”.
Qeyd edək ki, turun açılış günündə "Səbail" evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib, "Qarabağ" isə "Sumqayıt"la səfər matçında qolsuz heç--heçə edib.