Bu gün Uels və İsveçrə yığmaları arasında Bakıda keçiriləcək AVRO-2020-nin A qrupunun oyununa 16 mindən çox bilet satılıb.
Bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
Onun sözlərinə görə, satılan biletlərin sayı çox olsa da, Bakı Olimpiya Stadionundakı (BOS) qarşılaşmada təqribən 12-13 min tərəfdarın iştirakı gözlənilir: "Bu, pandemiya ilə bağlı səyahət məhdudiyyətlərindən qaynaqlanır. Bilet alan azarkeşlərdən kimlərsə Azərbaycana gəlməyə bilər".
Milli assosiasiya rəsmisi bildirib ki, matçın start fitindən öncə qısa açılış mərasimi nəzərdə tutulub: "Amma detallar barədə məlumat verə bilmərik. Çünki UEFA-nın tələbi belədir".
Qeyd edək ki, görüş saat 17:00-da başlayacaq. BOS həmçinin A qrupunun Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.