İspaniya çempionatının son turunda “Atletiko” - “Deportivo” oyunu (2:0) ərəfəsində “Visente Kalderon” stadionunun ətrafında baş verən dava-dalaşın azarkeş ölümüylə nəticələnməsi İspaniya polisini əl-ayağa salıb.
Publika.az xəbər verir ki, insidentin araşdırılmasına ciddi nəzarət edən hüquq-mühafizə orqanları 21 fanatı həbs edib.
Noyabrın 30-da baş verən insidentdə “Deportivo”nun azarkeşi aldığı kəllə-beyin travmasından dünyasını dəyişib. Bundan başqa, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xanım polis zabitinin isə qolu sınıb.
Məhkəmə dava-dalaşda iştirak edən 21 nəfərə qarşı ittiham irəli sürüb. Yerli polis orqanları azarkeşi öldürən şəxsin hələ də azadlıqda olmasını da istisna etməyib.