4 Noyabr 2022 15:13
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Bakıda növbəti futbol həyəcanı yaşandı. Azərbaycanın Avroliqada yeganə təmsilçisi “Qarabağ” futbol komandası Almaniyanın "Frayburq" klubu ilə (1:1) bərabərə qaldı. Bu, komandamızın UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda sonuncu mübarizəsi idi. Avropa Liqasında mübarizəsini dayandıran "Qarabağ" yoluna Konfrans Liqasının pley-offunda davam edəcək. Kiçikdən-böyüyə az qala hamının böyük həyəcanla izlədiyi dünənki oyunla bağlı siyasətçilər də fərqli fikirdədir.

Teleqraf.com-a açıqlamsında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Qarabağ"ın demək olar ki, bütün oyunlarına baxdığını söyləyib:

“Dünən axşamkı oyuna da çox böyük məmuniyyətlə tamaşa etdim. Cəmiyyətimizdən, oxucularımızdan xahişimiz odur ki, "Qarabağ" klubuna dəstək olaq. Axşam da Qarabağ komandası sona kimi əzmkarlıqla mübarizə apardı. Əsl Avropa oyunu nümayiş etdirdi. Amma çox təəsüflər olsun ki, həmişə olduğu kimi bu dəfə də hakimlər, “VAR” sistemi komandamıza qarşı ədalətsizlik etdi. Buna baxmayaraq komandamız çox zövqlü oyun oynadı”.

“Heç bir ofsayt söhbəti ola bilməzdi”

Komitə sədri hesab edir ki, "Qarabağ" alman klubu ilə başa-baş mübarizə apardı: “Biz unutmamalıyıq ki, komandamız “alman maşını” ilə oynayırdı. Bu sıradan bir komanda deyildi. Sadəcə olaraq komandamızın oyunçusuna verilən qırmızı vərəqə və bundan sonra azlıqda qalan uşaqlar rəqib qapısına qol vurmaqla mübarizəni sona qədər apardıqlarını göstərdilər. Azlıqda qalan komandanın rəqib qapısına qol vurması hər komandanın işi deyil.

Komandamız ruhdan düşmədi və savadlı bir futbol oynadı. Bu, əsl Avropa oyunu idi. Ona görə də, başda "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov olmaqla bütün oyunçuları, komandanı təbrik edirəm. Onlara uğurlar arzulayıram. Ruhdan düşməsinlər biz sona kimi onların arxasındayıq və dəstəkləyirik”.

Ziyafət Əsgərova görə, komandamızın qolunu hesaba almayaraq ofsayt kimi qeyd edilməsi bizə qarşı saxtakarlıq idi: “Amma o qol hesab alınsaydı, axşamkı oyunun nəticəsi fərqli olacaqdı. Çünki “VAR” sistemi penaltini vermədi, qolu saymadı. Onlar sanki bizim əleyhimizə işləyirdi. Əslində o, yüz faizlik qol idi. Heç bir ofsayt söhbəti ola bilməzdi”.

“Bu komandanın hər oyunu Azərbaycan cəmiyyətində bir hadisədir”

Milli Məclisin deputatı Aydın Mirzəzadəyə görə, "Qarabağ" futbol komandası bu gün Azərbaycanı dünyada tanıdan simvolların birinə çevrilib:

“Həm Azərbaycanın Qarabağ bölgəsi, həm də o bölgənin adını daşıyan "Qarabağ" futbol klubu mövcuddur. Təsadüfi deyil ki, bu futbol klubunun adını ermənilər tez-tez xaricdə öz klubları kimi çəkməyə çalışır. Çünki onların dünya səviyyəsinə çıxaracaq nə futbolu, nə də mədəniyyəti var.

“Qarabağ” futbol klubu əslində cəmiyyətimizlə birlikdə daha da yüksəlir. Vaxtilə Azərbaycanda tanınan bir komanda bu gün dünyanın ən yaxşı fubol klubları içərisindədir. Ona görə də, “Qarabağ”ın hər oyunu Azərbaycan cəmiyyətində bir hadisəyə çevrilir. İstənilən ölkədə bu cür az sayda kollektivlər və təsisatlar var ki, onların hərəkəti cəmiyyətin mövzusuna çevrilsin.

Bəzən komanda yaxşı uğurlar əldə edir. Onun Avropa Liqasının qrupuna düşməsinin özü böyük bir hadisə idi. “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsinə isə sadə bir təsadüf mane olmuşdu. Bunu xarici futbol ekpertləri də qeyd etdilər”.

Aydın Mirzəzadə bildirib ki, “Qarabağ” komandasının hər oyunu diqqəti cəlb edir və klub getdikcə püxtələşir: “Dünənki oyun isə çox möhtəşəm idi. Topa sahib olma üstünlüyü 55 faizi “Qarabağ” futbolçularında oldu. Amma komandanın vurduğu üç topdan ikisi sayılmadı. Buna nəsə etmək də olmur. Futbolun özünün sərt qanunları var.

İdman elə bir sahədir ki, ən uğurlu komanda, peşəkar oyunçu belə məğlubiyyətlə üzləşə bilər. “Qarabağ” bundan sonra UEFA Konfrans Liqasında mübarizə aparacaq. Komandamıza uğurlar arzulayıram, İnanıram ki, “Qarabağ” bizi sevindirməklə yanaşı, dünya futbol ictimaiyyətinin diqqətində olacaq”.

Şahruddinə qarşı bir az əsəbiyəm ...”

Politoloq Cümşüd Nuriyev ötən gün “Qarabağ”ın oyunun ilk hissəsinə baxdığını deyib: “Televizor olan otaqda nəvəm yatırdı deyə oyuna axıra kimi baxa bilmədim. Komandamız bir top geridə olana kimi baxdım. Sonra hövsələm çatmadı. Bizim müdafiəçilər kobud səhf etdilər. Amma ümumilikdə futbola baxmağı sevirəm. Xüsusən də “Qarabağ” komandasının bütün oyunlarına canlı baxmağa çalışıram.

Sadəcə axşam komandamız əvvəldən məni dilxor etdi. Penaltidən sonra səbrim çatmadı. Eyni zamanda “Frayburq” kimi güclü komanda ilə eyni hesabla oynamaq “Qarabağ” üçün böyük uğur sayılır”.

Politoloq futbolda bəxtdən də çox şeyin asılı olduğunu söyləyib: “Ötən oyunda “Qarabağ” qapıçısının kobud səhfindən komanda uduzdu. Şahruddin Məhəmmədəliyev yaxşı qapıçıdır. Amma aparıcı oyunlarda kobud səhvlər edir. Ona görə də, Şahruddinə qarşı bir az əsəbiyəm ... Ümumilikdə komanda çox gözəldir. Qurban Qurbanova halaldır. Bilirsiniz ki, biz millət kimi komanda şəklində çıxış etməyi sevmirik. Fərdi idman növlərində isə uğurlarımız çoxdur. Axırı ki, “Qarabağ” bu sindromu sındırdı. Futbol özü bir incəsənətdir. Qarabağ incəsənət yaradır. O birilər isə futbol oynayır”.

“Nant”la danışıb komandamızı uduzdurdular

Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, axşamkı oyunda “Qarabağ” komandası Almaniya klubuna futbol dərsi keçdi: “10 nəfərlə biz rəqibə qol vurduq. Qolumuzu, penaltimizi saymadılar. Digər tərəfdən isə “Nant”la "Olimpiakos"” komandamızı uduzdurdular. “Olimpiakos” özü qəsdən “Nant”a uduzdu ki, “Qarabağ” qrupdan çıxa bilməsin. Çünki həmin oyunun sonuna 20-25 dəqiqə qalmış “Olimpiakos” uduzub. Hesabı izləyiblər ki, “Qarabağ” hesabda bərabərə qalır, belə bir taktikaya əl atıblar”.

Aqil Abbasa görə, dünənki oyunda “Qarabağ” komandası çox yaxşı oyun nümayiş etdirib: “Hər oyunda udmaq deyə bir anlayış yoxdur. Bu, fufboldur. Komandamızı yaxşı oyuna görə alqışlayıram, uşaqları təbrik edirəm. Bundan sonra gedib UEFA Konfrans Liqasında mübarizə aparacağıq. Əsas odur ki, o xətti itirməmişik və irəliyə gedirik”.

Millət vəkili “VAR” sisteminin qüsurlarından da söz açıb: “Yadınızdadırsa, “İnter”lə oyunda təmiz qolumuzu hesaba almamışdılar. “VAR” sistemində xətti istədikləri kimi irəli-geri çəkirlər. Bunu tək mən demirəm ki, aparıcı futbol mütəxəssisləri, dünya futbol ictimaiyyətinin aparıcı simaları belə fikirdədir. “VAR”-da obyektivlik yoxdur. Xətti bir santimetr geri götürən kim oyunçu ofsayta düşür. Amma bunlar artıq geridə qaldı. Biz önə baxmalıyıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər