14 Noyabr 2022 09:05
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya kubokunu sonuncu dəfə 1986-ci ildə qazanan Argentina milli komandası 36 illik həsrəti Qətərdə sonlandırmaq istəyir.

Teleqraf.com xəbər verir ki, yaxın günlərdə millinin baş məşqçisi Lionel Skaloni mundiala aparacaq 26 nəfərlik heyəti ictimaiyyətə təqdim etdi.

Uzun müddət idi ki, argentinalılar DÇ-yə bu qədər ümidli getmirdilər. Bunun əsas səbəbkarlarından biri isə şübhəsiz Skaloni və onun yaratdığı kollektivdir. Gənc məşqçi 2018-ci ilin avqustunda müvəqqəti olaraq millinin başına gətirilsə də əldə etdiyi nəticələrdən sonra federasiya onu komandada saxlamağa qərar verdi. Bu uğurların başında Albiselesta ilə 2021-ci ildə "Kopa Amerika" çempionluğu gəlir. Bundan başqa son Avropa çempionu İtaliya millisini də məğlub edərək "Finalissima" kubokunu da başı üzərinə qaldıran komandada özünə inam daha da artdı. Təsadüfi deyil ki, Argentina millisi bütün turnirlər daxil olmaqla 35 oyundur ki, məğlub olmur.

Bəs Albiselesta Qətərdə uğurlu ola biləcək?

“Totalfootballanalysis” nəşrində bu haqda geniş bir məqalə dərc olunub:

“Keçirilən oyunlara baxsaq görərik ki, komandada gənclərlə təcrübəli oyunçular arasında gözəl tandem qurulub. İllər sonra Argentinada fərdi oyunçulardan çox komanda oyunu ön plana çıxır. Kağız üzərində 443 düzülüşündə görünsələr də meydanda oyunçular daim yerdəyişmələrdən istifadə edir. Bu, əsasən Skaloninin əmrində olan oyunçu profilləri ilə bağlıdır. Heyətdə Di Mariya və Okamosdan başqa fərq yaradacaq cinah oyunçuları demək olar ki, yoxdur. Bunun əvəzində müxtəlif xüsusiyyətlərə sahib istedadlı yarımmüdafiəçilər Skaloninin işini xeyri asanlaşdırır. Ona görə də 41 yaşlı mütəxəssis bu üstünlükdən maksimum yararlanmağa çalışır. Oyunçuların yaş ortalamasına da baxsaq görərik ki, əbəs yerə onları mundialın əsas favoritlərindən hesab etmirlər: komandada Nikolas Otamendi, Di Mariya, Lionel Messi kimi veteran futbolçularla yanaşı Enzo Fernandez, Culiyan Alvarez, Aleksis Mak Allister kimi gənc və perspektivli oyunçular diqqəti cəlb edir. Onların çoxu 24 - 30 yaş aralığındadır.

Skaloninin Argentinasında əsas taktika topa sahibolma üzərinə qurulub. Top onlarda olduğu zaman səbrli və qısa paslarla müdafiədən çıxmağa çalışırlar. Sistemdə cinah müdafiəçilərinin rolu böyükdür. Heyət yarımmüdafiəçi baxımından zəngin olduğu üçün mərkəz xəttdə mümkün olduğu qədər sıx və kompakt oynamağa və topu 3-cü zonaya daşımağa çalışırlar.

Aşağıdakı xəritədən də bunu görmək mümkündür:

Müdafiə xətti 4 oyunçudan qurulub. Qapıçı Emilyano Martinez seçmə mərhələdə matç başına 13,7 qısa pasla oynayıb. (3,8 uzun pas). Bu da onu göstərir ki, komanda daha çox qısa paslarla müdafiədən çıxmağa çalışır. Bunda müdafiə xəttinin də böyük payı var.

Yarımmüdafiə və hücumda isə stabil mövqelər yoxdur. Yarımmüdafiəçilər və hücumçular oyun ərzində tez-tez yerdəyişmələrdən istifadə edir. Dəyişməyən isə bir-birinə yaxın oynamaları və kompaktlığı qorumalarıdır. Çox vaxt hücumda 2 oyunçu ilə rəqib müdafiəsinə pressinq tətbiq edirlər.

Skaloni özündən əvvəlki məşqçilərdən daha çox topa sahibolmaya diqqət yetirir. 2022-ci Dünya çempionatının seçmə mərhələsində komanda ortalama 58,6 faiz topa sahib olmağı bacarmışdı. Bundan başqa komanda mümkün olduğu qədər rəqibi özünə çəkib qısa paslarla sürətli şəkildə rəqibin 3-cü zonasında çoxalmağa çalışır.

Aşağıdakı şəkildə Albiselestanın necə sıx və kompakt oynadığını görmək mümkündür. Xüsusilə yarımmüdafiəçilər və hücumçular meydanda bir-birinə mümkün qədər yaxın olmağa çalışırlar. Bu, topla oynamağı və topa hakim olmağı sevən bir çox komandanın ortaq özəlliyi hesab olunur.

Argentina topun olduğu bölgələrdə say üstünlüyü əldə etməyə və pas koridorları açmağa çalışan sistemə sahibdir. Yuxarıda da qeyd etdiyimiz kimi oyunçular bir-birinə çox yaxın oynayır və daim meydanda yerdəyişmələrdən istifadə edir. Bu hərəkətlilik rəqiblərin müdafiə və yarımmüdafiə xəttləri arasındakı əlaqəni pozmağa hesablanıb.

Aşağıdakı şəkildə göründüyü kimi, mərkəz müdafiəçiləri topa sahib olan kimi sağ və sol cinah müdafiəçiləri geriyə gələrək mümkün pas variantlarının sayını artırmağa və say üstünlüyü əldə etməyə çalışır.

Argentina sistemli olmayan, dağınıq müdafiə xəttlərinə böyük zərbə vurmağı bacaran oyunçulara sahibdir. Skaloni də bu planı həyata keçirmək üçün bir neçə strateji gedişlər yaradıb. Aydındır ki, topla daha çox oynamaq üçün topun olduğu bölgələrdə mümkün qədər çox oyunçu ilə say üstünlüyü qazanmaq lazımdır. Skalonin yetirmələri isə bunu meydanın özlərinə aid hissəsində, daha dəqiq desək öz qapı xəttlərinin bir qədər önündə etməyi sevirlər. Belə olan halda rəqibin hücum və yarımmüdafiə oyunçularını özlərinə çəkərək geridə böyük boşluqlar əldə edirlər.

Aşağıdakı şəkildə İtaliya rəqibin 3-cü zonasına 6 oyunçu ilə pressinq etsə də say üstünlüyü Argentinanın tərəfindədir:

Rəqibi bu cür "tələyə" saldıqdan sonra isə İtaliyanın dağınıq müdafiə xəttinə sürətli şəkildə hücum edirlər (aşağıdakı şəkil). Xüsüsilə heyətdə Messi, Di Mariya, Martinez kimi fərdi ustalığı yüksək səviyyə olan oyunçular varsa bu rəqib üçün qorxunc nəticələrə gətirib çıxarır.

Messinin komandada rolu

Əvvəlki illərlə müqayisədə Skaloni komandanın yükünü Messinin çiyinlərindən götürərək onun ətrafında kollektiv formalaşdırmağı bacarıb. Artıq Argentina Messi üçün yox, Messi ilə birlikdə oynayır. O da komanda yoldaşları ilə daha yaxşı əlaqə yaradaraq meydanda daha sərbəst və rahat şəkildə hərəkət edə bilir. "Barselona"nın oyununu izləyənlər yaxşı bilir ki, Messi komanda oyunçusudu və kollektiv oyun nə qədər inkişaf edirsə Messi də o qədər effektiv olmağı bacarır.35 yaşlı ulduz futbolçunun komanda yoldaşları ilə əlaqədə olması onun oyununa bilavasitə təsir göstərir. O, 2018-ci ilin seçmə mərhələ oyunlarında hər oyun ortalama 37,5 dəfə pas vermişdisə, 2022-ci ildə bu rəqəm 51,3-ə qədər yüksəldi. Rəqəmlər hər şeyi saha aydın göstərir: "Messi topla daha çox oynayır və komanda yoldaşları ilə yaxından əlaqə qurur”.

Uzun illərdən sonra nəhayət ki, Messinin standartlarına uyğun Argentina Milli komandası izlədiyimizi söyləyə bilərik. Onun üçün meydanda və meydandan kənarda hər şeyi etməyə hazır olan bir kollektivlə Dünya kubokunu qazamaq elə də çətin görünmür”.

Yekun olaraq, Albiselesta 1986-ci ildən bu günə kimi Dünya çempionu ola bilməsə də Qətərə ən böyük favoritlərdən biri kimi yollanır. Skaloninin yetirmələri 2019-dan bəri 35 oyundur ki, məğlub olmurlar. Bu milli səviyyə üçün yüksək rəqəm hesab olunur. 45 yaşlı mütəxəssis görünür ki, öz sistemini komandaya aşılamağı bacarıb. Bu həm də Lionel Messinin Argentina xalqının gözündə Maradona səviyyəsinə qalxmaq və karyerasını major notlarla başa vurmaq üçün gözəl şansdır.


Müəllif: Pərviz Qaralov

Oxşar xəbərlər