Azərbaycanın üç sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.
Teleqraf.com xəbər verir ki, 65 kq-da Rəşid Babazadə, 70 kq-da Maqomed-Başir Xaniyev və 97 kq-da İslam İlyasov qızıl medal uğrunda mübarizə aparacaqlar.
Yarımfinalda Babazadə türkiyəli Hamza Zopalıya 11:8, Xaniyev gürcüstanlı Davit Patsinaşvili 7:4, İlyasov isə macarıstanlı Riçard Veqə hesabı ilə qalib gəlib. Onlar finalda, müvafiq olaraq, fransalı Xamzat Arsamerzoyev, ermənistanlı Hayk Papikyan və türkiyəli Oktay Çiftçi ilə qarşılaşacaqlar.
57 kq-da Nurəddin Novruzov və 79 kq-da Səbuhi Əmiraslanov isə yarımfinalda uduzduqlarından bürünc medal qarşılaşmalarına çıxacaqlar. 3-cü yer uğrunda görüşdə Novruzov Rafal Şevç (Polşa) / Edik Harutyunyan (Ermənistan) cütünün qalibi, Əmiraslanov isə digər Ermənistan təmsilçisi Narek Qriqoryanla münasibətlərinə aydınlıq gətirəcək.
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva isə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
57 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə italiyalı Auroro Russo ilə üz-üzə gəlib. Rəqibini 6:2 hesabı ilə məğlub edən Əliyeva fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
53 kq-da yer alan Gültəkin Şirinova isə bürünc medal qarşılaşmasında moldovalı Mariana Draqatuna uduzaraq 5-ci yerlə kifayətlənib.
Bu gün, həmçinin, 65 kq-da Birgül Soltanova final görüşünə çıxacaq. Onun rəqibi rumıniyalı Amina Kapezan olacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb. Qadın güləşçilərdən isə Elnurə Məmmədova (55 kq) bürünc medala yiyələnib.