Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Bakı-2015 Avropa Oyunlarının açılış mərasiminə 50 gün qalması münasibətilə Fəvvarələr meydanında tədbir təşkil edib.
Teleqraf.com-un məlumatına görə, Bakı 2015 şəhərin mərkəzində idman və incəsənəti bir araya gətirərək I Avropa Oyunlarına 50 gün qalmasını qeyd edib. Tədbirə BAOƏK-nin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycan Rəssamlıq Akademiyasının nümayəndəsi Azad Zeynalov, Bakı 2015-in ulduz elçiləri qatılıb. Mərasimdə həmçinin Azərbaycanın və bir neçə xarici ölkənin (Fransa, İtaliya, Almaniya və Latviya) tanınmış rəssamları iştirak edib. Mükafata layiq görülmüş fransız rəssam Dafne Bitçaç da daxil olmaqla italiyalı Albert Loro, alman İnge H.Şmidt və latviyalı Andris Vitolinsdi. Azərbaycanlı rəssamlardan isə Nailə Sultan və Eldar İbadullayev, eləcə də, Azərbaycan Dövlət Tətbiqi İncəsənət Akademiyasının müsabiqəsində qalib gəlmiş iki tələbəsi Fidan Novruzova və Fərəh Mirzəyeva Avropa Oyunlarının maskotları Ceyran və Narın heykəllərini bəzəmək üçün Bakıya dəvət olunublar. Rəssamlar boyamanı bitirəndən sonra, bu heykəllər Oyunlar zamanı azarkeşlərin dəyərləndirməsi üçün Bakının müxtəlif nöqtələrində yerləşdiriləcək.
“İlham Əliyevin uzaqgörənliyi olmasaydı, bu işlər mümkünsüz olardı”
BAOƏK-nin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq çıxışında deyib ki, cəmi 50 gün sonra bütün dünya Azərbaycanı seyr edəcək: “Bütün Avropanın ürəyi sizinlə döyünür, çünki hamı məmnundur ki, bu möhtəşəm idman yarışması Azərbaycanda keçiriləcək. Əslində Oyunlar Azərbaycanı bütün dünyaya təqdim etmək üçün gözəl fürsətdir. I Avropa Oyunları gənc, dinamik ölkəni dünyaya tanıtmaq üçün imkan yaradır. Biz nəinki Azərbaycan, bütün Avtopanın idman tarixini yaradırıq. Prezident İlham Əliyevin uzaqgörənliyi, mövqeyi, bu işə bağlılığı olmasaydı, təbii ki, bu işlər mümkünsüz olardı. Uzun müddət ərzində öz qəlbində saxladığı bu xülyanı məhz İlham Əliyevin dəstəyi ilə Avropa Olimpiya Komitələri həyata keçirə bildi”.
Avropa Oyunlarının Britaniyada nümayişi ilə bağlı müqavilə imzalandı
O, qeyd edib ki, dünyanın böyük teleyayım şirkətləri də bu Oyunlara böyük maraq göstərir: “Bu yaxınlarda bizə yeni bir xəbər gəldi ki, Böyük Britaniyanın böyük teleyayım şirkəti ilk Avropa Oyunlarını ölkədə yayımlayacağını bəyan edib. Bununla da əlavə olaraq 70 milyon insan bu Oyunlara baxa biləcək. Digər dövlətlərin yayım şirkətləri də bu addımı atacaqlar”.
Oyunların gündəlik yayımını BT Sport özünün 3 idman kanalı, BT Sport Extra və rəqəmsal platformalar vasitəsilə təmin edəcək.
S.Kleq əlavə edib ki, təkcə Avropada deyil, bütün dünyada, o cümlədən Çində, ABŞ-da, Kanadada, Cənubi Amerikada, Hindistanda, Honq Konq, Latın Amerikası və Körfəz ölkələri, Avstraliyada yaşayan insanlar bu Oyunları izləyəcəklər.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru deyib: “BT Sport və Avropa Oyunları arasında mükəmməl uyğunluq var. BT Sport Britaniya yayım məkanında özünəməxsus yol açıb. Bakı-2015 isə Avropa idmanının son 50 illik tarixində iz qoyacaq əhəmiyyətli tədbirdir. BT Sport, artıq futbol üzrə İngiltərə Premyer Liqasının yayımını təşkil etməklə yüksək standartlara cavab verən proqram sisteminə malik olduğunu sübut edib. Növbəti mövsümdən etibarən UEFA Çempionlar Liqasının yayım hüququnu əldə etmələri onların nə qədər məqsədyönlü olduqlarını göstərdi. Biz BT Sport-un Birinci Avropa Oyunlarının yayımını təmin edəcək növbəti aparıcı televiziya şəbəkəsi olmasından öz məmnunluğumuzu bildiririk”.
“Biletlər sürətlə satılır”
O, hər gün bilet satışı ilə bağlı monitorinq keçirdiyini söyləyib: “Biletlər artıq satışdadır. Hər kəsi bilet alıb Oyunlara birgə baxmağa dəvət edirik. Biletlər sürətlə satılır ki, bu da Azərbaycan əhalisinin Oyunları izləməyə çox böyük maraq göstərdiyini əks etdirir”.
S.Kleq Oyunlarla bağlı nəqliyyat sistemindəki dəyişikliklərlə bağlı da danışıb: “48 saatdan sonra paytaxt zolaqlarını rəngləməyə başlayacağıq. Lakin idmançılar üçün zolaqların istifadəsi mayın sonundan başlayacaq. Əlimizdən gələni edirik ki, şəhərin gündəlik həyatına, iş rejiminə mümkün qədər az təsir göstərək”.
Nazir: “Bu nümunələr həm də Avropanın fərqliliyini vurğulayacaq”
Azərbaycanın gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov isə bu barədə söyləyib: “Bakı 2015-in başlamasına 50 gün qaldığı bir vaxtda yaradıcılıqları ilə ilk Avropa Oyunlarına yaddaşlara həkk olunacaq töhvə verəcək 8 rəssamın hər birini salamlayıram. Bakı 2015-i bizimlə birlikdə bayram edən bütün azarkeşlər, onların yaratdıqları incəsənət nümunələrini izləyə biləcəklər. Bu nümunə eyni zamanda, Avropanın fərqliliyini vurğulayacaq”.
Tanınmış fransız rəssam Azərbaycanda
Dafne Bitçaç tədbirdə iştirak edəcək səkkiz rəssamdan biri olduğu üçün məmnunluğunu bildirib: “İlk Avropa Oyunları üçün bu cür yaddaqalan töhvə yaratmağa dəvət olunmağım mənə qürur hissi verir. Bu, bizə, Bakı 2015-i yüksək səviyyəli tədbirə çevirmək və Avropa Oyunlarının sosial irsinə öz töhvəmizi vermək üçün möhtəşəm imkan yaradır”.
“Bu idman bayramını gələcək nəsillərə miras qoyacağıq”
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının nümayəndəsi A.Zeynalov deyib ki, Bakıda təkcə idman yarışları deyil, həm də mədəni-kütləvi propqramlar, Azərbaycana gələcək hər bir şəxs üçün maraqlı layihələr gerçəkləşəcək.
O, qeyd edib ki, Azərbaycan yadda qalacaq, ölkəmizi dünyaya göstərə biləcək böyük idman bayramına hazırlaşır: “Azərbaycanımıza belə bayramlar yaraşır və əminik ki, hər birimiz bir nəfər kimi, bu bayramı öz xatirəmizə həkk etdirərək, bizdən sonra gələn nəsillərə miras qoyacağıq”.
Ulduz səfirlərdən çağırış
Ulduz səfir Murad Dadaşov bildirib ki, ölkəmiz idman məmləkəti kimi tanınacaq: “Azərbaycan azarkeşləri dünyaya möhür vuracaq. Biz fərqli olduğumuzu göstərməliyik”.
Ulduz səfir Hacı Nuran Hüseynov isə qeyd edib ki, dünyaya birinci olduğumuzu sübut etməliyik: “Hər kəsi Avropa Oyunlarının Azərbaycanda keçirilməsi münasibətilə təbrik edirəm. Artıq bir neçə gün sonra Məşəl estafeti başlayır. Hər birimiz oyunlarda aktiv olmalıyıq”.
Tanınmış müğənni Nigar Camal isə tamaşaçılarla “selfie” çəkdirib. O, I Avropa Oyunları zamanı badminton idman növünə daha çox diqqət ayıracağını söyləyib: “Özüm də gündəlik həyatda badminton oynayıram. Çox vaxt uduzsam da, oynamağa çalışıram. Mən idmanın badminton növü üzrə ulduz elçi seçilmişəm. Ona görə də bu idman növü ilə özüm də məşğul olmağa başlamışam. Hər kəsi Avropa Oyunlarına çağırıram. Bilet alın, gəlin Oyunları birgə izləyək”.
Nərgiz Ehlamqızı
Foto: Elçin Murad