Məşhur idman malları şirkəti olan “Nike” tanınmış boksçu Menni Pakyao ilə əməkdaşlığa xitam verib.
Publika.az xəbər verir ki, filippinli rinq ustasının mavilər və lesbianlar haqda dediyi fikirlərdən sonra şirkət qəti qərara gəlib.
Pakyao cinsi azlıqlar barədə belə bir status yazmışdı: “Siz nə vaxtsa heyvanlar arasında erkəyin erkəklə, dişinin dişiylə münasibətdə olduğunu görmüsüz? Heyvanlar belə insanlardan daha yaxşıdır. Onlar cinsləri bir-birindən ayıra bilir. Əgər eyni cinsli insanlar bir-birinə tamah salırsa, deməli, onlar heyvanlardan da pisdir”.
Boksçunun bu statusuna “Nike” konserninin mövqeyi sərt olub: “Pakyaonun şərhini qətiyyətlə pisləyirik. “Nike” diskriminasiyadan həmişə uzaq olub. Bundan sonra Pakyao ilə əməkdaşlıq edə bilmərik”.
Düzdür, sonradan Menni statusa görə LGTB nümayəndələrindən üzr istəsə də, bu üzrxahlıq “Nike” rəhbərliyinin qərarını dəyişməyib.
2006-cı ildən “Nike” şikətinin məhsullarından faydalanan Pakyao indi özünə yeni sponsor axtarmaq məcburiyyətində qalıb.
Aprelin 9-da filippinli idmançının Timoti Bredli ilə döyüşü olmalıdır. Bundan sonra isə onun karyerasını bitirəcəyi gözlənilir.