Ötən ilin 25 avqustunda Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra 7 azarkeşin həbs olunduğu barədə məlumat vermişdik. Fevralın 12-də məhkəmə azarkeşlər haqda hökm çıxardı; 3-ü sərbəst buraxıldı, 4-nə cəza kəsildi.
Teleqraf.com xəbər verir ki, aprelin 24-də Şirvan Apellyasiya Məhkəməsində həbs olunan azarkeşlərin - Elman Tağıyev (Eliko), Rafael Ələkbərov, Elçin Abdullayevin apellyasiya şikayətinə baxılacaq.
Mətbuatda “Xəzər Lənkəran” rəhbərliyinin azarkeşlərin valideyinləriylə görüş keçirdiyi, onlara kömək ediləcəyi haqda xəbərlər yayılıb. Kürdəxanı İstintaq Təcridxanasında saxlanan azarkeşlərdən biri, Elman Tağıyevin anası Emilya Şərifova "Futbolpress.az"a açıqlamasında bildirdi ki, klubdan onlarla həqiqətən də maraqlanıblar:
“Bəli, ordan mənə zəng edilib.Özünü klubun vitse-prezidenti Tuyqun Nadirovun köməkçisi kimi təqdim edən şəxs demişdi ki, həbs olunan uşaqların valideyinləriylə görüşmək istəyirlər. Mən gedə bilmədim, qardaşımı göndərdim. Orda müəyyən söhbətlər olub. Klub rəhbərliyi valideyinlərə öz köməyini təklif eləyib və apellyasiya prosesiylə yaxından maraqlanacaqlarını bildirib. Rəhbərliyə buna görə təşəkkür edirəm. Mən müxtəlif instansiyalara da müraciət eləmişəm, məktublar yazmışam, inanıram ki, hədd-buluğa çatmamış oğlumun apellyasiyadan sonra azadlığa buraxılacağı xəbərini eşidəcəm. Çünki ona həbsə düşəcək tərbiyə verməmişdim, atasız böyüsə də, intizamlı övlad olub, üstəlik, bir əli şikəsdir, o, iğtişaş yarada biləcək uşaq deyil. Mən çox narahatam və bir ana kimi bu işdə yardım edə biləcək şəxslərdən xahiş edirəm, kömək göstərsinlər”.