13 İyun 2014 22:39
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan gimnastları Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında komanda yarışlarında altıncı yeri tutublar.

Teleqraf.com-un məlumatına görə, 10 gürzlə birinci çıxışın yekunu üzrə Azərbaycan gimnastları 17.350 bal toplayıblar. İdmançılarımızın ikinci kompozisiyası hakimlər tərəfindən 16.500 balla qiymətləndirilib.

Yekunda yığmamız 33.850 bal qazanıb. Lakin millimizin hakimlərin qiymətləndirməsinə etiraz etməsindən sonra komandamızın ümumi nəticəsi 34.050 bala yüksəldilib.

Qızıl medalları Rusiya komandası qazanıb, hakimlər onların çıxışlarını 36.566 balla qiymətləndiriblər.
İkinci yerdə 34.749 balla İtaliya qərarlaşıb, İsrail komandası isə 34.383 balla üçüncü yerdədir.
Mükafatlandırma mərasimində qaliblərə və mükafatçılara medalları Avropa gimnastika ittifaqının prezidenti və texniki komitəsinin rəhbəri Jorj Gelzek və Hayde Bruneder, eləcə də turnirin təşkilat komitəsinin üzvü Emil Məmmədov təqdim ediblər.

Heyətində Səbinə Abbasova, Aliyə Paşayeva, Aynurə Mustafayeva, Aleksandr Platonova, Diana Doman və Siyana Vasileva olan milli komandamız iki nömrədə - 10 gürzlə tapşırıqları yerinə yetirməklə, həmçinin 3 top və 2 lentlə kompozisiyalarla çıxış edərək mükafat uğrunda mübarizə aparıblar.

Xatırladaq ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatı başlayıb. Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.

Yarışın ilk günündə A, В və С qruplarında yuniorların fərdi təsnifat turniri keçirilib. Gimnastlar top və halqa ilə çıxış ediblər. Bundan başqa, iyunun 13-də seniorların 10 gürzlə, eləcə də 3 top və iki lentlə tapşırığı yerinə yetirəcəkləri qrup komandalarının yarışı da keçiriləcək.
Bu gün çempionatın rəsmi açılışı olub.

Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.


Müəllif: