Azərbaycan Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Xidmətinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Sənayeləşmə və innovativ inkişaf” mövzusunda ictimai müzakirə keçirilib.
Bu barədə Teleqraf.com-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Tədbirdə Prezident Administrasıyasının sektor müdiri Elxan Mikayılov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, dövlət və özəl sənaye müəssisələrinin nümayəndələri, sahibkarlar, gənc alim və doktorantlar iştirak ediblər.
Çıxışlar zamanı iqtisadi diversifikasiyanın məqsədinin yeni növ məhsul və xidmətlərin istehsalı hesabına ÜDM-in, yerli və dünya bazarında rəqabətqabiliyyətliliyinin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi olduğu qeyd edilib, elmtutumlu sahələrin artırılması ilə milli iqtisadiyyatın yeni mərhələyə keçdiyi, innovativ inkişafa qədəm qoyduğu bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”, 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib və aidiyyatı qurumlara tapşırıqlar verilib. Sözgedən ictimai müzakirə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasına uyğun olaraq keçirilib.
Səxavət