Zəfəran bənövşəyi çiçəyin içərisində olan xoş qoxulu bitkidir. Əsrlərdir dünyanın bir neçə ölkələrində yetişdirilən bu qiymətli bitki onlarla dərdin dərmanıdır. Ədviyyat kimi də istifadə olunur.
Azərbaycanda zəfəran adətən, Abşeronda becərilir. Eşidəndə ki, Şəkinin Şirinbulaq kəndində Cavid Dostuyev də öz həyətində zəfəran yetişdirir, onunla əlaqə saxladıq. Cavid redaksiyamıza gəldi, işindən-gücündən, qayğılarından danışdı.
Cavid Dostuyev ali təhsillidir, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində oxuyub. Ardını müsahibədən eşidəcəksiz.
-Cavid bəy, necə oldu Şəkidə zəfəran yetişdirmək qərarına gəldiniz?
-Mən uşaq olanda valideynlərim evdə istifadə etmək üçün zəfəran becərirdilər. Bildiyiniz kimi, Azərbaycanda daha çox Bilgəh zəfəranı tanınır. Atam da həmin zəfəranın soğanaqlarını Bilgəhdən almışdı. Zəfəran haqqında məlumatlar topladım və onu artırmaq qərarına gəldim. İlk dəfə 10 soğanaq əkməklə 20 sot əraziyə kimi artırdıq. İstərdim Azərbaycanda zəfərançılıq inkişaf etsin, təbii zəfəranlardan istifadə olunsun. Çünki effektli dərmanların çoxunun tərkibi zəfərandan ibarətdir.
-Bəs miyə zəfəran sahəsini 20 sotdan artırmısız?
-Bəzən bizə 20 sot da çox görünür. Məhsul dövründə daha çox işçi qüvvəsi tələb olunur. Ən əsası, gərək məhsulun alıcısı da ola...
-Bu bitki necə qulluq tələb edir?
-Zəfəran payızda oyanış dövrünü yaşayır. Oyanış dövrünə kimi üzvü gübrə verilir, tarla alaq otlarından təmizlənir. Zəfəran adətən, iyul ayından başlayaraq avqust ayının sonlarına kimi əkilir. Cərgəarası məsafə 50 santimetr cərgədəki soğanaqların arasındakı məsafə 8 santimetr olmalıdır. Bitki sıx əkilsə, məhsulun keyfiyyəti aşağı düşür. Soğanaqlar 15-20 santi dərinliyə əkilir. Avqust ayının sonlarında oyanış dövrü başlayır. Noyabr ayında isə çiçək dövrü başlayır və 2-3 həftə çəkir. Həmin vaxt məhsul yığılmalıdır.
-Soğanaq hər il yenidən əkilir?
-Yox, bu, çoxillik bitkidir. Məhsulun soğanaqlarını kök vasitəsi ilə dörd ildən bir artırmaq olar. Əkdikdən iki il sonra bir kökdən yeddi-səkkiz çiçək almaq olur. Zəfəranı yeni soğanaqla əvəz etməmək də olar, lakin bu zaman məhsul cırlaşmağa doğru gedəcək. Zəfəran məhsulunun bir çiçəyində üç sarı, üç qırmızı tel olur. Sarı tellər dişiciklər, qırmızı tellər isə erkəkciklərdir. Daha çox erkəkciklərdən istifadə olunur.
-Məhsulu nə zaman yığırsız?
-Adətən, zəfəranın çiçəyi günün səhər saatlarında yığılır. Çünki o vaxt çiçək şehli olur. Günortadan sonra yığılan çiçək təbiiliyini itirir. Yığıldıqdan sonra qırmızı tellər ayrılır və qurudulur ki, daha keyfiyyətli olsun. Çiçəyinin ləçəklərindən də təbabətdə istifadə olunur. Qırmızı tellərini satırıq, sarı tellərini isə evdə şirniyyatda istifadə edilir. Zəfəranı qurutmaq vacibdir, çünki ondan qurudulandan sonra istifadə mümkündür.
-Zəfəranı neçəyə satırsız?
-Dünya bazarında 1 qram zəfəran bizim pulla 20 manata qədərdir. Mən 20 sotdan 300-350 qram məhsul götürürəm ki, onun da 1 qramını 7 manata satıram. Daimi alıcım yoxdur. Rayonda 2-3 mağaza ilə razılaşmışam. 2-3 ay ərzində 10-15 qram məhsul alırlar. İnternetdə də səhifə açmışam, ayda-ildə bir dəfə yazırlar. Bəziləri inanmır ki, müştəriyə təbii zəfəran təklif edirik. Səbəbini soruşduqda bildirirlər ki, 7 manata təbii zəfəran ola bilməz. Mən də deyirəm ki, al, məhsul xoşuna gəlməsə, pulunu qaytarıram.
-Ən çox nə qədər zəfəran satmısız?
-Cəmi bir dəfə 50 qram zəfəranı birdəfəyə satmışam. Onda da alıcı 50 qram birdən aldı deyə 5 manata satdım. Əslində bazarı olsa, zəfərançılıq gəlirli sahədir. Əziyyəti təxminə 3 həftə ərzində olur. Zəfəranla məşğul olan zaman onun gözəl ətri insanı rahatlaşdırır.
-Bildiyimiz kimi, zəfəran bitkisi daha çox Abşeron ərazisində bitir. Şəkidə niyə zəfəran yetişdirmək qərarına gəldiz?
-Əlində adamalara deyəndə ki, zəfəranı Şəkidə yetişdiririk, heç kim inanmır. Onlara elə gəlir ki, Abşerondan başqa Azərbaycan bölgələrində zəfəran yetişməz. Düzdür, zəfəran ən yaxşı Abşeronda yetişir, torpağı qumsaldır, yağış az yağır. Amma Şəkidə, Yevlaxda, Zərdabda, Lənkəranda da zəfəran becərmək olar. Şəkidə zəfəranın bircə problem odur ki, bir neçə il zəfəran çiçək dövrün yaşayanda yağış yağıb, qar düşüb. Çiçəklər də soyuğa çox həssasdır. Üzərinə qar, yağış düşəndə məhv olur.
-Bayaq təbii zəfəran ifadəsi işlətdiz. Süni zəfəran da var?
-Süni zəfəran deyilən bir şey yoxdur. Zəfəranın 200 qədər növü var. Bazarda satılan hansısa növlərdən biridir. Ola bilsin, keyfiyyətsiz növlərindəndir...
-Deyilənlərə görə, zərgərlik məmulatlarının istehsalında zəfərandan istifadə olunur. Sizdən zəfəran alan hansısa alıcı bu haqda bir söz deyib?
-Bəlkə də müştərilər arasında zərgər də olub, qızılı rəngdə istifadə üçün zəfəran alıb. Dəqiq bilmirəm, çünki məhsulu nə üçün aldıqlarını soruşmuram. Alıcılar özləri zəfəranın daha çox göz, ürək xəstəliklərinin, qaraciyərin dərmanı olduğunu bildirib alırlar.
-Zəfəran bitkisi haqqında haradan məlumat alırsız?
-Mən daha çox Türkiyədən məlumat əldə edirəm. Orada Safranbolu qəsəbəsi var ki, orada yalnız zəfəran yetişdirilir. Başqa ölkələrdə də zəfəran yetişdirilir. Hazırda ölkəmizə İrandan dəfələrlə aşağı keyfiyyətli zəfəran gətirilir. İran dünya bazarına 60 kiloqram zəfəran çıxarır. Daha yaxşı olardı ki, əhalimiz keyfiyyətli məhsul alsınlar. Azərbaycanda zəfəranla məşğul olan adam azdır. Mənim məlumatıma görə, ancaq Bilgəhdə 1-2 hektar zəfəran sahəsi qalıb. Müəyyən rayonlarda ailə istifadəsi üçün zəfəran yetişdirənlər də var. Mən özüm zəfəranın soğanağını bir neçə nəfərə satmışam. Əslində onun soğanağı sayla satılır, alıcı az olduğuna görə 1 kiloqramını 5 manata istəyən olanda verirəm. 1 kilosunda 25-30 soğanaq olur.
-Olurmu xaricdən sizə sifariş versinlər?
-Bəzən mağaza satıcısı deyir ki, Rusiyadan yaşayan kimsə zəfəran aldı. Hazırda Türkiyədən bir nəfər məhsulu necə becərdiyimizlə maraqlanır.
-Zəfəranın çiçəyində nə qədər tel olur?
-Bəzən zəfəranın 100 çiçəyində bir tel olur.
-Zəfəranla bağlı hər hansı inanclar varmı?
-Mən elə inanclara çox da əhəmiyyət vermirəm. Məsələn, deyirlər, zəfəranın soğanağını başqasına versən, daha sənin ərazində bitməyəcək. Fikrimcə, düz deyil, çünki mən onun soğanaq da satmışam, pay da vermişəm. Yenə becəririk. Bəzi bitkilər var, öz toxumlarını kənara atır. Zəfəran haqqında da bunu deyirlər, amma deyilən kimi deyil. Zəfəran sadəcə soğanaqlarla yetişir.
-Başqa rayonların alıcıları ilə maraqlanırsınızmı?
-Gəncə, Zaqatala, Qax bazarları ilə maraqlanmışam. İnsanların zəfəran haqqında məlumatları çox azdır. Zəfəranın aşağı keyfiyyətli növü var, daha çox onu tanıyırlar.
-Bu sahəni genişləndirmək üçün dövlətə müraciət etmisizmi?
-Düzü, müraciət etməmişəm. Bazar olsa, mən dövlətdən dəstək almasam belə bu sahəni genişləndirə bilərəm.
İlhamə ƏBÜLFƏT