Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Sankt-Peterburqda Vladimir Putinlə görüşündən sonra iki ölkənin ABŞ dollarından imtina edəcəyi xəbərləri gündəmə gəlib.
Rusiya və Türkiyənin qarşılqılı hesablaşmalarda dollardan imtinası realdırmı?
İqtisadçı Qalib Toğrul Teleqraf.com-a açıqlamasında bildirib ki, beynəlxalq hesablaşmalarda və milli valyutanın kursunun müəyyən edilməsində dollardan imtina Putinin və Ərdoğanın yaşından əvvəlin söhbətidir:
"Axtarsan, məsələnin kökü Stalin dönəminə gedib çıxacaq. O zaman Stalin rublun 1937-ci ildə dollara bağlanan kursunu 1950-ci ildə qızıl əsaslı edib (rubl= 0,222168 qram təmiz qızıl). Hətta beynəlxalq hesablaşmalarda dollardan imtina edərək, rublu seçənlərin birliyini də yaradıb. Bu birliyə o zamankı sosialist ölkələri qoşulublar, İran, Çin, Şimali Koreya, Əfqanistan, Uruqvay, Vyetnam kimi ölkələr “dollarsız bazar” ideyasını dəstəkləyiblər.
Ancaq Stalinin ölümündən sonra bu ideya əhəmiyyətini itirib və yaddan çıxıb. Zamana-zaman ərəb ölkələrinin, Çinin, Yaponiyanın, Braziliyanın, Uruqvayın və digər ölkələrinin rəhbərləri bu təşəbbüslə çıxış ediblər. Ancaq bu ideya elə təşəbbüs olaraq da qalıb. Uzaqbaşı milli valyutanın kursuna, neftin qiymətinə müvəqqəti psixoloji təsir göstərib, vəssalam".
Qalib Toğrul XXI əsrin əvvəllərindən “dollarsız dünya” məsələsinin yenidən gündəmə gəldiyini xatırladıb: "2008-ci ildə başlanan qlobal böhrandan sonra bu mövzu daha da aktullaşıb. Bu ideyanın ən alovlu davamçısı Liviya prezidenti Qəddafi olub. O, bütün Afrika ölkələrini vahid bazarda birləşdirib hesablaşmalarda qızıl dinardan istifadə etməyi təklif edirdi. O vaxt açıq şəkildə Cənubi Afrika Respublikası bu ideyanın əleyhinə olmuşdu və təbii ki, üzdə bir söz deyib, arxada başqa cür hərəkət edən ərəb ölkələri də vardı.
Sonralar ayrı-ayrı vaxtlarda Rusiya Çinlə birgə bu məsələni müzakirə etsə də, vahid rəyə gələ bilməmişdilər. Putin tez-tez bu məsələni ortaya atır, müzakirələr gedir, fikirlər səsləndirilir və tez də hər şey yaddan çıxır".
Bəs dollardan imtina niyə mümüknü deyil?
Qalib Toğrulun fikrincə, əvvəla, hazırda dünya ölkələrinin borc öhdəliklərinin 80%-dən yuxarısı dollardadır. Bura korporativ borcları da gəlsək böyük bir rəqəm alınar: "İkincisi, demək olar ki, bütün ölkələrin (o cümlədən, Rusiyanın və Türkiyənin) strateji qızıl-valyuta ehtiyatlarının böyük hissəsi dollarla saxlanılır. Hazırda (15 iyul 2016-cı il tarixinə) Türkiyənin dollarda olan valyuta ehtiyatı 103 milyard 111 milyon dollardır. Rusiyanın qızıl valyuta ehtiyatı 393,3 milyard dollar dəyərində qiymətləndirlir ki, onun da tən yarısı dollarda saxlanılır.
Bu şəraitdə Ərdoğan və Putun həmin ehtiyatları rubla və ya lirəyə çevirməyə razılaşarlarmı?
Üçüncüsü, mümkün olmasa belə, fərz edək ki, Rusiya ilə Türkiyə dollardan imtina edib qarşılıqlı hesablaşmalarda rubla və lirəyə keçdilər. Rusiyanın məhsulu Türkiyə rublla aldı, Türkiyənin məhsulunu Rusiya lirəylə. Hər şeydən əvvəl rublun lirəyə olan məzənnəsi dollar vasitəsilə (çarpaz kurs) müəyyən olunmalıdır.
Bunu da görməzdən gələk. Türkiyə satdı, Rusiya aldı və ya əksinə. Əldə qalan artıq lirəni və ya rublu neynəyəcəklər? Rubl və ya lirə dollar deyil, dünya da bu iki ölkədən ibarət deyil, o zaman üçüncü ölkəylə ticarətdə mütləq dollar lazım olacaq. Türkiyə və Rusiya məcburdu ki, əlindəki artıq pulu dollara çevirsin. O zaman dollarla müqayisədə kifayət qədər dayanıqsız valyutalar olan rubl və lirə ilə ticarət aparıb, risk eləməyə dəyərmi?
Əgər növbəti aylarda eşitsəniz ki, Rusiya və Türkiyənin dollarda olan ehtiyatları artıb, qəti təəccüblənməyin, bilin ki, Ərdoğanla Putin bir-birindən ayrılan kimi başqa valyutalarda olan dövlət ehiyatlarını dollara çevirmək haqqında göstəriş veriblər".
İlhamə ƏBÜLFƏT